İKT-dən istifadə imkanları genişlənir

14730855486332015535_554x360“Elektron hökumət”in formalaşdırılması məmur-vətəndaş münasibətlərinin İKT vasitələrindən istifadə etməklə sadələşdirilməsi və bürokratik əngəllərin qarşısının alınmasına xidmət edir

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi növbəti qrant müsabiqəsinə layihələrin qəbulu başa çatıb. Müsabiqə çərçivəsində fonda 121 layihə təqdim edilib. Layihələr fondun rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə elektron qaydada təqdim olunub. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda ölkəmizdə İKT-nin inkişafı ilə bağlı məqamlara toxunacağıq.

İKT sahəsində layihələr dəstəklənir
Öncə onu qeyd edək ki, qeyd edilən müsabiqəyə layihələrin qəbulu aşağıdakı prioritet istiqamətlər üzrə aparılıb: e-xidmətlər üzrə texnologiya və həllərin inkişafı və kommersiyalaşdırılması; innovativ İKT məhsulları nümunələrinin hazırlanması; innovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması istiqamətləri üzrə layihələrin qəbulu. Layihələr 2 mərhələdə qiymətləndirilir. Birinci mərhələdə 15 iş günü müddətində müsabiqəyə təqdim olunan layihələrin ilkin ekspertizası aparılır. İkinci mərhələdə isə ilkin ekspertiza mərhələsindən keçmiş layihələr 20 iş günü müddətində müstəqil ekspertlər tərəfindən kompleks ekspertizadan keçirilir. Kompleks ekspertizanın nəticəsində müsbət rəy almış layihələr yekun qərarın qəbul edilməsi üçün Fondun Müşahidə Şurasına təqdim edilir. Qeyd edək ki, qrant müsabiqəsi çərçivəsində layihələrin qəbulu iyulun 1-dən sentyabrın 1-dək davam edib. Fondun əsas məqsədi İKT sahəsində dövlət siyasətinin həyata keçirilməsinə yardım etmək, innovativ sahibkarlıq fəaliyyətini dəstəkləmək, intellektual biznes, innovasiya və elmi tədqiqat layihələrini stimullaşdırmaq, müasir infrastrukturun inkişafına təkan vermək, kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək, bu sahəyə yerli və xarici investisiyaları cəlb etməkdən ibarətdir.

MDB ölkələri arasında ilk dəfə Azərbaycanda sabit telefon şəbəkəsi tam elektronlaşdırılıb
Qeyd edək ki, Azərbaycan Respublikasında İKT-nin inkişaf etdirilməsi üçün görülən işlər nəticəsində ölkənin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası, sosial və iqtisadi fəaliyyətin yeni formalarının (e-hökumət, e-ticarət, distant təhsil və s.) təşəkkül tapması, informasiya və bilik bazarının yaradılması, iqtisadiyyatın müxtəlif sahələrində səmərəliliyin artırılması, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Dövlətin xüsusi diqqətində olan bu sahənin ölkə iqtisadiyyatının gələcək inkişafı üçün prioritetlərdən olduğu bəyan edilib və Prezidentin 2013-cü ildə imzaladığı sərəncamla 2013-cü il Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdi. Ötən illər ərzində sahə üzrə inkişafı təmin etmək üçün müvafiq hüquqi baza yaradılıb, bir çox vacib qanunlar və digər normativ hüquqi aktlar qəbul olunub. 2005-ci və 2010-cu illərdə Prezidentin müvafiq sərəncamları ilə təsdiq edilmiş rabitə və informasiya texnologiyalarının inkişafı üzrə dövlət proqramları, həmçinin Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2010-2011-ci illərdə “Elektron hökumət”in formalaşdırılması üzrə Fəaliyyət Proqramı” İKT-nin inkişafı ilə bağlı əməli tədbirlərin həyata keçirilməsini təmin edib. Bu hüquqi aktlar ölkəmizdə İKT-nin inkişafı üçün yeni imkanlar açmaqla yanaşı, sahə üzrə azad bazar və sağlam rəqabət prinsiplərinin gözlənilməsinə, vətəndaşların və dövlət orqanlarının İKT-dən geniş istifadə etməsinə şərait yaradıb. MDB ölkələri arasında ilk dəfə Azərbaycan Respublikasında sabit telefon şəbəkəsi tam elektronlaşdırılıb və ölkənin bütün yaşayış məntəqələri telefonlaşdırılıb. Respublikanın bütün rayon mərkəzləri magistral fiber-optik telekommunikasiya şəbəkəsinə qoşulub. Mobil şəbəkə genişləndirilib. Respublikada mövcud olan üç mobil operator tərəfindən müasir 3G xidmətləri göstərilir. 2012-ci ildən ölkəmizdə 4G texnologiyasının da tətbiqinə başlanılıb. Azərbaycan əhalisinin 70 faizindən çoxu internet istifadəçisidir. 2013-cü il fevralın 8-də Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki “Azerspace-1” orbitə çıxarılıb ki, bu da ölkəmizin müstəqillik dövründə əldə etdiyi ən yüksək texniki nailiyyətlərdəndir. Avropa, Yaxın Şərq, Orta Asiya və Afrika ölkələrinə telekommunikasiya, internet, televiziya-radio yayımı xidmətləri göstərməyə imkan verən peykin kommersiya istismarına davam edir və proses yaradılmış infrastruktur vasitəsilə azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur.

Dövlət orqanları tərəfindən müxtəlif elektron xidmətlər göstərilir
Azərbaycanda kompüter və elektron avadanlıqlarının, proqram məhsullarının istehsalı ildən-ilə artır. Son illər ərzində ölkənin informasiya texnologiyaları sektoru təqribən 2 dəfə genişlənib və orta illik artım tempi 17% təşkil edib. Ölkədə “elektron hökumət”in formalaşdırılmasına ciddi diqqət yetirilir və məmur-vətəndaş münasibətlərinin İT vasitələrindən istifadə etməklə sadələşdirilməsi, şəffaflaşdırılması bürokratik əngəllərin qarşısının alınmasına xidmət edir. Ölkədə ”elektron hökumət”in zəruri infrastrukturları yaradılıb. “Elektron hökumət” portalı artıq fəaliyyət göstərir, dövlət orqanlarının informasiya sistemləri arasında xüsusi infrastruktur vasitəsilə informasiya mübadiləsi aparılır, elektron imzanın istifadəsi üçün infrastruktur və sertifikat xidmətləri mərkəzləri yaradılıb. Nəticədə e-imzanın tətbiqi genişlənir, dövlət orqanları tərəfindən müxtəlif elektron xidmətlər göstərilir. Hazırda “Elektron hökumət” portalına qoşulmuş dövlət qurumlarının elektron xidmətləri “bir pəncərə” prinsipi əsasında əhaliyə təqdim edilir.

“ASAN xidmət” yenilikdir, şəffaflıqdır, mədəniyyətdir
Qeyd edilənlərlə yanaşı, vətəndaşlara xidmətlərin daha keyfiyyətli, rahat, vahid məkandan və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində “ASAN xidmət” mərkəzləri yaradılıb ki, bu da qısa müddətdə özünü müsbət təcrübə kimi doğruldub. Bir neçə gün əvvəl Masallıya səfəri çərçivəsində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN həyat” kompleksinin açılışında iştirak edən dövlət başçısı qeyd edib ki, “ASAN xidmət” Azərbaycan məhsuludur, Azərbaycan ixtirasıdır: “Biz fəxr edirik ki, dünya miqyasında analoqu olmayan intellektual məhsul artıq Azərbaycanın müəllifliyi ilə dünyaya təqdim olunur. Artıq bəzi ölkələr bizim təcrübəmizi öyrənməyə çalışırlar, müxtəlif formatda əməkdaşlıq aparılır. Bu onu göstərir ki, doğrudan da bizim təşəbbüsümüz çox böyük və geniş nəticə hasil edib və bunun çox gözəl ictimai rezonansı da var. İnsanlar da bu xidməti çox bəyənirlər. Bəyənmə əmsalı 98 faizdir. Bu illər ərzində 3 milyon 500 min insan mərkəzlərə müraciət etmişdir. Müraciətlərin ümumi sayı isə 11 milyon 300 mindir. Artıq 11-ci mərkəz fəaliyyətə başlayır. Bu gün burada göstərilən təqdimatlarda növbəti mərkəzlərin inşası nəzərdə tutulur, gələn il biz digər bölgələrdə 4 mərkəzin tikintisinə start verəcəyik. Beləliklə, bizim məqsədimiz təmin edilir. Məqsədimiz də ondan ibarətdir ki, bütün bölgələrdə, hər bir yerdə insanlar ictimai xidmətlər sahəsində müasir xidmətlə təmin olunsunlar. “ASAN xidmət” yenilikdir, şəffaflıqdır, mədəniyyətdir. Əslində, cəmiyyətdə “ASAN xidmət”in mövcudluğu yeni bir davranış qaydalarını ortaya qoyur. Çünki hamımız yaxşı bilirik ki, əvvəlki illərdə hansısa bir arayışı, sənədi almaq üçün insanlar, bəlkə də, həftələrlə əziyyət çəkirdilər. İndi isə rahat, mədəni, şəffaf şəkildə, heç bir qanunsuz tələb irəli sürülmədən vətəndaşlar gəlirlər, burada onlara gözəl xidmət göstərilir və onlar bu xidmətdən məmnun qalırlar”.
A.Miriyev