Mərkəzi Elmi Kitabxanada “Kitabxanada bir gün” adlı tədbir keçirilib

Oktyabrın 27-də AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə  Beynəlxalq Məktəb Kitabxanaları Gününə həsr edilən“Kitabxanada bir gün” adlı tədbir keçirilib.

Tədbiri giriş sözu ilə açan MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova Beynəlxalq Məktəb Kitabxanaları Gününün əhəmiyyətindən danışıb. O, kitabxanaların elmin, təhsilin, mədəniyyətin inkişafında mühüm rol oynadığını vurğulayıb. L.İmanova MEK-in oxucularının sayında tələbə gənclərin üstünlük təşkil etdiyini qeyd edib.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Fondun kitab və kitabxanalarla bağlı gördüyü işlərdən danışıb. Natiq qatarlarda, mehmanxanalarda, səfirliklərdə, həmçinin uşaq əyləncə mərkəzlərində kitabxanaların yaradılmasının zəruriliyini qeyd edib.

MEK-in Kitabxana-Xidmət şöbəsinin Fondların mühafizəsi bölməsinin əməkdaşı, əməkdar mədəniyyət işçisi Adilə Məmmədova kitabxananın Nadir kitab fondunda mühafizə olunan “Miniatür kitab kolleksiyası”nı təqdim edib. Bildirib ki, bu fondda 640 nüsxə miniatür kitab mühafizə olunur. Bu kitablar əsasən Moskva Mərkəzi Kitab kollektorundan və  kitab mübadiləsi yolu ilə əldə edilib.

Bilik Fondunun əməkdaşı Ramilə Qurbanlı fondun tələbələrlə birlikdə hazırladığı “Azərbaycan nağılları” kitabını təqdim edərək, buradakı nağılların ingilis dilində çap edildiyini bildirib.

Daha sonra MEK-in Kitabxana-Xidmət şöbəsinin Fondların formalaşdırılması bölməsinin əməkdaşı Xədicə Ağayeva sentyabr-oktyabr ayları ərzində kitabxanaya daxil olan sənədlər (kitablar, dissertasiyalar, jurnallar və s.) haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Sonda bir qrup kitabxanaçıya Bilik Fondu tərəfindən təşəkkürnamə təqdim edilib.

(Visited 1 times, 1 visits today)