Koreyanın Seul Milli Universitetinin alimləri AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda olublar

8 iyul  2016-ci il tarixdə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu və Koreya Respublikası Seul Milli Universiteti arasında torpaqşünaslıq, ekologiya, aqrokimya və torpaq meliorasiyası elmlərinin qarşılıqlı maraq doğuran sahələrində birgə elmi tədqiqat işlərinin aparılmasına dair müqavilə imzalanıb. Həmin müqaviləyə uyğun olaraq müvafiq elmi tədqiqat proqramlarının hazırlanması, şorlaşmış torpaqların məsafədən tədqiqi, şorlaşma dərəcəsinə görə  torpaq xəritəsinin hazırlanması məqsədilə Seul Milli Universitetinin professoru Hee-Myong Ro və doktor Junho Han  sentyabrın 21-də AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda keçirilən seminarda iştirak ediblər.

Tədbirdə “Azərkosmos” ASC-nin və Aerogeodeziya müəssisəsinin nümayəndələri də iştirak ediblər.

Seminarı giriş sözü ilə açan  akademik Qərib Məmmədov iki ölkə arasında torpaqşünaslıq sahəsində əməkdaşlığın əhəmiyyətindən danışıb, bu əlaqələrin qurulmasında AMEA rəhbərliyinə və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasına təşəkkürünü bildirib.

Daha sonra koreyalı alimlər “Koreya və Azərbaycan arasında torpaqların duzlardan təmizlənməsi sahəsində ikitərəfli əməkdaşlıq” adlı məruzə ilə çıxış ediblər. Professor Hee-Myong Ro bildirib ki, torpaqlarda şorlaşma prosesinin  qarşısını almaq məqsədi ilə birgə elmi-texniki tədqiqat işlərinin aparılması aktualdır və böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, torpaqların bərpa olunması uzun müddətli prosesdir və bu müddət ərzində biz Azərbaycan torpaqlarını daha yaxşı tanıyacağıq.

Məruzə ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

Qonaqlar, həmçinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun  maddi-texniki bazası və burada fəaliyyət göstərən alimlərin elmi fəaliyyətləri ilə yaxından tanış olublar.

Koreyalı alimlərin Kürdəmir, Ucar və Xızı rayonlarına səfərləri, Bakı Dövlət Universitetinin Torpaqşünaslıq kafedrasında alim və mütəxəssislərlə görüşlərinin keçirilməsi də nəzərdə tutulur.

(Visited 1 times, 1 visits today)