“Bu təbəqədən olanlar üçün tədris mərkəzi yaradılsın”

Fiziki imkanı və əmək qabiliyyəti məhdud şəxslərə dövlət dəstəyi olsa da, onlara diqqət və qayğının bir qismi cəmiyyətdəki insanların üzərinə düşür. Bəs bu gün biz onlarla uyğun şəkildə davrana bilirik? Maddi və mənəvi ehtiyaclarının ödənməsi üçün cəmiyyət olaraq hansı təşəbbüsü göstərmişik? Tək davranış deyil, fiziki və əmək imkanları məhdud şəxslərə daha çox hansı sektorda diqqət ayrılır? kimi digər sualalarımızın cavabı HR Məktəbinin rəhbəri Kənan Rəhimovla müsahibəmizdə yer alıb.

 

 

-Özəl, yoxsa dövlət sektoru əmək qabilliyyəti məhdud şəxsləri işə dəvət etməkdə maraqlıdırlar?

– Müşahidələrimə əsasən deyə bilərəm ki, özəl şirkətlərdə fiziki imkanı məhdud şəxsləri əməyə cəlb etməkdə maraqlıdırlar. Əgər bir şirkətdə 12 işçidən birinin əmək qabiliyyəti məhduddursa, həmin müəssisəyə vergi və digər məsələlərdə güzəştlər olunur. Hətta ən böyük şirkətlər tərəfindən də əmək qabilliyyəti məhdud şəxsləri işə qəbul etmək təşəbbüsünə əməl edilir. Araşdırmalar aparılan zaman böyük şirkətlərdə işçiləri çox olduğu müəyyən edilsə də, əgər müəssisədə fiziki imkanları məhdud şəxs çalışırsa bu zamadan şirkətə güzəşt edilir. Özəl şirkətlərə iqtisadi baxımından da bu ənənə sərf edir.

– Əmək qabiliyyəti məhdud şəxslərə daha çox hansı vəzifələri icra etmək həvalə olunur?

– Əmək qabiliyyətini itirmiş şəxslərin imkaları şəxsi məsələlərdə məhdud ola bilər. Amma iş münasibətlərində yararlıdırsa bu şəxsi əməyə cəlb etmək mümkündür. Əgər şəxsin eşitmə, danışmasında problemi varsa bu zaman şirkətlər çox zaman kuryer işini onlara həvalə edirlər. Hərəkəti məhdud şəxslər isə opertor işini icra etmək uyğun bilinir. Bu onlara çox xoş olur. İmkanları çərçivəsində istənilən işi icra etmək onlar üçün müsbət haldır.

– Bütün əmək qabiliyyəti məhdud və ya iş funksiyasına uyğun çalışmaq şansları olmayan şəxslər üçün hansı təcrübə keçərlidir?

– Həm fiziki imkanları məhdud şəxslərin həm də məcburi köçkünlərin fiziki şəxs kimi sahibkarlıqla məşğul olmaq imkanları çox azdır. Onların peşəkar hazırlığı üçün bazaları olmalıdır. Məsələn deyək ki, məcburi köçkün olan vətəndaş rayonunda kənd təsərrüfatı ilə məşğul olub. Bu sahədə yetərincə biliklərə də sahibdir. Amma indi bu şərait yoxdur və onun himayəyə ehtiyacı var. Tez- tez məcburi köçkünlər kompensasiyanın ödənilməsini tələb edirlər. Bu mümkün olmayan halda məcbur olub saxta əlillik vəsiqələri alırlar ki, maddi ehtiyaclarını ödəyə bilsinlər. Ona görə ki, onlar əmək qabiliyyətinin olmasına baxmayaraq əmək funksiyaları şəhərdəki tələblərlə üst-üstə düşmür. Yaxşı olardı ki, həm əmək qabiliyyəti məhdud şəxslərə, həm də ki, məcburi köçkünlərə xüsusi tədris mərkəzləri yaradılsın ki, iş funksiyalarını icra etmək üçün tədris proqramı keçsinlər.

– Əmək imkanı məhdud şəxs onunla kobud davranan və ya qüsurunu üzə vuran vətəndaşı məhkəməyə verə bilər?

– Əmək imkanı məhdud şəxsə cəmiyyətin davranışı birmənalı deyil. Bəzən bilərəkdən və ya bilməyərəkdən fiziki imkanları məhdud şəxslərlə kobudluq hallarının çox şahidi oluruq. Və ya onun qüsuru ilə zarafat edirlər. Təbii ki, bu əks tərəfdə psixoloji travma yaradır. Belə olan halda qarşı tərəfi məhkəməyə vermək mümkündür? sualına gəldikdə isə bu addımı atmaqdan çəkinirlər. Nədənsə onlarda məhkəmə qorxusu var. Yaxşı olardı ki, insanlar özləri arasında bunu həll etsinlər.Yanında gedən bir şəxs fiziki imkanı məhdud şəxslə kobud davranırsa, və ya zarafata salıb onun çatışmayan tərəflərini üzə vurursa o zaman onu tənqid etməli, sərt davranmalıdır. Fiziki imkanı məhdud şəxsin qüsuru ona irad tutularsa, bu mexaniki olaraq onda travma yaradır və ömürlük həmin irad onun yaddaşından silinmir.


İnterpress.az