“Qarabağ geyimləri” kitab-kataloqunun təqdimatı keçirilib

Oktyabrın 21-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) qrantı əsasında nəşr olunmuş “Qarabağ geyimləri” kitab-kataloqunun təqdimatı keçirilib.

Tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov kitab-kataloq haqqında iştirakçılara məlumat verərək, nəşri xalqımızın yaratdığı geyim mədəniyyətini nümayiş etdirmək, milli adət və ənənələrin təbliği baxımından mühüm mənbə kimi dəyərləndirib.

Sonra çıxış edən EİF-in icraçı direktoru Elçin Babayev rəhbərlik etdiyi qurumun keçirdiyi qrant müsabiqələrinin əhəmiyyətindən danışıb.

Kitab-kataloq haqqında məlumat verən icraçı direktor bildirib ki, təqdim olunan nəşr Azərbaycanda ilk dəfə olaraq Qarabağ bölgəsi əhalisinin geyim mədəniyyətinin tarixi-etnoqrafik baxımdan geniş araşdırılmasına və onun kataloqunun hazırlanmasına həsr olunub. Təqdim olunan nəşrdə ilk dəfə çöl-etnoqrafik materialları, arxiv sənədləri, muzey kolleksiyaları, ailə saxlanclarında qorunan fotoşəkillər əsasında XIX-XX əsrin əvvəllərində Azərbaycanın Qarabağ tarixi-etnoqrafik bölgəsi əhalisinin geyim mədəniyyəti, onun təsnifatı, məhəlli-lokal xüsusiyyətləri, əyani-vizual görüntüləri və tarixi-etnoqrafik tədqiqi, həmçinin dövrün sosial-siyasi və iqtisadi-mədəni hadisələrinin geyim mədəniyyətinə təsiri məsələləri əksini tapıb.

Nəşrin müəllifləri Fəzail Vəliyev və Gülzadə Abdulovadır. Kitab-kataloqun elmi redaktoru sənətşünaslıq doktoru Sabirə Dünyamalıyeva, rəyçiləri AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadə, sənətşünaslıq doktoru Sevil Sadıxova və sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə İbadovadır.

Digər çıxış edənlər də Qarabağın tarixinə, mədəniyyətinə həsr olunan əsərlərin, kitab-kataloqların sayının daha çox olmasının vacibliyini vurğulayıb, müəlliflərə uğurlar arzulayıblar.

Daha sonra Qarabağ geyimləri nümayiş etdirilib.

Tədbir çərçivəsində Elmin İnkişafı Fondunun yeni İnternet portalının və Fond tərəfindən yaradılmış “e-Qrant” – Qrant Layihələrinin Elektron İdarəolunması Sisteminin – eksklüziv təqdimatı da baş tutub. Prezident İlham Əliyev tərəfindən 2009-cu il 21 oktyabr tarixində yaradılmış Fond ötən 7 il ərzində yüzlərlə elmi-tədqiqat layihəsini maliyyələşdirib, yeni laboratoriyalar yaradıb, müxtəlif qurumlarda elmi cihaz və avadanlıqlar bazasını ən müasir səviyyədə yeniləyib, nəşrləri maliyyələşdirib, onlarla beynəlxalq və regional konfranslar keçirib, ixtisasartırma proqramlarına qrant ayırıb. Daima öz fəaliyyətini təkmilləşdirən Fondun növbəti innovativ yanaşmalarından biri də müsabiqələrdə iştirakın elektron-dövlət prinsipinə uyğun olaraq “e-Qrant” şəklində reallaşdırılmasıdır.

(Visited 4 times, 1 visits today)