Geofizik Elçin Xəlilov: Zəlzələlərə qarşı durmaq olar

Bunu SalamNews-a müsahibəsində məşhur geofizik, Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan şöbəsinin prezidenti professor Elçin Xəlilov bildirib.

– Elçin müəllim, alimlər zəlzələ proqnozunun mümkünlüyü barədə ziddiyyətli fikirlər səsləndirirlər. Zəlzələləri Qlobal Proqnozlaşdırma Şəbəkəsi belə proqnozları təqdim edir. Bununla bağlı fikrinizi ifadə edərdiniz.

– Tərəfimdən zəlzələlərin proqnozlaşdırılması sahəsində 30 ildən artıq aparılan araşdırmalar klassik proqnozlaşdırma metodlarının uğursuzluğunun səbəbini aşkara çıxarmağa imkan verib. Elm və texnologiya bir yerdə dayanmır. İnformasiya və kompüter texnologiyalarının intensiv inkişafı tərəfimdən rəhbərlik edilən Beynəlxalq Elmlər Akademiyası Zəlzələlərin Öyrənilməsinin Proqnozlaşdırılması Elmi-Tədqiqat İnstitutunda prinsipial olaraq yeni zəlzələləri qısamüddətli proqnozlaşdırma texnologiyası yaratmağa imkan verib. Biz bundan əvvəl geofizika qurğularında tətbiq edilməyən prinsiplərdən istifadə edən yeni geofiziki cihaz yaratmışıq. Bu cihaz “ATROPATENA Zəlzələlərin proqnozlaşdırılması stansiyası” adlandırılıb. Bir-birindən böyük məsafədə – İndoneziya, Pakistan, Azərbaycan, Türkiyə və Ukraynada yerləşdirilən ATROPATENA stansiyaları internet texnologiyası vasitəsilə vahid şəbəkədə birləşdirilib. Bu şəbəkədə bütün stansiyalar tərəflərindən qeydə alınan informasiyanı fasiləsiz olaraq mərkəzi məlumat bazasına ötürür. Məlumatlar analiz edildikdən sonra institutumuz şərq yarımkürəsi üçün həftəlik proqnoz təqdim edir.

Güclü zəlzələnin baş verməsinə 3-7 gün qalmış, zəlzələ ocağında enerji miqdarı kritik həddə çatdıqda ondan bütün tərəflərə tektonik dalğalar yayılır. Bu gün mövcud olan heç bir cihaz bu dalğaları qeydə ala bilmir, bizim ATROPATENA stansiyası isə bunu bacarır!

Hər bir stansiya tektonik dalğaları qeydə alaraq, zəlzələ ocağına doğru istiqaməti müəyyənləşdirir. Zəlzələ ocağına istiqaməti əks etdirən düz xətlərin kəsişməsi gözlənilən təkanın koordinatlarını təyin etməyə imkan verir.

Qısamüddətli proqnozlarımızın daha bir xüsusi xarakteristikası bizim təkcə zəlzələlərin gücünü, vaxtını və yerini deyil, eyni zamanda gələcək güclü zəlzələlərin sayını təqdim etməyimizdir. Zəlzələlərin Qlobal Proqnozlaşdırılması Şəbəkəsi (GNFE) 2009-cu ilin əvvəlindən fəaliyyət göstərir və bu vaxt ərzində Rixter cədvəli üzrə 5 baldan artıq maqnitudalı zəlzələlər üçün 300-dən çox proqnoz təqdim olunub. Onlardan 91%-i təsdiqlənib. Bu obrazla başqalarının proqnozlaşdırmanın mümkün olub-olmadığına dair mübahisə etdikləri bir zamanda biz artıq yeddi ildir, uğurlu proqnozlaşdırma həyata keçiririk. Proqnozlar məxfi şəkildə yalnız GNFE-yə daxil olan ölkələrin dövlət orqanları nümayəndələrinə təqdim edilir.

– Son zamanlar Yerin müşahidə edilən seysmik fəallığının artmasına səbəb nədir?

– Hazırda müşahidə etdiyimiz artan seysmik fəallığın başlıca səbəbi planetimizin növbəti geodinamik aktivlik siklinə daxil olmasıdır. Artıq söylədiyim kimi, planetimizdəki bütün proseslər sərt qaydada siklliliyə tabedir və bu cəhətdən zəlzələ istisna deyil.

İnstitutumuzun araşdırması göstərdi ki, gözlənilən sikl bir o qədər adi deyil. Məsələ burasındadır ki, ondan əvvəl olduqca uzunmüddətli seysmik sakitlik dövrü hökm sürüb. O zaman güclü və orta zəlzələlərin sayı son 100 il ərzində minimumadək azalıb.

Əyanilik üçün 2026-cı ilədək Yerin uzunmüddətli seysmik aktivliyi proqnozunun yer aldığı qrafiki təqdim etmək istəyirəm.

Yerin seysmik aktivliyi proqnozu qrafiklərində göründüyü kimi, zəlzələlər üçün seysmik aktivliyin növbəti zirvəsi belə olacaq:

–  M 6.0- 6.9  –   2018-2026 illər (orta güclü);

–  M 7.0- 7.9   –  2016-2021 illər (güclü);

–  M ≥ 8 – 2018-2023 illər (faciəvi)

– Bu yaxınlarda İmişlidə baş verən və yerli əhali arasında təşvişə səbəb olan silsiləvi yeraltı təkanları necə qiymətləndirirsiniz?

– Həqiqətən, son bir neçə həftə ərzində Azərbaycanda seysmik fəallıq artıb. Oktyabrın 16-da İmişli rayonu ərazisində 4.5 maqnitudalı zəlzələ baş verib. Bundan əvvəl elə bu zonada daha bir neçə daha zəif təkan qeydə alınıb. Oktyabrın 5-də Xəzərin mərkəzində 4.1 maqnitudalı təkan olub.

Sentyabrda Azərbaycanın şimal-qərb hissəsində 4.1 və 4.4 maqnitudalı iki hissolunan təkan qeydə alınıb. Əlbəttə ki, bu zəlzələlər orta zəlzələ göstəricilərinə belə malik deyil, lakin kifayət qədər hissolunandır.

Bütün bunlar Qafqazda seysmik aktivliyin tədricən artmasına şahidlik edir. Məsələ burasındadır ki, Azərbaycan Cənubi Qafqaz çökəkliyi ilə birgə praktiki olaraq tam şəkildə həm Azərbaycanın quru ərazisini, həm də Xəzər dənizinin cənub ərazisini əhatə edən “Cənubi Xəzər” mikrotavasında yerləşir. Bu mikrotava şimal və cənubdan iki nəhəng yer qabığı bloku ilə sıxılı vəziyyətdədir. Onlar bir-birinə yaxınlaşaraq bizim kiçik tavanın litosferini getdikcə daha çox sıxır. Məhz bu səbəbdən burada seysmik fəallıq artır.

Digər tərəfdən, bütün Böyük Qafqaz və Xəzərin mərkəzi hissəsindən Himalay dağlarına qədər həddən artıq böyük yer qabığı çatı – Benof zonası uzanır. O, başlanğıcını Alp dağlarından götürür. Bir vaxtlar, təxminən 150 milyon il əvvəl bu ərazidə ən qədim okean olan Tetisin suyu dalğalanırdı. Üzərində Afrika kimi materik, Ərəbistan, hazırkı İranı daşıyan litosfer tavalarının şimala doğru üfüqi yerdəyişməsi nəticəsində okean “bağlanıb”, onun yerində isə qitələrin toqquşma sərhədində dağ silsiləsi yüksəlib. Böyük və Kiçik Qafqaz ərazisi bu prosesin nəticəsidir. Bu proses hazırda da davam edir, lakin daha az intensivliklə. Və burada baş verən zəlzələ bunun nəticəsidir. Bu, qeyri-bərabər prosesdir, sıçrayışlarla baş verir, hər bir belə sıçrayış növbəti seysmik fəallıq artımı siklidir. İndi isə çox güclü sıçrayışı gözləyirik. Bu sıçrayış 2017-2026-cı illəri əhatə edəcək. İnsanlar psixoloji olaraq buna hazır olmalı, zəlzələyə qədər, zəlzələ zamanı və zəlzələdən sonra davranış qaydalarını detallı şəkildə öyrənməlidirlər. Heç vaxt qorxutmaq istəmirik, 2000-ci ildə olduğu kimi. O zaman tərəfimdən Bakı zəlzələsinin ortamüddətli proqnozu təqdim edilmişdi. Proqnoz 1999-cu ilin oktyabrında “Zerkalo” qəzetində dərc olunmuşdu. Məlum olduğu kimi, proqnoz 2000-ci il noyabrın 25-də Bakıda baş verən zəlzələ ilə təsdiqini tapdı. Bundan başqa, baş verən zəlzələnin hər üç parametri – gücü, vaxtı və episentri də proqnozla üst-üstə düşdü.

O zaman olduğu kimi, hazırda da yeganə istəyim təbii fəlakətin insanları pis vəziyyətdə haqlamaması üçün insanları və dövlət xidmətlərini xəbərdar etməkdir.

– Elçin müəllim, zəlzələyə davamlı bina ixtiranız barədə məlumat verərdiniz. Onlar məhz bizim ölkəmizdə nə qədər aktualdır?

– Sualla başlamaq istərdim: zəlzələ zamanı insanların ölümünün başlıca səbəbi nədir? Cavab öz-özlüyündə məlumdur: dağıntıları altında insanların qaldıqları binalar. Axı, insan açıq yerdədirsə, o zaman ən pis halda təkan onu yerə yıxar və o, kiçik zədə alardı. Deməli, bütün problem tikinti texnologiyasındadır. Sadə misal: Haitidə 2010-cu il yanvarın 12-də baş verən zəlzələ zamanı təxminən 250 min nəfər həlak oldu, son 10 ildə Yaponiyada baş verən oxşar maqnitudalı onlarla təkan zamanı 1 nəfər belə olsun, ölməyib. Səbəb binaların tikinti texnologiyasıdır. Haitidə evlər seysmik davamlı deyildi, Yaponiyada isə əksinə, evlərin əksəriyyəti yüksək seysmik davamlılığa malikdir.

Məsələ təkcə insanların seysmik davamlı ev tikə bilmələrində deyil. Onlar çox bahalı və konstruksiyasına görə qəlizdir.

Digər tərəfdən, insanlar metal konstruksiyalar və çoxlaylı panellərdən yığılma evlərə adət etməyiblər və bu, onlar üçün narahatdır. İnsanlar belə evlərdə özlərini narahat hiss edir, bu səbəbdən seysmik cəhətdən davamlı olmayan daş və kərpicdən hazırlanmış daha rahat evləri üstün tuturlar. Belə vəziyyət təkcə Şərq və Asiya ölkələrində deyil, Avropada da müşahidə edilir. İtaliya, Yunanıstan, Rumıniya, Macarıstan, Bolqarıstan və digər seysmik cəhətdən fəal ölkələrdə insanlar abad və rahat evləri müasir yığma konstruksiyalarla əvəzləməyə tələsmirlər. Bu səbəbdən institutumuzda hər kəs üçün bu növ binalar üçün görülməmiş xüsusiyyətlərə malik, adət edilən və rahat kərpic binalar – 10 baldan yüksək intensivli zəlzələlərə seysmik dözümlü binaların yaradılmasına qərar verildi. Bu proqram Beynəlxalq Elmlər Akademiyasının rəhbərliyi ilə həyata keçirilib və ona bilavasitə akademiyanın prezidenti professor Valter Kofler (Avstriya) cəlb edilib. İlkin olaraq beynəlxalq Avropatent verilən ideya ortaya çıxıb, bundan sonra uğurlu model sınaqları baş tutub.

İxtiraların ilkin nəticələrini “Sülh naminə elm” beynəlxalq proqramına təqdim etməklə qrant qazandıq. Bu qrant vasitəsilə texnologiya mükəmməl səviyyəyə gətirilib. Layihə çərçivəsində zəlzələlərin sınağı üçün böyük seysmik platforma yaradılıb. Bu platformanın üzərində xüsusi seysmik davamlı bloklardan ibarət bir və iki mərtəbəli binalar tikilib. Texnologiyanın məğzi bundan ibarətdir ki, kərpiclər bir-biri ilə sement qarışımı vasitəsilə deyil, elastik dempferedici düyünlər – binanın bütün kərpiclərini vahid elastik monoblokda birləşdirən kilidlərlə birləşir. Kərpiclərin içərisində böyük boşluqlar var, deməli, səs və istilik izolyasiyası xüsusiyyətlərinə malikdirlər.

Sınaqlar seysmobloklardan hazırlanmış binaları ən böyük gücə malik zəlzələlərin dağıda bilməyəcəyini nümayiş etdirməklə yanaşı, partlayış və partlayış dalğalarına, mexaniki təsirlərə 500% daha davamlı olduğunu göstərdi. Bina güclü zəlzələlər zamanı dağılmır, sadəcə, formasını dəyişir və təkan bərpa olduqdan sonra əvvəlki vəziyyətinə qayıdır. Titrəyən binalar xarici görünüşcə rəqsi xatırladır, bu səbəbdən texnologiya “Rəqs edən binalar texnologiyası” (“Dancing Building Technology” (DBT)) adlandırılıb. Texnologiyanın başqa adı “Təhlükəsiz binalar”dır. İkinci ad texnologiyanın məğzini daha dəqiq əks etdirir, axı, yeni texnologiya üzrə tikilmiş evlər təbii fəlakətlər və fövqəladə halların əksəriyyətinə tab gətirə bilər.

Digər tərəfdən, bu texnologiya çox sadə və ucuzdur. Onun əsasında tikilmiş bina qiymət baxımından daş və kərpic evlərdən baha başa gəlmir.

Yeni texnologiyanın daha bir üstünlüyü də odur ki, bu binaları kərpiclər üzrə hissələrə ayırmaq və başqa yerə aparmaq olar və ya tez bir zamanda yenidən qurmaq olar.

“Təhlükəsiz binalar” təkcə seysmik fəal regionlar üçün deyil, həm də lokal münaqişələr və hərbi əməliyyatlar zonaları üçün aktualdır. Belə ki, onlar belə binalarda yaşayan insanları mərmilər və partlayışlar, mexaniki zədələrdən maksimal dərəcədə qoruya bilər. Bu layihə əsasında tikilmiş binalar, həmçinin karyer, dağ-mədən zonaları, güclü titrəyişlər yaradan müəssisələr, güclü nasos stansiyaları, hidrotexniki tikililər yaxınlığında da aktualdır.

Xüsusi olaraq qeyd etmək istərdim ki, bu binalar aztəminatlı ailələr üçün sosial evlərin yaradılması üzrə dövlət proqramı çərçivəsində də istifadə edilə bilər. Əgər şəhərlərdə bu məqsədlər üçün hündür binalar tikilirsə, o zaman dağ kəndləri və rayonlarda bizim texnologiyamız üzrə “təhlükəsiz binalar” tikilə blər. Onlar kəndlərdə sosial obyektlərin – məktəblər, uşaq bağçaları, xəstəxanalar və dövlət müəssisələrinin tikintisi üçün əvəzolunmazdır.

İnstitutumuz bu texnologiyadan istifadə hüququnu Qafqazda modul binaların tikintisi bazarında liderlər sırasına daxil olan “MAKS Ltd.” şirkətinə verib.

– Planlaşdırılmış layihələr barədə danışardınız.

– Bəzi planlar haqqında artıq danışmışam. Biz əhalinin geniş təbəqəsinin məhdud informasiya almasını nəzərdə tutaraq GNFE çərçivəsində təqdim edilən zəlzələ proqnozlarının funksional genişləndirilməsi üçün İT texnologiyalarının tətbiqi ilə xüsusi platforma qurmağı planlaşdırırıq. Planetimizin bütün qitələrində yerləşdirməyi planlaşdırdığımız ATROPATENA stansiyasının yeni modeli tətbiq mərhələsindədir.

(Visited 2 times, 1 visits today)