AzTU ilə Xemnitz TU arasında inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinin Almaniyanın müxtəlif Texniki Universitetləri ilə əməkdaşlığı uğurla davam etdirilir.

AzTU-nun mətbuat xidmətindən Azadimform-a verilən məlumata görə, Universitetin maşınqayırma fakültəsinin dekanı, dos. Ə.S.Məmmədov bu günlərdə “Xemnitz şəhərində Metalkəsən dəzgahların Universitet tədqiqi və tədrisinin 60 illiyi” ixtisas-konfransında iştirak etmək üçün Almaniyanın Xemnitz Texniki Universitetinin Metalkəsən dəzgahlar və istehsal prosesləri İnstitutunda olub. Səfər zamanı AzTU ilə Xemnitz TU arasında əməkdaşlığın inkişaf perspektivləri və iş planı da müzakirə edilib.

Professor-müəllim, əməkdaş və tələbələrin mübadiləsi, AzTU və Xemnitz TU-nin   iştirakı ilə elmi-texniki konfransların, elmi, tədris-metodiki seminarların və yay məktəblərinin keçirilməsi məsələlərinin vacibliyi vurğulanıb.

Əldə olunan razılaşmaya əsasən, Xemnitz TU-nin Metalkəsən dəzgahlar və istehsal prosesləri İnstitutunun idarəedici direktoru, prof. Andreas Hirş bu tədris ilində 1 həftə müddətində AzTU-da olacaq və fakültənin tədrisin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələr, doktorantlar və əməkdaşlar üçün müasir metalkəsən dəzgahlar, istehsal prosesləri, virtual və innovativ texnologiyalar sahəsində mühazirələr oxuyacaq.

(Visited 1 times, 1 visits today)