“Milli Feysbuk” yaradıcısı – Startap

Rüfət İbrahimov: “İnanıram ki, “Mimo” sosial şəbəkəsi mənə gəlir gətirəcək”

Müsahibimiz bir aya yaxındır istifadəyə verdiyi “milli Feysbuk”la Azərbaycan mediasına səs-soraq salıb. Belə ki, Rüfət İbrahimov tanışlıq tərzli sosial şəbəkə yaradıb. Həm yaratdığı sosial şəbəkə barədə məlumat almaq, həm də Rüfəti yaxından tanımaq üçün onunla həmsöhbət olduq.
Qeyd edək ki, Rüfət hazırda yüklərin Türkiyədən Azərbaycana çatdırılmasını həyata keçirən MOVER MMC-nin icraçı direktorudur. Həm də frilanser kimi veb-saytların yığılması ilə məşğuldur.

Bir il sonra Türkiyədəki təhsilini yarımçıq qoyur

25 yaşı var. Orta təhsilini türk liseyində alıb. Liseyi bitirəndən sonra Türkiyədə Selcuk Universitetində təhsilini davam etdirib. Orada 1 il oxuyandan sonra ali təhsilə, üstəlik də təhsil aldığı ixtisasa həvəsi olmadığından valideynlərinin icazəsi olmadan Azərbaycana qayıdır: “Məndə əvvəldən ali təhsil almağa həvəs olmayıb. Amma valideynlərimin təkidi ilə bir neçə fəndən hazırlığa gedirdim. Etiraf edim ki, məni evdən hazırlığa yola salanda çox vaxt müəllim yanına getmək əvəzinə internet kluba yollanır, kompyuterdə oyunlar oynayırdım. Bir sözlə, oxumurdum. 11-ci sinifi bitirəndə yenə də valideynlərimin təkidi ilə Azərbaycanın o vaxtkı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında və Türkiyənin TCS, eyni zamanda YÖS imtahanlarına girdim. YÖS-dən məlumat gəldi ki, keçid balını keçmişəm, balıma uyğun universitet, ixtisas seçməliyəm. Yığdığım balla Konya və Qarsda universitet qazandım. Hər ikisi də biologiya müəllimliyi oldu. Evdəkilər “heç olmamaqdan yaxşıdır” deyib məni Konyaya oxumağa göndərdilər. Bir il orada başımı fırladım. Amma bu, çox çəkmədi. Özüm-özümü aldatmaq istəmədim. Bilirdim ki, müəllimlik bacara bilməyəcəyim işdir. Evdəkiləri və özümü aldatmamaq üçün yükümü yığıb evimizə qayıtdım. Valideynlərim elə bildilər ki, birinci kursu bitirib, imtahanları verib qayıdıram. Amma evə çatıb oxumağa marağımın olmadığını, öz həyatımı özüm qurmaq istədiyimi, mənim qurduğum həyatın içərisində universitetin olmasını istəmədiyimi bildirdim. Atamın arzusu məni diş həkimi kimi görmək idi. Amma həmişə valideynlərin arzuladığı kimi olmur. Heç mən də özümü diş həkimi kimi görə bilmirdim. Qayıtmağıma ən çox atam əsəbləşdu, üstümə qışqırdı. Amma sonra gördülər ki, mən artıq qərarımı vermişəm”.

“Məni savadıma görə işə qəbul etsinlər”

Rüfət istəmir ki, onun biliyini, bacarığını bir diplom, kağız parçası təsdiqləsin. İstəyir ki, işə qəbul zamanı onu sorğu-sual edib savadına, bacarıqlarına görə qəbul etsinlər: “Müraciət etdiyim, yaxud dəvət olunduğum özəl şirkətlərdə qarşıma diplom tələbi qoyulmayıb. Həmişə rahatlıqla iş tapmışam. Düzdür, bəzən qarşıma elə fürsətlər çıxıb ki,  diplom olmadığı üçün o fürsəti qaçırmışam. Amma heyfslənməmişəm. Çünki bu, mənim seçdiyim həyatdır və özüm seçdiyim üçün şikaytlənməyin mənası yoxdur. Düşünürəm ki, mənim seçdiyim sahədə biliklərimi bir kağız parçası təsdiq edə bilməz. Ola bilər ki, kompyuter mühəndisliyini bitirmiş və əlində diplom olan şəxsin bilikləri məndən üstün olsun. Amma əminəm ki, 5 nəfərin biliyi məndən üstündürsə, mən də 10 nəfərdən üstünəm. Ola da bilər ki, diplomlu universitet məzununu işə götürəndən sonra görsünlər ki, onların tələb etdiyi işçi deyil. Bu cür olmaqdansa, diplomsuz olub bilikli olmağa üstünlük verirəm”.
Beləliklə, Türkiyədə təhsilini yarımçıq qoyub qayıdan Rüfət hərbi xidmətə yollanır. Hərbi xidmətini başa vurandan sonra isə iş həyatına atılır. Fərqli şirkətlərdə, fərqli işlərdə çalışır: “Bu günə kimi çalışdığım  işlərin hamısını kompyuteri bildiyimə görə qazanmışam. İlk dəfə kompyuter sahəsində işlədim və 2008-ci ilin sonunda ilk maaşımı aldım. Özümü təsdiqləmək üçün ilk maaşımı aparıb atamın qarşısına qoydum. O isə pulu özümə qaytardı”.

“Müəllim yanına getmədən vap-sayt yığmağı öyrəndim”

Müxtəlif işlərdə çalışsa da, balacalıqdan qəlbində gəzdirdiyi kompyuter, texnologiyaya olan marağı onu rahat buraxmır: “16 yaşımda mənə ilk kompyuterim alınıb. Elə o vaxtdan, 2007-ci ildən heç bir kursa, müəllim yanına getmədən sayt yığmaq işini öyrənməyə başladım. 2000-ci illərdə tanışlıq xarakteri daşıyan vap-saytlar var idi. 14-15 yaşlarımda onları smart telefonlarda yığırdım. Üzünü köçürmək funksiyası olmadığı üçün gördüyüm kodları dəftərə yazır, dəftərdən telefona köçürürdüm. Kompyuter alandan sonra işim bir az asanlaşdı. Hələ o zaman fikirləşirdim ki, bu şəbəkədən biri mənim olsun, kimlərsə mənim şəbəkəmdən istifadə etsin. Bunun qazancı varmı, yoxmu, o tərəflərini bilmirdim. Sadəcə, istəyirdim ki, mənim də olsun. İlk dəfə ödəniş edib birini aldım. Sonra düşündüm ki, bunu mənə satan adam yığmağı bacarırsa, mən də öyrənə, özümün sistemimi yaza bilərəm. Vap-saytın necə yığılması barədə maraqlanmağa başladım. İlk dəfə ödəniş edib aldığım saytın üzərində qurdalandım, kodlarına baxdım. Məndə bu işə böyük maraq yarandı. Anladım ki, bu, mənə uyğun sahədir”.
Maraqlısı odur ki, başqalarından fərqli olaraq, müsahibimiz saytı yaratmağa tərsinə başlayıb: “Normalda bir şeyin necə yarandığını öyrənib sonra dağıtmağı öyrənərlər. Mən birinci dağıdıcılıqla başlayıb sonra yaradıcılığa keçmişəm. Əvvəllər haker kimi fəaliyyət göstərmişəm. Sonra anlamışam ki, dağıtmaqdansa, yaratmaq daha yaxşıdır”.

Sosial şəbəkə necə yarandı?

Veb-saytlar yığmaqla yanaşı, mobil telefon üçün proqram tətbiqetmə sahəsində kiçik proqramlar da hazırlayır. Biliklərini daha da inkişaf etdirərək bu il yeni, daha böyük tanışlıq xarakterli sosial şəbəkə hazırlayıb istifadəyə verir: “İstifadəçilərə ilkin mərhələdə Android platformasında təklif olunan bu sosial şəbəkənin simvolu moruq, adı “Mimo”dur. “Mimo” sosial şəbəkəsi vasitəsilə istifadəçilər yeni tanışlar, dostlar qazanırlar. Bu sosial şəbəkə Feysbuka bənzəyir. Bəzi xidmətlərinə görə Feysbukdan geri qalsa da, bəzi xidmətləri ilə Feysbuku qabaqlayır. Feysbukdan istifadə edənlərin məqsədi fərqli olsa da, “Mimo” istifadəçilərinin məqsədi tanışlıqdır. İstifadəçi qeydiyyatdan keçəndən sonra profilinə məlumatlar əlavə edir. Burada dost axtarışı etmək, dostluq təklifi, mesaj göndərmək, lazımsız şəxsləri əngəlləmək, müxtəlif məzmunlu paylaşımlar etmək, şəkillər paylaşmaq, şəkilləri bəyənmək, rəy yazmaq olur. Bu proseslərin hamısında istifadəçiyə bildiriş gəlir. Şəkil paylaşımı deyilən yerdə bütün istifadəçilərin paylaşdığı son şəkillər yer alır. Gün ərzində profilinizə kimlərin baxdığıını da izləyə bilirsiniz. Bu zaman sizə bildiriş gəlir. Axtarış bölməsi yaşa, cinsə görə mümkündür. İstifadəçilərə standart şəkil hədiyyələri göndərmək mümkündür. “Mimo”nun yaxın ərazilərdəki dostları tapmaq funksiyası da var. Bunun üçün proqramın lokasiya hissəsini aktiv edirsiniz. Məsələn, sizə 80 km yaxınlıqda bu proqramdan istifadə edən istifadəçilər lazımdırsa, axtarış verib tapırsınız. Kimin üçünsə qonşuluğunda bu proqramdan kimlərin istifadə etdiyi maraqlı ola bilər”.

Hələ ki qazanmaq yox, xərcləmək var

Hazırda bu proqramda qeydiyyatdan keçmiş istifadəçi sayı 4800-5000 arasındadır. Rüfət deyir ki, bu statistika hər günün sonunda yenilənir. Gün ərzində onlayn istifadəçi sayı isə 200-300 arasında olur. Həmsöhbətimizin sözlərinə görə, hazırda istifadəçi sayına görə proqramdan gəlir əldə etmir: “Amma bu, o demək deyil ki, gəlir əldə olunmayacaq. İstifadəçi sayı artdıqca oradan müəyyən gəlir əldə ediləcək. Hazırda gəlir yoxdur, əksinə, xərc var. Serverin sürətli olması üçün xərc çəkirəm ki, istifadəçilərin yazdığı mesaj anında qarşı tərəfə çatsın, fotolar anında yüklənsin. Hələ ki xərcləyirəm. Amma inanıram ki, bu proqram mənə gəlir gətirəcək. Əgər dəstək olarsa, əvvəlcə Azərbaycanda tanınmaq, sonra isə dünyaya çıxmağı planlaşdırıram”.

Müəllimin adı – internet

Qeyd etdiyimiz kimi, Rüfət hər şeyi özü öyrənir: “Proqramlaşdırma dilləri genişdir. Bu dillərdən hansını öyrənmək istəyirəmsə, ingilis, türk, Azərbaycan dillərində axtarış verir, məlumatları əldə edib tətbiq edərək öyrənirəm. Müəllimim internetdir. Oxuduqlarımı heç bir yerə qeyd etmirəm. Bu elə bir sahədir ki, təcrübədə tətbiq etdikdən sonra heç nə yaddan çıxımır. Yutubda dərsliklərdən də istifadə edirəm. Bir sözlə, özümü yalnız internetdəki materiallar sayəsində inkişaf etdirirəm”.
Müsahibimiz gələcək planlarından da danışdı: “Hara gedirəmsə gedim, yanımda kompyuterim və internetin olmasını istəyirəm. Arzum, planım həmişə texnologiyanın içində olmaqdır. İstəyirəm ki, qazancım da, hobbim də bu olsun, yəni həyatımın hər anında texnologiya olsun, özümü inkişaf etdirə-etdirə bu sahədən daha çox qazanc əldə edim, daha yaxşı işlər görüm”.
 

(Visited 18 times, 1 visits today)