Məktəbəhazırlıq qrupları fəaliyyətə başlayır

Təhsil nazirinin müvafiq əmrlərinə əsasən, 2016-2017-ci tədris ilində Bakının bir sıra məktəblərində ödənişsiz (dövlət büdcəsinin vəsaiti hesabına) məktəbəhazırlıq qrupları təşkil ediləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, məktəbəhazırlıq qrupları paytaxtdakı 254 məktəbdə fəaliyyət göstərəcək.

Hazırda BŞTİ tərəfindən məktəbəhazırlıq qruplarının fəaliyyəti üçün şəraitin öyrənilməsi məqsədilə monitorinqlər həyata keçirilir. Hazırlıq qruplarının fəaliyyət göstərəcəyi məktəb şəbəkəsinin genişlənəcəyi gözlənilir.

Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına beş yaşı tamam olan uşaqlar qəbul olunurlar. Məktəbəhazırlıq qruplarına müvafiq sənədlər- direktorun adına ərizə, doğum haqqında şəhadətnamənin surəti, 3×4 ölçüdə iki fotoşəkil təqdim olunmalıdır.

Oktyabrın 1-dən mayın 31-dək həftədə dörd gün olmaqla fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik, bacarıq və vərdişlərin formalaşdırılmasıdır.

Təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəhazırlıq qruplarında təcrübəli, bacarıqlı, intellektual və peşəkar ibtidai sinif müəllimlərinə üstünlük verilib.

(Visited 1 times, 1 visits today)