AMEA Geologiya və Geofizika İnstitutu ilə “AzerGold” QSC arasında əməkdaşlıq perspektivləri müzakirə olundu

57da91103cf84Sentyabrın 15-də AMEA-nın Geologiya və Geofizika İnstitutunda “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirildi.

Qonaqları salamlayan AMEA-nın prezidenti, Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadə bu görüşün hər iki qurumun fəaliyyəti üçün səmərəli olacağına əminliyini ifadə etdi. Bildirdi ki, Geologiya və Geofizika İnstitutunda neft sənayesi, filiz və əlvan metallar geologiyası sahəsində Azərbaycan alimləri mühüm nailiyyətlərə imza atıblar. A.Əlizadə bu gün geologiya elminin müasir tələblərə uyğun şəkildə inkişafı üçün texnoloji istiqamətlərdə araşdırmalar aparılmasının vacibliyini vurğuladı.

AMEA-da magistratura təhsili ilə bağlı məlumat verən akademik burada təhsil alan tələbələrin elmlə məşğul olmaları üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırdı. Bildirdi ki, hazırda AMEA-da yeni elmi istiqamətlər araşdırılır, gənc kadrların elmə cəlb edilməsi üçün mühüm tədbirlər həyata keçirilir.

A.Əlizadə vurğuladı ki, “AzerGold” şirkətinin Geologiya və Geofizika İnstitutunun elmi nəticələrindən istifadəsini təmin etmək məqsədilə institutda İşçi qrup yaradılmalı və qrup üzvləri  şirkət əməkdaşları ilə sıx əlaqədə olmalıdırlar.

Sonra çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov təmsil etdiyi şirkət barədə məlumat verdi. Bildirdi ki, ölkədə əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi qurumun əsas fəaliyyət istiqamətlərindəndir. Bu sahədə ölkədə uzun illər ərzində aparılan araşdırmaların nəticələrini və bu nəticələrin yeni texnologiyalar vasitəsilə tətbiqini öyrənmək də “AzerGold”un hədəflərindəndir.

Z.İbrahimovun sözlərinə görə, təmsil etdiyi qurumun AMEA ilə əməkdaşlıqda əsas məqsədi Geologiya və Geofizika İnstitutunun malik olduğu elmi məlumatlardan, institutun təcrübəsindən və maddi-texniki bazasından yararlanmaqdır. Qeyd etdi ki, əməkdaşlıq çərçivəsində hələ işlənməmiş yataqlar üçün texniki-iqtisadi əsaslandırmalar hazırlanmalı, bu yataqlara beynəlxalq mütəxəssislərlə yanaşı, yerli mütəxəssislər də cəlb olunmalıdır.

Görüşdə, həmçinin iki qurum arasında təcrübə və kadr mübadiləsinin aparılması, birgə layihələrdə iştirak, konfrans və simpoziumların təşkili istiqamətində fikir mübadiləsi aparıldı, bir sıra təkliflər səsləndirildi.

Sonda Geologiya və Geofizika İnstitutu ilə “AzerGold” QSC arasında əməkdaşlığa dair memorandumun imzalanması qərara alındı.

(Visited 2 times, 1 visits today)