Lütfi ZADƏ: “Azərbaycan Konstitusiyasına yazılacaq sətirlər ölkənin uğurlu inkişafına yeni yollar açacaq”

Dünya şöhrətli alim Lütfi Zadə ilə tanışlığımın qəribə tarixçəsi var. On yeddi il əvvəl -1999-cu ildə Almaniyanın Zigen Universitetində Soft Compüting üzrə beynəlxalq konfrans keçirilirdi. Həmin konfransda ingilis dilində məruzə ilə çıxış edirdim. Axıra yaxın gördüm ki, iştirakçılardan biri oturacağa söykənərək gözlərini yumub. Məruzəni bitirəndən sonra zaldan mənə müxtəlif suallar verdilər. Mövzuya uyğun və daha maraqlı, dolğun sualları isə yatmış hesab etdiyim həmin kişi verdi.
Sən demə, o, məni diqqətlə dinləyir, fikrində nəyi isə götür-qoy edirmiş. Fasilə zamanı özü mənə yaxınlaşdı. Lütfi Zadə olduğunu biləndə sevincimdən bilmədim neyləyim…
Elə ilk tanışlıqda xeyli söhbət etdik. Mənə çox dəyərli, qiymətli, xeyirli məsləhətlər verdi, yol göstərdi. Onunla əlaqə saxlamağımı xahiş etdi. O vaxtdan da əməkdaşlığımız davam edir. Professor L.Zadənin dəvəti ilə 2007-ci ildə Amerikanın Fulbright proqramını da qazanaraq ABŞ-ın Kaliforniya Ştatının Berkli Universitetinin Kompüter elmləri fakültəsində 10 ay onun rəhbərliyi ilə elmi-tədqiqat işi apardım.
Artıq 2008-ci ildən başlayaraq hər il professor Lütfi Zadənin dəvəti ilə ABŞ-ın Kaliforniya ştatındakı Berkli Universitetinin Kompüter elmləri fakültəsində elmi-tədqiqat işlərini davam etdirirəm. Birgə elmi-tədqiqat işləri ilə əlaqədar Kaliforniya Berkli Universitetinə bir ildə bəzən 2-3 dəfə gedirəm. Builki ikinci səfərim iyulun 14-dən sentyabrın 12-dək çəkdi. Bakıya yola düşməzdən əvvəl professora baş çəkdim.
Söhbətimiz uzun alındı. Sözə də birinci o, başladı. Dedi ki, mən Azərbaycanda gedən quruculuq prosesini çox diqqətlə izləyirəm. Azərbaycan indi referenduma hazırlaşır. Yəqin ki, bu, zərurətdən yaranıb. Konstitusiya dövlət quruluşunun əsasıdır, onun qanunlarını, vətəndaşların hüquq və vəzifələrini özündə əks etdirir. Bilirəm ki, Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərin çoxu ölkə vətəndaşlarının hüquq və azadlıqlarının genişləndirilməsi, mənafelərinin daha səmərəli təmin edilməsi, idarəetmə funksiyalarının təkmilləşdirilməsi ilə bağlıdır. Əminəm ki, Azərbaycan Konstitusiyasına yazılacaq təzə sətirlər ölkənin uğurlu inkişafına yeni yollar açacaq.
Məni ən çox sevindirən odur ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra çox böyük inkişaf yolu keçmişdir. Dünyanın heç bir ölkəsi son 25 ildə belə inkişafa nail olmayıb. Bu uğur Heydər Əliyevin, onun siyasi kursunu məharətlə davam etdirən İlham Əliyevin sayəsində qazanılıb. Mən hazırda ikinci elə bir dövlət xadimi tanımıram ki, İlham Əliyev qədər xarici dil bilsin. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da çox böyük işlər görüb. İnanıram ki, bu insanlar bundan sonra da Azərbaycan üçün çox işlər görəcəklər.
Çox uzağa getməyək. Keçən il Bakıda ilk Avropa Oyunları keçirildi. Özü də olduqca yüksək səviyyədə – Olimpiya səviyyəsində. Halbuki inkişaf etmiş Avropa ölkələrinin heç biri, mən deyərdim ki, buna cürət etmədi. Görəsən, bundan sonra II Avropa Oyunlarını keçirməyi hansı dövlət boynuna götürəcək? Məncə, hazırda Azərbaycanın bir problemi varsa, o da Dağlıq Qarabağla bağlıdır. İnanıram ki, bu problem də öz ədalətli həllini tezliklə tapacaq. Çünki Azərbaycanın indiki iqtisadi və hərbi qüdrəti bunu deməyə əsas verir. Bu yaxınlaradək Azərbaycan ABŞ-da neft-qaz ölkəsi kimi tanınırdı. İndi sabitlik, sülhsevər, multikultural dəyərlər, idman ölkəsi kimi də tanınır. Ona görə də universitet əməkdaşları, xaricdən dəvət olunmuş professorlar, dostlarım, aspirantlarım, tələbələrin və b. arasında Azərbaycandan söz düşəndə fəxrlə deyirəm ki, Azərbaycan mənim vətənimdir. Mən azərbaycanlıyam!
Bakıda axırıncı dəfə 2008-ci ildə olmuşam. Həmin vaxt Baku Tel Beynəlxalq Sərgisində də iştirak etdim. Səfər çərçivəsində Prezident İlham Əliyevlə görüşdüm. Hətta Bakıda oxuduğum 16 saylı məktəbi də ziyarət etdim. Şəhər mənə olduqca xoş təsir bağışladı. İndi yəqin ki, daha da gözəlləşib. Bu yerdə bir tövsiyəm də var. Yüksək binaları ard-arda tikmək düzgün deyil. İsveçdə yüksək binaların tikintisinə qadağa qoyulub. Azərbaycan da bu yolla getsə, yaxşı olar. Söhbət tövsiyədən düşmüşkən, bir məsləhətim də var. Azərbaycanda istedadlı adamlar çoxdur. Xüsusilə qeyri-adi istedadlı gəncləri diqqətdən kənarda qalmağa qoymayın. Onlara müəyyən müddətədək xüsusi qayğı göstərmək lazımdır. Belələri gələcəkdə Azərbaycana daha çox fayda verə bilərlər. Mən elm adamı olduğum üçün dünyaya göz açdığım ölkədə bu sahəyə göstərilən diqqət və qayğını da çox yüksək qiymətləndirirəm. Azərbaycanın hər bir şəhərində, kəndində açılan, tikilən, yenidən qurulan məktəbləri, universitetləri görəndə ürəyim dağa dönür, qəlbən sevinirəm.
Bu yerdə Lütfi Zadənin söhbətinə müdaxilə etdim.
-Sizi Azərbaycanda, doğma vətəndə də çox sevir və elmə verdiyiniz töhfələri yüksək qiymətləndirirlər.
– Bilirəm, bilirəm. 90 illik yubileyimdə cənab Prezident İlham Əliyev məni “Dostluq” ordeni ilə təltif etdi. Bu il 95 illik yubileyimdə isə Nizami Gəncəvi qızıl medalına layiq görüldüm. Mən buna çox sevinirəm. Hər iki mükafat mənə əzizdən də əzizdir. Axı onlar vətənin mükafatlarıdır.
– Sizin Soft Compüting üzrə 6-cı Ümumdünya konfransında çıxışınız olduqca maraqla qarşılandı. Növbəti belə bir konfransın Bakıda keçirilməsini arzu edərdinizmi?
– Mən Bakıda anadan olmuşam və belə konfransların yalnız mənim üzərimdə cəmləndiyini istəməmişəm, ona görə ki, qeyri-səlis məntiq təkcə mənim işim yox, həm də bir çox alimlərin işləridir. 2012-ci ildə Soft Compüting üzrə 2-cı Ümumdünya konfransı Bakıda uğurla keçirilmiş və digər ölkələrlə yanaşı, təkcə Amerikadan 68-ə yaxın alim iştirak etmişdi. Növbəti Soft Compüting üzrə 7-ci Ümumdünya konfransının Bakıda keçirilməsini də cox arzulayıram və bu barədə konfrans iştirakçılarına məlumat verilib. Bu konfransları təşkil etmək asan məsələ deyil, böyük zəhmət tələb edən işdir. Soft Compüting üzrə Ümumdünya konfransının baş katibi kimi sizin gördüyünüz işləri də cox yüksək qiymətləndirirəm. Odur ki, Bakıda elmi tədqiqat işlərinin inkişafı üçün Heydər Əliyev adına Biliklərə Əsaslanan Sistemlər və Tətbiqi Beynəlxalq Elmi-Tədqiqat Mərkəzinin və Beynəlxalq Konfranslar Mərkəzi yaradılmasını təklif edirəm. Bu mərkəz müasir elm və texnologiyalar üzrə təhsil, tədqiqat və istehsal sahəsinə müsbət təsiri artırmaq missiyasını daşıya bilər. Axı bu gün informasiya əsridir və informasiya böyük strukturun bir hissəsidir. Elmə və biliklərə əsaslanmış sistemlər cəmiyyətimizə yeniliklər gətirəcək.
– Elmi nəticələrinizin və ideyalarınızın Azərbaycanda tətbiqini düşünürsünüzmü? Əgər düşünürsünüzsə, bunu hansı sahələrdə görürsünüz?
– Bunu çox istəyirəm. Lakin bundan ötrü müəyyən vaxt lazımdır. Qeyd etdiyim kimi, Azərbaycanda çox savadlı cavan insanlar var və orada qeyri-səlis məntiqdə artıq bir neçə işlər görülmüşdür. Heydər Əliyev adına Biliklərə Əsaslanan Sistemlər və Tətbiqi Beynəlxalq Elmi-Tədqiqat Mərkəzinin və Beynəlxalq Konfranslar Mərkəzinin yaradılması bu işlərə təkan olacaq. Çünki Azərbaycan intellektual işlər üçün çox gözəl coğrafi yerdədir. Azərbaycan böyük ölkə olmasa da, onun elmlə təhsillə bağlı işlər üçün potensialı var və artıq vacib bir mərkəzə çevrilməkdədir.

Şahnaz ŞAHBAZOVA,
Azərbaycan Texniki Universitetinin İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının professoru, texnika elmləri doktoru, Lütfi Zadə adına Beynəlxalq Elmlər Akademiyasının vitse-prezidenti