Yeni nəsil superkompüterin hazırlanmasına başlanılıb

Çinin Milli Müdafiə Elm və Texnika Universiteti ilə Dövlət Superkompüter Hesablamaları Mərkəzi yeni nəsil superkompüter hazırlamağa başlayıb.

Milli Müdafiə Elm və Texnika Universiteti nümayəndəsinin sözlərinə görə, yeni superkompüter saniyədə kvintilyon əməliyyat yerinə yetirə biləcək. Gələcək superkompüter elmi-texniki tərəqqinin irəliləməsində və müxtəlif sahələrin inkişafında mühüm rol oynayacaq.

Akademik.az dni24.com saytına istinadən xəbər verir ki, bir müddət əvvəl Avropa İttifaqı, Yaponiya və ABŞ da yeni nəsil superkompüter hazırlamağa başlayıblar. Onların məqsədi 2020-ci ilədək saniyədə kvintilyon əməliyyat yerinə yetirə biləcək kompüter ərsəyə gətirməkdir.

Xatırladaq ki, ölkədə altı il əvvəl hazırlanan ilk “Tianhe-1” superkompüteri saniyədə kvadrilyon əməliyyat yerinə yetirə bilir. Kompüter hazırda da fəaliyyət göstərərək neft kəşfiyyatı, avadanlıq istehsalı, bioəczaçılıq və s. ilə əlaqədar qarşıya qoyulan vəzifələri icra edir. “Tianhe-1” hər gün 1400-dən çox tapşırıq yerinə yetirir.