Azərbaycan alimlərinin məruzələri beynəlxalq jurnalda dərc ediləcək

Moskva vilayətinin Zveniqorod şəhərində akademik V.İpatyevin xatirəsinə həsr edilmiş “Neft-kimya sahəsində aktual problemlər” mövzusunda növbəti konfrans keçirilib.

Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları – texnika elmləri doktoru Səadət Əsgərzadə və kimya elmləri doktoru Reyhan Əliyeva mövzuya dair məruzələrlə çıxış ediblər.

Azərbaycan alimlərinin məruzələri yüksək səviyyədə qəbul edilib və “Nefteximiya” jurnalında dərc olunması təklif edilib.

Rusiya Federasiyası, Qazaxıstan və Belarusun tanınmış alimlərinin iştirak etdikləri tədbirdə R.Əliyeva “Neft-kimya sintezi prosesləri və katalizatorları” seksiyasına sədrlik edib. Konfransda sənaye müəssisələrinin, o cümlədən “Sibur”, “VNİPİneft”dən olan nümayəndələrin və həmçinin gənc tədqiqatçıların işlərinə xüsusi diqqət ayrılıb.

Konfrans çərçivəsində Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları xarici alimlər və sənaye işçiləri ilə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

 

(Visited 1 times, 1 visits today)