Akademik Rasim Əliquliyev: “Elm haqqında” Qanun ölkədə biliklər iqtisadiyyatının formalaşmasının hüquqi bazasıdır”

Bu fikri AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev institutun Elmi Şurasının iclasında “Elm haqqında Azərbaycan Respublikasının qanunu”nun qəbul edilməsi və qarşıda duran vəzifələr barədə çıxışı zamanı səsləndirib.

Akademik qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin dəstəyilə AR Milli Məclisi tərəfindən qəbul edilmiş “Elm haqqında qanun” Azərbaycan Respublikasında elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmi-innovasiya fəaliyyətinin məqsədlərini, bu sahə ilə məşğul olan şəxslərin hüquq və vəzifələrini, elmin maliyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyənləşdirir. Qanunda ölkənin siyasi, iqtisadi, sosial və mədəni inkişafının təmin edilməsi, hər bir vətəndaşın rifahının və elmi səviyyəsinin yüksəldilməsində elmin aparıcı rolu öz əksini tapmışdır.

“Elm haqqında qanun”da Azərbaycan elminin tərəqqisinə yönəlmiş müddəalardan söz açan R.Əliquliyev elmi müəssisələrin maddi-teхniki bazasının və infrastrukturunun, elmi tədqiqatların nəticələrinin, kadr pоtensialının, maliyə resurslarının nоrmativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə elmi qurumların akkreditasiyasının aparılacağını nəzərə çatdırıb.

Akademik Qanunda elmi etika və əqli mülkiyyət hüququnun qorunması, plagiat və piratçılıqla mübarizə məsələlərinə də xüsusi diqqət yetirildiyini bildirib. Alimin sözlərinə görə, yeni qanuna əsasən, artıq elmi müəssisələr və ali təhsil müəssisələri alim və mütəxəssisləri fəxri fərmanlarla təltif etmək, onlara fəxri professor (fəxri doktor) adı vermək hüququna malik olacaqlar.

Alim, həmçinin Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”nın (2003-2012-ci illər) ölkəmizdə bu sahənin sürətli inkişafına təkan verdiyini söyləyib. Bildirib ki, Milli Strategiya və onun icrası ilə bağlı dövlət proqramlarının həyata keçirilməsi nəticəsində təhsil, səhiyyə, iqtisadiyyat və digər sahələrdə İKT-nin imkanlarından istifadə səviyyəsi nəzərəçarpacaq dərəcədə artmışdır.

R.Əliquliyev qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın da hədəfi Milli Strategiyada informasiya cəmiyyətinin inkişaf etdirilməsi üzrə qarşıya qoyulan əsas məqsəd və vəzifələrin, fəaliyyət istiqamətlərinin həyata keçirilməsinin təmin edilməsidir. Dövlət Proqramının məqsədinə nail olunması üçün İKT infrastrukturunun inkişaf etdirilməsi, onun əsasında keyfiyyətli xidmətlərin göstərilməsi, yüksək texnologiyalar sahəsində elmi-texniki potensialın gücləndirilməsi, elmi tədqiqatların genişləndirilməsi, informasiya cəmiyyəti şəraitində normativ hüquqi tənzimləmə sisteminin təkmilləşdirilməsi, bu sahənin tələblərinə cavab verən elmi və ixtisaslı kadrların hazırlanması zəruridir.

“İnformasiya təhlükəsizliyinin təmin edilməsi, bu sahədə ümumi hazırlıq və maarifləndirmənin yüksəldilməsi, milli kontentin zənginləşdirilməsi, qlobal informasiya məkanında Azərbaycan Respublikası ilə əlaqədar məlumatların genişləndirilməsi, Azərbaycan həqiqətlərinin virtual məkanda təbliği və yayılması üzrə tədbirlərin görülməsi, müasir texnologiyaların tətbiqi ilə ölkənin milli-mədəni irsinin qorunub saxlanılması, eləcə də sosial medianın inkişaf etdirilməsi qarşıya qoyulan mühüm vəzifələrdəndir”, – deyə R.Əliquliyev qeyd edib.

Alim “Elm haqqında qanun”da Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının gələcək inkişafına xidmət edən müddəalardan da söz açıb. Bildirib ki, qanuna əsasən, beynəlxalq ekspertlərin cəlb olunması ilə yüksək texnologiyalar sahəsində innovativ və elmi-texniki fəaliyyətin normativ hüquqi bazasının təkmilləşdirilməsi nəzərdə tutulur. “Elm haqqında qanun” ölkədə biliklər iqtisadiyyatının formalaşmasının hüquqi bazasıdır”, – deyə bildirən alim yüksək texnologiyalar sahəsində patent alınması və elmi tədqiqatların nəticələrinin kommersiyalaşdırılması mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı bəndin də qanunda yer aldığını diqqətə çatdırıb.

R.Əliquliyev xaricdə yüksək texnologiyalar sahəsində çalışan azərbaycanlı alim və mütəxəssislərlə əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqat və proqramların həyata keçirilməsi, “İnformatika” fənni üzrə yüksəkixtisaslı pedaqoji kadrların hazırlanması və onların peşəkarlıq səviyyəsinin artırılmasına dair tədbirlərin görülməsinin ölkəmizdə İKT sahəsində daha mühüm elmi nailiyyətlərin əldə edilməsinə imkan yaradacağını qeyd edib. Həmçinin İKT-nin cəmiyyətdə kütləviləşdirilməsi üçün müxtəlif konfransların, seminarların, sərgilərin təşkil olunması, KİV vasitəsilə təbliğat-təşviqat işlərinin aparılmasının zəruriliyini vurğulayıb.

(Visited 15 times, 1 visits today)