Azərbaycan və Dağıstan universitetləri arasında saziş imzalanıb

Rektor: “Müasir dövrdə adi mühazirə oxuyan müəllim tələbləri maraqlandıra bilmir, onlara daha çox praktiki bilgilərin verilməsi lazımdır”

Bu gün Dağıstan Tibb Akademiyasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində (ATU) olub və ali məktəbin rəhbər heyəti ilə görüşüb. Bu barədə ATU-nun mətbuat xidmətindən Sputnik-ə məlumat veriblər.

Görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli qeyd edib ki, təkcə Türkiyənin 16 universiteti ilə əməkdaşlığa dair qarşılıqlı müqavilələr imzalanıb: “Beynəlxalq əlaqələrin möhkəmləndirilməsi fərqli təhsil sistemləri ilə tanışlıq, yeniliklərin tətbiqi və nəticədə tədrisin təkmilləşdirilməsinə yardım olur. Çünki müasir dövrdə adi mühazirə oxuyan müəllim tələbləri maraqlandıra bilmir, onlara daha çox praktiki bilgilərin verilməsi lazımdır. Bu səbəbdən ATU-da tədris sistemində daim islahatlar aparılır, fəaliyyət daha da təkmilləşdirilir”.

Dağıstan Dövlət Tibb Akademiyasının rektoru professor Süleyman Mammayev əvvəlcə Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edərək ölkəmiz haqqında düşüncələrini açıqlayıb. Onun sözlərinə görə, son illər Azərbaycanda hər bir sahədə nəzərə çarpacaq dərəcədə müsbət dəyişikliklər baş verib. Bu islahatlar özünü təhsil və səhiyyə sistemində də göstərir.

Rəhbərlik etdiyi müəssisə haqqında məlumat verən S.Mammayev Dağıstan Dövlət Tibb Akademiyasında 6 minə yaxın tələbənin təhsil aldığını bildirib. Universitetin klinikalarını və xüsusilə də Anatomiya muzeyini bəyəndiklərini bildirən qonaq qarşılıqlı tələbə mübadiləsindən yararlanmaq istədiklərini deyib. Görüşün axırında ATU və Dağıstan Dövlət Tibb Akademiyası arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

 

(Visited 1 times, 1 visits today)