Azərilər kimdir: – talışlar və tatilər, yoxsa Azərbaycan türkləri?

Azəri dilini Azərbaycan türkcəsinin digər dialekt və şivələrindən fəqləndirən isə onun Xorasan türklərinin dilinə yaxın olması olmuşdur.

Tədqiqatlar göstərir ki, Azəri adının daşıyıcıları həmişə Azərbaycan türkləri olmuşdur. Azəri adındakı – i şəkilçisi mənsubiyyət bildirdiyindən Azəri Azər xalqına mənsub olan insan deməkdir. Azəri Azərbaycan ərazisində hansı vaxtdan yaşadığı məlum olmayan azərlərin – azman, igid, adlı – sanlı adamların, əsasən də Kuti (Oğuz), Kaspi (Xəzər) və Kadussi (Suvar) Türk tayfalarından olanların Ərəb müəlliflərinin əsərlərindəki ümumi adıdır. Azəri dilini Azərbaycan türkcəsinin digər dialekt və şivələrindən fəqləndirən isə onun Xorasan türklərinin dilinə yaxın olması olmuşdur. Əhməd Kəsrəvinin elm aləminə “Azəri” adı ilə tanıtdırdığı “azərilər” isə hazırkı Xərzani (Hərzani) və Karinqani (Kerinqani) adlı Tati tayfalarıdır. Onlar Azərbaycan ərazisinə gələnədək Xəzər dənizinin cənub – şərq sahillərində yerləşən Hirkaniyada yaşamış Hirk tayfasının sonrakı nəsillərindəndir. Ərəb coğrafiyaşünas – səyyahlarının və tarixçilərinin əsərlərində onların da danışdığı dilin adı Azəri yox, Pəhləvi (əl – fəhləviyə) olmuşdur. Yəni Ə. Kəsrəvinin “azəriləri” Ərəb müəlliflərinin haqqında məlumat verdikləri azərilər deyildir. Talış toponimlərinin bir çoxunun təhrif edildiyini iddia edən alim və tədqiqatçılar da belə bir faktı nəzərdən qaçırmamalıdırlar ki, Talış xanlığının vergi sənədlərini tərtib edən dəftərxana işçiləri bəzi istisnalarla həmin toponimləri Hərzani və Kerinqani dillərində yazmışlar. Talış xanlığının Viləş çayından şimala doğru uzanan hissəsində talışların yaşamadığı yerlərdəki Talış toponimlərinin mövcudluğu da onların əməyinin məhsuludur: yəni yerli sakinlərin dilində olan toponimləri Hərzani və Kerinqani tayfalarının dilində qeydə alıb, onlara da bu formada qəbul etdirmişlər.

Azərilərin kimliyi və azəri dili problemlərinin meydana çıxmasında ,,ingilis barmağı”

Azərilərin kimliyi və azəri dili problemi 1925-ci ildə Əhməd Kəsrəvinin ,,Azəri, yaxud Azərbaycanın qədim dili” adlı əsərinin çap edilməsindən sonra meydana çıxmışdır. Yəni bu kitab çap edilənədək Azəri adının şəriksiz sahibi Azərbaycan türkləri, azəri dili də onların dili olmuşdur. Bunu Nəsirəddin şah Qacarın (1831 – 1896) hakimiyyəti dövründə alimlər kollektivi tərəfindən yazılmış “Namei – Daneşvaran” adlı kitabdakı Azəri (Azərbi) dilinin türklərin dili olması haqqında verilmiş məlumat da bir daha təsdiq edir. Həmin kitabda göstərilir ki, Xətib Təbrizinin qonşusu ilə Nəməndə Məərə məscidində danışdığı, Ərəb və Fars dillərini bilən müəllimi Əbülülanın başa düşmədiyi azərbi dili – Azərbaycan əhalisinin dili “zəbane – torkan”, yəni türklərin dili olmuşdur (Bax: M. Fuad Köprülü. Azəri. Bakı – 2000, s. 16; Bəxtiyar Tuncay. Azərbaycan türklərinin islamaqədərki dili və ədəbiyyatı. Bakı – 2015, s. 215 ; ). Ə. Hüseyn Mühəmmədzadə Sadeqinin verdiyi məlumata görə, Ə. Kəsrəvi bu əsəri İngiltərə konsulluğunun tapşırığı ilə yazmışdı (Bax: Azəri dili – Vikipediya). Məqsəd ingilislərin fitfası və köməyi ilə İranda dövlət çevrilişi edərək, türk Qacarlar sülaləsinin hakimiyyətinə son qoymuş Rza şah Pəhləvinin hakimiyyətini möhkəmləndirmək üçün Azərbaycan türkləri arasında etnik kimliklə bağlı parçalanma yaratmaq idi. Belə hesab edirdilər ki, bu yalana inananlar farsam deyə Rza şahı müdafiə edəcək, soydaşlarının özünü türk hesab edən hissəsinə ögey münasibət bəsləyəcək, beləliklə də, gözlənən təhlükə xeyli zəifləyəcəkdi. Ə. Kəsrəvinin “kəşfinin” qısa məzmunu. Ə. Kəsrəvi “Azəri, yaxud Azərbaycanın qədim dili” əsərinin 1925-ci il nəşrində X – XII əsrlərdə yaşamış dörd Ərəb coğrafiyaşünas – səyyahının və tarixçisinin verdiyi məlumatlar əsasında belə bir iddia irəli sürdü ki, həmin vaxt Azərbaycanın ərazisi şimalda Araz çayına qədər uzanırmış. Türklər Azərbaycanda XI əsrin ortalarında Səlcuq türklərinin onu işğal etməsindən sonra yaşamağa başlamışlar. Buna görə də, həmin Ərəb müəlliflərinin haqqında məlumat verdikləri Azəri dili də, təbii ki, indiki kimi Azərbaycan türklərinin dili ola bilməzdi. Həmin vaxt Azərbaycanda Azəri dilində danışanlar qədim farslar, azəri dili də qədim fars dili olmuşdur. XI əsrin I yarısında Səlcuq türklərinin Azərbaycana gəlişindən başlayaraq sonralar da buraya çoxlu yeni türk tayfalarının gəlməsi nəticədə azlıqda qalan farslar tədricən ana dilini unudub Türk dilində danışmağa başlamışlar. Yalnız bu hadisədən sonra Azərbaycanda yaşayan türklərə də onlarla eyni dildə danışan farslar kimi Azəri deyilmiş, Azərbaycan türkcəsinin də adı Azəri dili olmuşdur. Bu hadisə Səfəvilər sülaləsinin hakimiyyəti dövründə baş vermişdir.

“Kəşfin” əsasında dayanan məlumatlar və kəsrəvisevərlərə üzücü xəbər. Ə. Kəsrəvi azəri dilindəki “kəşfini” X- XII əsr dörd Ərəb coğrafiyaşünas – səyyahının və tarixçisinin (əl – Məsudi, ibn Hövqəl, əl – Müqəddəsi, Yaqut əl – Həməvi) verdiyi məlumatlar əsasında etmişdir. Gəlin həmin məlumatlara birlikdə nəzər salaq:

1. X əsrin ortalarına yaxın Azərbaycanda olmuş məşhur ərəb tarixçisi əl – Məsudinin 956 – cı ildə yazdığı “Müruc əz – zəhəb əl – cəvahir” (Qızıltəmizləmə yerləri və əlvan daş mədənləri”) adlı əsərində verdiyi məlumat belədir: “Farslar xalqdır. Onların ölkəsinin hüdudları: Əl – Cibal, Əl – Mahatdan bəri, Azərbaycan və ona bitişik Ərməniyə, Arran, Beyləqan, Dərbəndə kimi – özü də Bab ul – Əvbab, Rey, Təbəristan, Əl – Maskat, Şabaran, Curcan, Abarşəhr, Nisabur, Herat, Mərv və s. ölkələrdən, ona o zaman söykənən əl – Əcəm torpaqlarından bəri. Bütün bu ölkələr vahid idarəyə, vahid hökmdara və vahid dilə malikdir. Lakin onların dilləri bir sıra fərqlərə baxmayaraq, birdir, çünki yazdıqları hərflər eynidir, hərflərin birləşməsi də eynidir. Ancaq digər nisbətdə (götürəndə) bunlar, məsələn, (necə ki), pəhləvi (əl – fəhləviyə), dəri (əl – dəriyə), azəri (əl – azəriyə) və başqaları fars dilindən fərqlənirdilər” (Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik. Bakı – 1994, s. 224). Bu məlumat Azəri dilinin İran dillərindən olması haqqında hökm verməyə heç bir əsas vermir! Çünki məlumatdakı vahid olanlar dövlət dili və yazıda istifadə edilən əlifbadır və məlumat da təkcə Azərbaycana deyil, keçmiş Sasani imperiyasının bütün ərazisinə aiddir. Həmin dövrdə isə vahid dil və vahid əlifba Ərəb dili və əlifbası olmuşdur. Məlumat üçün deyək ki, Ərəb xilafətində rəsmi dil Əməvilər sülaləsinin hakimiyyəti dövründə (750 – ci ilədək) Ərəb dili və Sasanilərdən qalma Fars dili, Abbasilərin dövründə isə (Səlcuqlaradək) Ərəb dili olmuşdur. Səlcuq hökmdarlarının, Atabəylərin və Şirvanşahların saraylarında ünsiyyət yalnız Fars dilində olmuş, kargüzarlıq da Fars dilində aparılmışdır (Bax: Nailə Vəlixanlı. Ərəb Xilafəti və Azərbaycan. Bakı – 1993, s. 64 – 65).

2. N. Vəlixanlı ibn Hövqəlin “Kitab əl – məsalik və – l – məmalik” (,,Yollar və məmləkətlər haqqında kitab”) adlı əsərində verdiyi məlumatdan bəhs edərək yazır: Azərbaycana səyahət etmiş İbn Havqəl (977) Qabh (Qafqaz) dağlarında 360 dildə danışıldığından xəbər verərək yazır: “Mən bunu bir çox kənddə olub, hər kəndin Azəri və Fars dillərindən başqa öz dilinin olduğunu görənədək inkar edirdim”.Azəri dilini Fars dilindən fərqləndirən ibn Havqəl də, həmçinin təsdiq edir ki, Qafqazdakı ərəb işğal dairəsində yaşayan xalqların rəsmi ünsiyyət dili fars və ərəb dilləridir. İbn Havqəl yazır: “Ermənistan və Azərbaycan əhalisinin çoxu Fars və Ərəb dillərində danışırlar. Lakin ərəbcə danışanlar azdır, farsca danışanlar isə ərəb dilini başa düşmürlər, ərəb dilində fəsih danışanlar tacirlər və mülk sahibləridir. Ərməniyyənin ucqarlarında və buna bənzər yerlərdə yaşayan tayfalar başqa dillərdə də danışırlar. Dəbil və onun vilayətlərinin əhalisi erməni, Bərdə əhalisi isə Arran dilində danışır”(Nailə Vəlixanlı. Yenə orada. s. 62 – 63).

3. Şəmsəddin əl – Müqəddəsinin (946 – 1000) 985-ci ildə yazdığı “Əhsən ət – təqasim fi – mərifət əl – əqalim” (“İqlimləri dərk etmək üçün ən yaxşı bölgü”) adlı əsərindəki məlumat belədir: “Azərbaycanda danışılan dil yaxşı dil deyil, Ermənistanda ermənicə, Aranda arranca danışırlar. Azərbaycan əhalisinin dili Xorasan dilinə yaxındır”. Azəri dilinin Xorasan türklərinin dilinə yaxın olmasının səbəbi isə Xürrəmilər hərəkatı dövründə baş vermiş hadisələrlə bağlıdır.

4. Özündən əvvəlki müəlliflərin məlumatlarını sistemləşdirmiş Yaqut əl – Həməvi (1179 – 1 229) 1224-cü ildə yazdığı “Mucəm əl – buldam” (“Ölkələrin əlifba sırası ilə siyahısı”) adlı əsərində Azərbaycan əhalisinin dilini “əl – azriyyə” (əl – azəri, əl – azərbi) adlandırmış və qeyd etmişdir ki, “onu başqaları anlamırlar” (“lə yəfhəmuhə ğeyruhum”). (Bax: Nailə Vəlixanlı. Yenə orada. s. 62). Ə. Kəsrəvi məhz bu məlumatlar əsasında belə bir nəticəyə gəlmişdir ki, hətta XIV əsrdə belə Azərbaycanda türkcə danışan yox imiş ! Daha sonra Əbdülkərim ibn Məhəmməd əs – Samaninin (1114 – 1166) “Kitab əl – ənsab” adlı əsərindəki Xətib Təbrizinin (1030 – 1108) Nəməndə Məərə məscidində qonşusu ilə məşhur söhbətinin də türk dilində deyil, özünün kəşf etdiyi “Azəri dili”ndə olduğunu iddia etmiş və söhbətin aparıldığı Azərbaycan əhalisinin dilinin adının ,,azərbici” formasında yazılmasını kitabın üzünü köçürənin səhvi olması bəhanəsini ortaya atmışdır (Bax: Nəsib Nəsibzadə. Siz azərisiniz. Yalanlama. GÜNAZ. TV).Beləliklə, Ə. Kəsrəvinin istinad etdiyi Ərəb müəlliflərinin verdiyi məlumatları tərəfsiz təhlil etdikdə Azəri dili haqqında yalnız aşağıdakı nəticəyə gəlmək mümkündür: Azəri dili Azərbaycan əhalisinin dili olub, Xorasan dilinə yaxın dildir (əl – Müqəddəsi), onu özlərindən başqa kimsə anlamır (Yaqut əl – Həməvi) və bu dil türklərin dilidir (“Namei – Daneşvaran” kitabının müəllifləri). Üstəlik də X – XII əsrlərdə İran dilləri qrupuna daxil olan dillərin bir – birinə indikindən xeyli yaxın olduğunu da nəzərə alsaq, Kəsrəvisevərlərin həmin vaxt Talış və tatı dillərinin Fars, Dəri (əl – dəriyə) və Pəhləvi (əl – fəhləviyə) dillərində danışanlar üçün anlaşılmaz olması haqqındakı “dəlilləri” sudaboğulanın yapışdığı saman çöpüdür. Növbəti məqalədə Ə. Kəsrəvinin iddialarının əksinə olaraq türklərin Azərbaycan ərazisində qədimdən yaşaması, Azərbaycanın sərhədlərinin şimalda Dərbəndə qədər uzanması, Azəri dilində danışanların hətta Böyük Qafqaz sıra dağlarındakı kəndlərdə belə yaşaması haqqında Ərəb müəlliflərinin verdiyi məlumatlardan bəhs edəcək, Azəri dilinin Xorasan dilinə oxşamasının səbəbini göstərəcəyəm.

B.V.Miller Ə. Kəsrəvinin elm və siyasət aləminə Azəri dilinin nümunələri kimi təqdim etdiyi materialları təhlil edərək belə bir nəticəyə gəldi ki, onlar qədim Fars dilində deyil, müasir Talış dilinə yaxın olan bir dildədir.

Ə. Kəsrəvinin Azərbaycanın şimal hüdudu haqqındakı iddiası və Ərəb mənbələrindəki məlumatlar

Ə. Kəsrəvi “Azəri, yaxud Azərbaycanın qədım dili” adlı əsərinin 1926-cı ildəki nəşrində yazırdı ki, X-XII əsr Ərəb səyyah-coğrafiyaşünaslarının və tarixçilərinin əsərlərindəki məlumatlara görə, həmin vaxt Azərbaycan adlanan ərazi şimalda Araz çayına qədər uzanırmış. Azərbaycan ərazisində həmin vaxt mövcud olmuş və həmin müəlliflərin də haqqında məlumat verdikləri Azəri dili qədim Fars dili, azərilər də qədim farslar imış.

Lakin ötən müddətdə aparılmış tədqiqatlar və elə həmin mənbələrdəki məlumatlar Ə. Kəsrəvinin bu iddialarını qəti şəkildə rədd edir. Azərbaycan alimərindən Nailə Vəlixanlının və Ramil Ağayevin tədqiqatlarına görə, həmin mənbələrdə olan bəzi ziddiyətlərə baxmayaraq, həmin vaxt Azərbaycan ərazisi şimalda Dərbənddən cənubda Zəncanadək uzanırmış (Bax: Nailə Vəlixanlı. Ərəb Xilafəti və Azərbaycan. Bakı – 1993, s. 74 – 78; Ramil Ağayev. Ərəb Xilafəti dövründə “Azərbaycan” tarixi coğrafi anlayışı, onun hüdudları və əhalisinin etnik tərkibi. BAO. Az saytı). Gəlin həmin məlumatlardan bəzilərinə birlikdə nəzər salaq.

Ə. Kəsrəvi azərilərin yalnız Azərbaycan ərazisində yaşadığını və Azərbaycanın da şimalda onu Arrandan ayıran Araz çayına qədər uzandığını iddia edirdi. Əl- Məsudi, əl-İstəxri, ibn Havqəl kimi müəlliflərin əsərlərində belə məlumatlar olsa da, onlar dolaşıq və ziddiyətlidir (Bax: Nailə Vəlixanlı. Yenə orada. s. 76 – 78). Məsələn, Ə. Kəsrəvi bu məsələdə ibn Havqəlin (977) “Kitab əl-məsalik vəl-məmalik” əsərində Arran dili haqqında verdiyi məlumata istinad edirdi. Lakin elə həmin ibn Havqəl həmin əsərində yazırdı ki, Qabh (Qafqaz) dağlarında 360 dildə danışılması haqqındakı məlumatı “mən bir çox kənddə olub, hər kəndin azəri və fars dillərindən başqa öz dilinin də olduğunu görənədək inkar edirdim” (Bax: Nailə Vəlixanlı. Yenə orada. s. 62). Bu məlumatdan belə bir nəticə çıxır ki, həmin vaxt Azəri dili hətta Böyük Qafqaz dağlarındakı kəndlərində belə yayılmış, müxtəlif dilli tayfalar arasında qeyri-rəsmi ünsiyyət dili olmuşdur. Bu isə ancaq sıx ünsiyyət və qonşuluq şəraitində mümkün ola bilərdi. Bunu əl-Müqəddəsinin arranlıların Fars dilində xorasınlılar kimi danışması haqqındakı məlumatı (Bax: Nailə Vəlixanlı. Yenə orada. s. 63) da təsdiq edir. Elə həmin İbn-Havqəl həmçinin Bərdənin Azərbaycan şəhəri olduğunu bildirmiş, Xəzər dənizinin təsvirini verdiyi xəritəsində Dərbənddən Gilanadək sahilboyu ərazini Azərbaycan kimi qeyd etmiş, Kür və Araz çaylarını, Muğan ərazisini onun tərkibində göstərmişdi (Nailə Vəlixanlı. Yenə orada. s. 37, 77; 131; Ramil Ağayev. Yenə orada.)

Ərəb müəlliflərindən ibn əl-Fəqih (X əsr) “Kitab əl-buldan” adlı əsərində yazırdı ki, Azərbaycan Bərdədən Zəncanadək olan ərazidir. Qudama ibn Cəfər (X əsr) isə “Kitab əl-Xərac və sənət əl-Kitab”adlı əsərində Bərdəni Azərbaycanın paytaxtı adlandırmışdı. Əl-Yəqubi (IX əsr) “Kitab əl-Buldan” və Əsəm əl-Kufi (X əsr) “Kitab əl-Futuh” adlı əsərlərində Bərdənin Azərbaycan şəhəri olduğunu bildirirdilər. Ət-Təbəri Həmədandan Dərbəndə qədər bütün şəhərlərin Azərbaycana məxsus olduğunu göstərirdi. Əl-Məsudinin (X əsr) “Muruc əz-zəhəb və mədain əl-cəvahir” əsərində “Azərbaycan ölkəsindən olan Arran” ifadəsi vardır və s.. (Bax: Ramil Ağayev. Yenə orada.). Bütün bunlardan belə bir nəticə çıxır ki, Ə. Kəsrəvinin bu iddialarının elmi dəyəri yoxdur və ona ümid bağlayanların nəsibi namünasib vəziyyətdə qalmaqdır.

Əhməd Kəsrəvinin etirafları

Ə. Kəsrəvinin böyük yalanının bir hissəsinin üstünü Sovet alimi B. V. Miller 1930-cu ildə açdı (Bax: B. V. Miller. O yazıke naseleniya Azerbaydıana do otureçeniya etoy oblasti. M., 1930). O, Ə. Kəsrəvinin elm və siyasət aləminə Azəri dilinin nümunələri kimi təqdim etdiyi materialları təhlil edərək belə bir nəticəyə gəldi ki, onlar qədim Fars dilində deyil, müasir Talış dilinə yaxın olan bir dildədir. Həm də, X-XII əsr Ərəb müəlliflərinin verdiyi məlumatlardan fərqli olaraq bu dil onun iddia etdiyi kimi, bütün Cənubi Azərbaycan ərazisində yox, yalnız Ərdəbil şəhəri və ətrafındakı ərazidə mövcud olmuşdur. B. V. Millerin apardığı tədqiqatların nəticələri ilə tanış olan Ə. Kəsrəvi 1938-ci ildə bu əsərini yenidən çap etdirərkən buraxdığı həmin səhvlərini etiraf etdi (Bax: A. Mamedov. Talışi kak nositeli drevneqo yazıka Azerbaydjana.). Yəni, Azəri dili qədim Fars dili deyil, müasir Talış dilinə yaxın olan ölü bir dildir və yalnız Ərdəbil şəhəri və yaxınlığındakı ərazilərdə mövcud olmuşdur. Lakin B. V. Miller Ə. Kəsrəvinin yalanlarını axıradək aça bilmədi. Çünki o da belə hesab edirdi ki, türklərin Cənubi Azərbaycan ərazisinə ayağı ilk dəfə XI əsrdə Səlcuq türklərinin işğalı zamanı dəymişdir. Belə olan halda, o təbii ki, haqqında X əsr Ərəb müəlliflərinin məlumat verdikləri Azəri dilinin indiki kimi türk dili ola biləcəyi ehtimalını ağlına belə gətirməzdi. Lakin o belə bir faktı nəzərdən qaçırdı ki, elə Ərəb mənbələrindəki məlumatlara görə, Azərbaycan qədimdən türklərin yaşadığı ölkədir (Bax: Ziya Bünyadov. Azərbaycan VII-IX əsrlərdə. Bakı-1989; Sara Kasumova. Azerbaydjan v III-VII vv. Baku – 1993; Nailə Vəlixanlı. Ərəb Xilafəti…; Ramil Ağayev. Ərəb Xilafəti dövründə  “Azərbaycan”…).

Ə. Kəsrəvinin uydurduğu azərilər kimdir?

Tədqiqatlar göstərir ki, Ə. Kəsrəvinin Azəri dilinin nümunələri kimi təqdim etdiyi materiallar Xərzani (Hərzani) və Kerinqani (Karinqani, Kirinqani) adlı Tati tayfalarının dilindədir. Xərzani və Kerinqani tayfaları Azərbaycanın içərilərinə XIV əsrdən tez olmayaraq Səfəvilər sülalasinin himayəsi altında Xalxal və Astaradan getmişlər (Bax: Tofiq Əzizov (Əzizbəyli). Skiflər, saklar, massagetlər, talışlar və azərilər. Avrasiya. info). Ərəb müəlliflərinin əsərlərində bu dilin də daxil olduğu dillərin ümumi adı Azəri deyil, əl-Fəhləviyə olmuşdur. Bəzi Ərəb müəlliflərinin onu əl-Dəriyə adlandırmasını da ehtimal etmək olar. Çaşqınlıq yaratmamaq üçün hələlik bundan artıq heç nə yazmıram.

Nəticə. İndiyədək aparılmış tədqiqatların nəticələri sübut edir ki, Ərəb müəlliflərinin haqqında məlumat verdikləri Azəri dili həmin dövrdə müxtəlif dilli etnoslar arasında qeyri-rəsmi ünsiyyət vasitəsi kimi ən azından Dərbənddən Zəncana qədər bütün Azərbaycan ərazisində yayılmış və həmin vaxt Xorasan dilinə yaxın olmuş hazırkı Azərbaycan türkcəsidir.

 

Tofiq Əzizov (Əzizbəyli)

tarixçi, arxeoloq

(Visited 664 times, 1 visits today)