“AICT 2016” beynəlxalq konfransı başa çatıb

Bakıda keçirilən “İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi” (“AICT 2016”) mövzusunda X beynəlxalq konfrans oktyabrın 14-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, konfransın bağlanış mərasimində çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev tədbirin Azərbaycanda keçirilməsini yüksək dəyərləndirib.

Rəhbərlik etdiyi elm müəssisəsinin fəaliyyət istiqamətlərindən danışan akademik bildirib ki, İnformasiya Texnologiyaları İnstitutu İKT-nin müasir problemlərinə dair innovativ elmi tədqiqatlar aparan bir qurumdur. İnstitutda informasiya texnologiyaları və informasiya cəmiyyətinin aktual elmi-nəzəri problemləri araşdırılır. Burada yeni elmi şöbələr və mərkəzlər açılıb.

Sonra mövzu ilə bağlı təqdimatlar olub.

Konfrans Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Azərbaycan Texniki Universiteti, Malayziyanın Sabah Universiteti, AMEA-nın İnformasiya Texnologiyaları və İdarəetmə Sistemləri institutları, UNESCO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutu və İqtisadi Əməkdaşlıq Elm Fondunun (ECOSF) təşkilatçılığı, ABŞ-ın Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutu (IEEE) və onun Azərbaycan şöbəsinin texniki, “Nar” və “DELL EMC” şirkətlərinin maliyyə dəstəyi ilə keçirilib.

(Visited 1 times, 1 visits today)