İnformasiya Texnologiyaları İnstitutunda yeni texnologiyalar tətbiq olunmaqla veb-saytlar hazırlanır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun istiqamətlərindən biri də dövlət qurumları və strukturları, müxtəlif idarə, təşkilat, müəssisə və şirkətlər üçün yüksək dizayna və keyfiyyətə malik veb-saytların yaradılmasıdır.

Bu barədə AZƏRTAC-a məlumat verən institutun şöbə müdiri Gülnarə Nəbibəyova son zamanlarda veb-saytların yaradılması istiqamətində həyata keçirilən işlərdən danışıb. Bildirilib ki, institutun www.ict.az veb saytının dizaynı ən son texnologiyalar tətbiq olunmaqla yenidən işlənib, o cümlədən onun mobil versiyası yaradılıb.

G.Nəbibəyova AMEA-nın elmi bölmələrinin, Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının veb-saytlarının da yüksək səviyyədə hazırlanaraq istifadəyə verildiyini deyib.

Həmçinin şöbənin dizayner və proqramçıları tərəfindən AMEA-nın Təcrübə-Sənaye Zavodu, Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu və Azərbaycan Dövlət Dəniz Akademiyasının veb-saytlarının işləndiyini diqqətə çatdırıb.

G.Nəbibəyova dizayner və proqramçıların veb-saytları yaradarkən bu sahədə dünya təcrübəsini və müasir tələbləri araşdırdıqlarını, yeni texnologiyaları tətbiq etdiklərini vurğulayıb.

(Visited 3 times, 1 visits today)