AMEA-nın İctimai Elmlər Bölməsinin yarımillik hesabatı dinlənilib

ameaaaSentyabrın 16-da AMEA Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin (İEB) növbəti büro iclası keçirildi.

Bölmənin büro üzvlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan İEB-in akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nərgiz Axundova gündəlikdəki məsələlər barədə məlumat verdi.

Əvvəlcə İEB-in elmi tədqiqat müəssisələrinin yarımillik hesabatları müzakirə olundu. Bölmənin fəaliyyəti haqqında ümumi məlumat verən AMEA-nın müxbir üzvü Nərgiz Axundova bildirdi ki, yarımillik hesabat dövründə İEB-in elmi müəssisələrində apa­rı­lan elmi tədqiqat işləri Azərbaycan dövlətinin müstəqilliyinə, sosial-iqtisadi və mədəni-mənəvi, intellektual inkişafına, ictimai-siyasi sabitliyinə, milli təhlü­kə­siz­liyinin qorunmasına, ölkənin beynəlxalq aləmə fəal inteqrasiyasına və bu pro­ses­də maddi-mənəvi dəyərlərinin qorunmasına istiqamətlənmişdir.

İctimai Elmlər Bölməsi AMEA-nın sayca ən bö­yük struktur böl­­məsidir. Hazırda onun  nəz­din­də 9 elmi-tədqiqat müəss­i­səsi, 1 muzey fəa­liy­­yət gös­tə­rir. Böl­mə Res­publika Elmi Tədqiqatların Təşkili və Əla­qə­lən­di­ril­məsi Şu­ra­sının 3 prob­lem şu­rasına kuratorluq edir.

Diqqətə çatdırıldı ki, 2016-cı ilin birinci yarısında A.A.Bakıxanov adına Tarix, Z.Bünyadov adına Şərqşünaslıq, Fəlsəfə institutlarının və Milli Azərbaycan Tarixi Muzeyinin nəzdində struktur dəyişiklikləri aparıl­mış, yeni şöbələr yaradılmışdır. İki yeni yaranmış Elm Tarix və Qafqazşünaslıq institutlarının isə strukturları təsdiq olunmuşdur.

Yarımillik hesabat dövründə bölmənin Humanitar Elmlər Bölməsi ilə birgə 3 ümumi iclası keçirilmişdir. Böl­mə iclaslarında dövlət əhəmiyyətli sənədlərin, gün­dəm­də olan ən aktual problemlərin müzakirəsinə geniş yer verilmişdir.

2016-cı ildə bölmə əməkdaşlarının 43 kitab, (8-i xaricdə ), 573 məqaləsi (160-ı xaricdə) nəşr edilmişdir. İmpakt  faktorlu dərgilərdə əməkdaşların 10 məqaləsi çap edilmişdir.

Sonra iclasda Azərbaycan Respublikası Prezidentinin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” 30 avqust 2016-cı il tarixli Sərəncamının icrası ilə əlaqədar AMEA-nın təklifləri səsləndirildi. Bildirildi ki, 2017-ci ildə Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi tamam olur. Azərbaycan xalqının tarixi və mədəniyyətində dərin iz qoymuş bu hadisənin UNESCO-nun “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi təqdirə layiqdir.

Tədbirdə AMEA-nın müxbir üzvü Fəridə Məmmədovanın anadan olmasının 80 illik yubileyi, İEB-in elmi-tədqiqat müəssisələrində İctimaiyyətlə əlaqələr şöbəsinin yaradılmasına dair Rəyasət Heyətinin 29 iyun 2016-cı il tarixli qərarının icra vəziyyəti, Elm Tarixi İnstitutunun nəzdində Elm Tarixi Muzeyinin yaradılmasına dair Rəyasət Heyətinin 29 iyun 2016-cı il tarixli qərarının icrası məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

İclasda, həmçinin A.A.Bakıxanov adına Tarix İnstitutunda İctimaiyyətlə əlaqələr, İqtisadiyyat İnstitutunda Təhsil və İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri şöbələrinin yaradılması, Qafqazşünaslıq və Elm Tarixi institutlarının yeni elmi şuralarının təsdiq edilməsi, Milli Azərbaycan Tarixi Muzeyinin Fond Satınalma Komissiyasının tərkibində dəyişiklik edilməsi məsələləri də müzakirə olundu.

Sonda bir sıra kadr məsələlərinə baxıldı.

(Visited 1 times, 1 visits today)