Azərbaycan alimləri Gürcüstanda keçirilən beynəlxalq konfransda çıxış ediblər

AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev və həmin institutun Nanoelektrokimya və elektrokataliz laboratoriyasının müdiri, k.ü.e.d. Akif Əliyev 21-23 sentyabr 2016-cı il tarixlərində Gürcüstanda keçirilən beynəlxalq konfransda iştirak ediblər.

Səfərdə məqsəd Gürcüstanın R.Aqladze adına Qeyri-üzvi Kimya və Elektrokimya İnstitutunun 60 illik yubileyinə həsr olunan “Müasir tədqiqatlar və onların kimya, kimya mühəndisliyi və digər sahələrdə istifadəsinin perspektivləri” adlı beynəlxalq konfransın  Elmi Təşkilat  Komitəsinin  üzvü və məruzələrin  müəllifləri kimi iştirak etmək olub.

Konfransın açılış mərasimində çıxış edən akademik Dilqəm Tağıyev hər iki ölkənin institutları arasındakı elmi əlaqələrdən danışıb, perspektiv istiqamətlər üzrə elmi əlaqələrin inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparıb.

Tədbirdə müasir kimyanın aktual problemləri, eləcə də elektrokimya və kataliz sahəsində aparılan tədqiqatlar müzakirə olunub.

Konfrans çərçivəsində Gürcüstan Milli Elmlər Akademiyasının prezidenti, akademik Georgi Kvesitadze, akademik Dilqəm Tağıyev və R.Aqladze adına Qeyri-üzvi Kimya və Elektrokimya İnstitutunun direktoru Georgi Tatişvili elmi əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

(Visited 1 times, 1 visits today)