XI Uluslararası Türk Dili Qurultayı

2016-cı il, sentyabrın 25-28-i tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində İ.Doğramancı adına Bilkent Universitetinin, Yunus Emre İnstitutunun və Türkiyə-Azərbaycan Dostluq İşbirliyi Vəqfinin dəstəyi və təşkilatçılığı ilə XI Uluslararası Türk Dili Qurultayı keçirilmişdir. Qurultayda Belçika, Polşa, Azərbaycan, Qazaxstan, Türkiyədən 130-a qədər alim iştirak etmişdir.

Nəsimi adına Dilçilik İnstitunundan direktor, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu, elmi işlər üzrə direktor müavini Baba Məhərrəmli, Azərbaycan dilinin tarixi şöbəsinin baş elmi işçisi Vahid Zahidoğlu, Sosiolinqvistika və dil siyasəti şöbəsinin baş elmi işçisi Roza Eyvazova qurultaya qatılmışlar. Azər­baycandan Bakı Slavyan Universitetinin əməkdaşları Aygül Hacıyeva, Məhbubə Məmmədova, İkram Qasımov, Ziyafət Qasımova, İdarəçilik Akade­miyasının əmək­daşı İsgəndər İsgəndəov da bu qurultayda iştirak etmişlər.

Qurultayın açılışında təşkilat komitəsinin sədri Rasim Özyürək, Macarıstandakı Yunus Emre İnstitutunun müdiri Yakup Gül, Türkiyə-Azərbaycan Dostluq İşbirliyi Vəqfinin sədri Ənvər Həsənoğlu çıxış etmişlər.

XI Uluslararası Türk Dili Qurultayında türk dillərinin terminologiyası, tarixi, etimologiyası, frazeologiyası, tədrisi, qrammatikası, lüğətçiliyi möv­zu­larında məruzələr oxunmuşdur. Möhsün Nağısoylu “Şirazinin “Gülşeni-raz” əsəri əski türkçənin dəyərli qaynağı kimi”, Baba Məhərrəmli “Türk dillərində nostratik mənşəli sözlər”, Vahid Zahidoğlu “Dədə Qorqud kitabında Qazan xanın bir soylaması haqqında”, Roza Eyvazova “Dillərin qarşılıqlı əlaqələrində frazeologizmlərin rolu”, Məhbubə Məmmədova “Qloballaşmanın Azərbaycan dilinə təsiri”, Cahangir Cahangirli “Azərbaycan və Türkiyə türkcələrində beynəlmiləl terminologiya”, İkram Qasımov “Müstəqillik dövründə Azərbaycan dilinin terminologiyasının inkişafına təsir edən faktorlar”, Ziyafət Qasımova “Azərbaycan Universitetlərində Türkiyə türk­cəsinin tədrisi zamanı ortaya çıxan çətinliklər”, Aygül Hacıyeva “Türkcənin öyrənil­məsində ortaya çıxan bəzi məsələlər” mövzu­larında çıxış etmişlər. Möhsün Nağısoylu və Roza Eyvazova Qurultayın Bilim Kurulunun üzvü seçilmişlər.

Roza Eyvazova A panelində keçirilən məruzələrdə bölüm rəhbəri kimi də iştirak etmişdir. Qurultayda Azərbaycan alimlərinin çıxışları böyük maraqla qarşı­lanmışdır. Macarıstanda keçirilən bu beynəlxalq statuslu tədbirdə Türkiyə Respublikasının tanınmış dilçi-alimləri: Həmzə Zülfiqar, Mustafa Önər,  Leyla Karaxan, Abdurrahman Gözəl iştirak etmişlər.

Qurultayın ikinci günü tədbir iştirakçıları Dunay çayının sahilində yerləşən Buda­peşt şəhərinin tarixi yerləri, qədim mədəniyyət abidələri ilə tanış olmuşlar.

Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri, professor Vilayət Quliyev ölkəmizdən gələn nümayəndələrə xüsusi diqqət və qayğı göstərmiş, iştirakçıların qarşılanma və yola salınma mərasimlərini yüksək səviy­yədə təşkil etmişdir. Azərbaycan nümayəndə heyətinin üzvləri Azərbaycan Res­pub­likasının Macarıstandakı səfirliyində də olmuşlar. Səfirlikdə hərarətlə qarşı­lanan qonaqlara professor Vilayət Quliyev Azər­baycan Respublikasının Maca­rıstandakı səfirliyinin Azərbaycanın təbliği üçün gör­dükləri işləri haqqında geniş məlumat vermişdir.  Qeyd edək ki, məhz Azər­baycanın Macarıstandakı səfirliyinin köməyi ilə məşhur macar türkoloqu Georgi Hazainin Azərbaycan Milli Elmlər Akademiyasının Kitabxanasına hədiyyə etdiyi 1200-ə yaxın kitab respub­likamıza çatdırılmışdır. Azərbaycanın Maca­rıstandakı Səfirliyi Azərbaycanın tanın­mış ədiblərinin bir çoxunun əsərlərini macar dilinə tərcümə etdirmiş və yayınlamışdır.

Macarların genetik kökləri qədim türklərlə – hunlarla bağlıdır. Macarların özlərini ingiliscə hun adlandırması da təsadüfi deyil. Macarıstanda yüzlərlə kişi Atilla adını daşıyır. Macarıstan həm də dünya türkologiyasının əsas mərkəz­lərindən biri olmuşdur. Məşhur türkoloqlar: A.Vamberi, G.Hazai, L.Ligeti, K. Menqes, Y.Nemetin vətəni olan Macarıstanda keçi­rilən XI Uluslararası Türk Dili Qurultayı türkoloqların gələcəkdəki əlaqə­lərinin yaxınlaşması, iş birliyinin yaranması, ortaq layihələrin həyata keçirilməsi səbəbindən böyük tarixi əhəmiyyət daşıyır.

Akademik.Az

 

(Visited 1 times, 1 visits today)