Biz tariximizlə, mədəniyyətimizlə fəxr edirik – İlham Əliyev

“V Bakı Beynəlxalq Humanitar Forumunda 80-ə yaxın ölkədən 400 nəfər iştirak edir. Forum beynəlxalq aləmdə böyük hörmət qazanıb”.

Bunu bu gün V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan beynəlxalq humanitar əməkdaşlığa hər zaman böyük önəm verir:

“Humanitar əməkdaşlıq ölkələr arasında əlaqələrdə böyük rol oynayır. Azərbaycanda 2 ildən bir Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bir neçə il əvvəl Bakıda dünya dinlərinin liderlərinin görüşü və digər beynəlxalq tədbirlər keçirilib. Azərbaycan həm də mötəbər idman yarışlarına əməkdaşlıq edir. Bu il Bakıda Formula – 1 və Şahmat Olimpiadası, ötən il isə ilk Avropa Oyunları keçirilib. İlk Avropa Oyunları müsəlman ölkəsi Azərbaycanda baş tutub. Bu, dinlərarası dialoqa töhfə sayıla bilər. Gələn il isə Bakıda İslam Həmrəylik Oyunları keçiriləcək. Azərbaycan bu yolla gedir ”.

Prezident İlham Əliyev deyib ki, bu tədbirlər həm Azərbaycana, həm də dünyaya lazımdır: “Azərbaycan çoxdinli, çoxkonfessiyalı ölkədir. Bu gün dünyanın müxtəlif nöqtələrində qan tökülür. Beynəlxalq humanitar əməkdaşlıq bunun qarşısının alınmasında mühüm rol oynaya bilər”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan bundan sonra mədəniyyətlər və dinlərarası dialoqa öz töhfəsini verməyə çalışacaq: “Azərbaycan bütün dövrlərdə multikulturalizm, sülh məkanı olub. Bu gün də multikulturalizmə öz töhfəmizi veririk. Azərbaycan dövləti məscidlər, kilsələr, sinaqoqlar tikir. Azərbaycanda bütün dini bayramlar birlikdə qeyd edilir. Biz tariximizlə, mədəniyyətimizlə fəxr edirik. Multikulturalizm bu gün də Azərbaycanda dövlət siyasətidir. Bu siyasət ölkə daxilində böyük rəğbət qazanır. Dövlət siyasəti o zaman uğur qazanır ki, cəmiyyət buna dəstək verir. Təsadüfi deyil ki, bu gün Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Dövlət Bayrağı Meydanı yaxınlığında multikulturalizmə abidə ucaldılıb”.

Dövlət başçısı bildirib ki, bu gün dünyanın bir neçə yerində multikulturalizmlə bağlı bədbin fikirlər səslənir: “Bəziləri multikulturalizmə yol verilməsini düzgün saymır, bəziləri bu ideyanı iflasa uğramış hesab edir. Lakin multikulturalizmin alternativi ksenofobiya, irqçilikdir, bunlar isə çox təhlükəli meyllərdir. Tarixdə bu meyllərin güclənməsinin hansı faciələrə yol açdığını görmüşük. Ona görə də dünya multikulturalizmlə bağlı vahid mövqe nümayiş etdirməlidir. Multikulturalizmin dünyada bir neçə məkanı var, onlardan biri də məhz Azərbaycandır. Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul edib. Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqə yaradılmasını məqsədəuyğun hesab edirik. Bir neçə il əvvəl Avropa Şurasına üzv ölkələrinin mədəniyyət nazirlərinin toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət etdik. Buna “Bakı Prosesi” adını verdik. Buna dünyada böyük hörmət və diqqətlə yanaşdılar”.

“Dünyada təhlükəli proseslər baş verir. Bəzi ölkələr tamamilə dağıdılıb, on milyonlarla insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb”-deyən İlham Əliyev bildirib ki ki, miqrantların üz tutduğu Avropada onlara qarşı alçaldıcı hərəkətlərə yol verilir: “Avropada seçkilərə nəzər salsaq, görərik ki, radikal qüvvələr daha çox dəstək alır. Bu da Avropada radikallaşmaya yol açır. Bu, çox təhlükəli tendensiyadır. Biz sivilizasiyalararası dialoqdan danışır, ancaq sivilizasiyaların toqquşmasının ilk tendensiyalarını görürük. Bizi narahat edən məsələlər barədə açıq danışmalıyıq. İslamofobiya təhlükəlidir.

Bəzi siyasətçilər, media orqanları islamı terrorla eyniləşdirirlər. Halbuki terrordan ən çox əziyyət çəkən islam ölkələridir. Bəzi Avropa ölkələri deyirlər ki, miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlmanları yox. Bu nədir? Avropada faşizm baş qaldırır? Radikal qüvvələrin daha çox dəstək qazanması narahatlıq doğurur. Biz bu məsələləri açıq şəkildə müzakirə etməliyik”.(APA)

***

Bu gün Heydər Əliyev Mərkəzində V Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb.

Akademik.az-ın məlumatına görə, iki gün davam edəcək Forumun rəsmi açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak edir.

Mərasimdə prezident İlham Əliyev çıxış edəcək, Rusiya prezidenti Vladimir Putinin və BMT rəhbərliyinin Forum iştirakçılarına müraciəti oxunacaq.

Açılış mərasimində Rusiya Hökuməti sədrinin müavini Olqa Qolodets, ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, UNESCO baş direktorunun müavini Qetaçyu Enqidanın da çıxışı gözlənilir.

Bu gün Forumun plenar iclası keçiriləcək. Plenar iclasda siyasi və dini liderlər, Nobel mükafatı laureatları, Dəyirmi masa rəhbərləri çıxış edəcəklər. Sentyabrın 30-da Forum çərçivəsində “Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru”; “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi”, “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadrlar hazırlığı məsələləri: innovativ və etik problemlər”, “Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları” mövzularında dəyirmi masalar keçiriləcək.

Bakı Beynəlxalq Humanitar Forumu – bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qaliblərini və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir.

Qeyd edək ki, 2010-cu ildən keçirilən Forumun təşəbbüsçüləri Azərbaycan prezidenti İlham Əliyev və Rusiyanın sabiq prezidenti, hazırda bu ölkənin baş naziri olan Dmitri Medvedev olublar.

(Visited 1 times, 1 visits today)