Akademik Rasim Əliquliyev: “XXI əsrin ən mühüm çağırışlarından olan “Əşyaların İnterneti” yeni elmi istiqamətdir”

Sentyabrın 23-də ADA Universitetində “Əşyaların İnterneti”nə (Internet of Things – IoT) həsr olunan seminar keçirilib. Tədbirdə AMEA-nın institut və təşkilatlarından olan nümayəndələr, informasiya texnologiyaları sahəsi üzrə aparıcı alim və mütəxəssislər, o cümlədən universitetin tələbələri iştirak ediblər.

Seminarı giriş sözü ilə açan ADA Universitetinin rektoru, professor Hafiz Paşayev öncə yeni tədris ilinin başlanması münasibətilə müəllim və tələbələri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Alim Azərbaycan elmi ictimaiyyətinin xarici alimlərin mühazirələri ilə tanış olması və beynəlxalq aləmə inteqrasiyası baxımından bu kimi tədbirlərin müntəzəm olaraq keçirilməsinin zəruriliyini vurğulayıb.

ABŞ-ın Merilend Universitetinin alimi, akademik Roald Saqdeev çıxış edərək “Əşyaların İnterneti” dövrünün siyasətçilər və texnoloqlar tərəfindən 4-cü sənaye inqilabı adlandırıldığını diqqətə çatdırıb. 1, 2, 3 və 4-cü sənaye inqilablarının xüsusiyyətlərindən söz açan məruzəçi onların şərti xarakter daşımasına baxmayaraq artıq geniş ictimaiyyət tərəfindən qəbul olunduğunu bildirib.

Sonra ABŞ-ın Kaliforniya ştatında yerləşən və dünyanın İT mərkəzi hesab edilən Silikon Vadisindən dəvət olunmuş professor Daniel Usikov “Əşyaların İnterneti” mövzusunda məruzəsini təqdim edib. Bildirib ki, “Əşyaların İnterneti” bütün elektron qurğuların vahid sistemə qoşulmasıdır ki, bu da daha geniş mənada informasiya cəmiyyəti infrastrukturu adlandırılır.

Sonra D.Usikov sürücüsüz avtomobillər, fitnes-trekerlər, ağıllı saatlar, dronların vasitəsilə çatdırılma xidməti və s. ilə bağlı videoçarx nümayiş etdirib. “Əşyaların İnterneti”nin istifadə olunduğu sferalar, müsbət və mənfi tərəfləri, müvafiq sahə ilə məşğul olan aparıcı şirkətlər, mövcud qanunvericilik bazası və normativ tələblər barədə ətraflı məlumat verib. Alim çıxışının sonunda “Əşyaların İnterneti” bizi qələbəyə aparacaq!” şüarını səsləndirib.

AR Milli Məclisinin deputatı Tahir Mirkişili öz çıxışında konfransın əhəmiyyətini önə çəkərək 4-cü sənaye inqilabının verdiyi imkanlar və yaratdığı problemlərdən söz açıb. Həmçinin, sənaye inqilabının Azərbaycanda informasiya texnologiyalarının inkişafı, ölkənin sosial-iqtisadi həyatı və digər sahələrə təsirindən danışıb.

Sonra çıxış edən AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev XXI əsrin ən mühüm çağırışlarından olan “Əşyaların İnterneti”nin yeni elmi istiqamət olduğunu bildirib. Alim rəhbərlik etdiyi elmi müəssisədə 2000-ci illərin əvvəllərindən başlayaraq müvafiq sahə üzrə prioritet elmi istiqamətlərdə araşdırmaların aparıldığını, dissertasiyaların müdafiə olunduğunu, müxtəlif kitabların, monoqrafiyaların, elmi məqalələrin çap olunduğunu diqqətə çatdırıb. Bildirib ki, AMEA-da artıq xeyli müddətdir ki, seysmoloji, ekoloji, radioloji, meteoroloji, astronomik, tibbi tədqiqatların və monitorinqlərin aparılmasında “Əşyaların İnterneti”ndən istifadə olunur.

R.Əliquliyevin sözlərinə görə, “Əşyaların İnterneti” təkcə sənaye sektorunda deyil, cəmiyyətin bütün fəaliyyət sferalarında, o cümlədən sosial-iqtisadi sahələrdə inqilabi dəyişikliklərə səbəb olur, yeni dəyərlər, münasibətlər formalaşdırır.

“Müasir dövrdə “Əşyaların İnterneti” dünya elminə geniş imkanlar açmaqla yanaşı, müxtəlif istiqamətlərdə bir sıra problemlər də yaradır”, – deyə bildirən akademik bu sahədə əsas problemin virtual məkanın real məkanla inteqrasiyası olduğunu qeyd edib. R.Əliquliyev “Əşyaların İnterneti”nin texnoloji, hüquqi, sosial-iqtisadi, ekoloji və s. kimi müxtəlif aspektlərinin müzakirəsi, eləcə də bu məsələlərə diqqətin cəlb edilməsi baxımından seminarın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Sonda mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.