Tarix İnstitutunda Elmi Şuranın – növbəti iclası

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.

ATV.az-ın məlumatına görə, Elmi Şuranın iclasında Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Prezident İlham Əliyevin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” sərəncamı və AMEA-nın Rəyasət Heyətinin qərarı ilə bağlı institutun tədbirlər planı haqqında şura üzvlərinə ətraflı məlumat verib. İclasda institutda Təhsil şöbəsinin yaradılması, görkəmli səfəvişünas alimOqtay Əfəndiyevin 90 illik yubileyinin keçirilməsi, institutun əməkdaşlarının monoqrafiya və məqalələrinin çapa məsləhət görülməsi haqqında qərar verilib.

Çapa məsləhət görülmüş monoqrafiyalar arasında tarixçi-alimlər İradə Bağırova və Sevinc Əliyevanın “Şimali Qafqazın türk xalqlarının tarixi”, Kamran İsmayılovun “Naxçıvan regional hərbi-siyasi proseslərdə (1917-1920-ci illər)”, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi İmaş Hacıyevin “Keşikçidağ” mağara-məbədlər kompleksi və s. adlı mühüm kitablar var.

Y.Mahmudov bildirib ki, “Keşikçidağ” qədim Azərbaycan-alban məbədidir: “2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə həmin ərazidə “Keşikçidağ” Dövlət Tarix Mədəniyyət Qoruğu yaradılıb. Prezident şəxsən özü qoruğun açılışında iştirak edib. “Keşikçidağ” Azərbaycan torpağıdır və bu gün də Azərbaycan ərazisindədir”. Daha sonra Elmi Şuranın iclasında direktor müavinləri Cəbi Bəhramov və Tofiq Nəcəfli institutun çapa hazırladığı “Zəngəzur tarixi” və “Şəki tarixi” adlı fundamental kollektiv monoqrafiyaların vəziyyəti barəsində şura üzvlərinə məlumat veriblər.

İclasda bildirilib ki, Tarix İnstitutunun təşkilatçığı ilə II Azərbaycan Elm Festivalı çərçivəsində Şəki tarixinə həsr olunmuş konfransın keçirilməsi nəzərdə tutulub. Sonda Tarix İnstitutunda yeni yaradılmış “İctimaiyyətlə əlaqələr” şöbəsinin təqdimatı keçirilib.

 

(Visited 1 times, 1 visits today)