Azərbaycan dilinin genetik kökləri

Buludxan Xəlilov
filologiya üzrə elmlər doktoru,
professor

Müasir türk dövlətlərinin – Türkiyənin, Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın, Türkmənistanın və digərlərinin dili ölkə və ulus ayrılığı, coğrafi ərazilərin təbiəti ayrılığı, sosial və siyasi ayrılıq, nəsillər arasında dövrün, zamanın yaratdığı ayrılıq fonunda təşəkkül edərək bugünkü mərhələyə gəlib çatmışdır. İndi də bu dillər əski tükcənin fonetik, leksik və qrammatik quruluşunu saxlamaqla həm də özəlliklərini, özünəməxsusluqlarını yaradır və inkişaf etdirirlər. Çox təbii qəbul olunan bu proses yuxarıda qeyd etdiyimiz ayrılıqlar fonunda türk dillərini təbii bir qanunauyğunluq kimi həmişə izləyir.

Türk dilləri ailəsinə mənsub olan dillər bir kökdən təşəkkül tapmışdır. Nəticədə türk dilləri anlayışı yaranmışdır. Bu, onu göstərir ki, Azərbaycan, türk, türkmən, qazax, qırğız və s. dillər türk dillərinə mənsubdur. Həmin dillərin hər biri müstəqil dil olsa da, birlikdə türk dillərinə – türk dil ailəsinə daxildirlər. Onların hər birinin müstəqil dil olması türk dil ailəsinə daxil olmalarını qətiyyən inkar etmir. Necə ki, rus, belorus, polyak, çex, serb və s. dillər slavyan dillərinə daxil olmaqla, hər biri müstəqil dil kimi fəaliyyət göstərir. Ancaq konkret olaraq slavyan dili anlayışı yoxdur, slavyan dilləri anlayışı vardır. Bu mənada türk dilləri anlayışı olsa da, türk dili anlayışı yoxdur. Türk dili anlayışı dedikdə Türkiyə Cümhuriyyətinin dövlət dili nəzərdə tutulur. Bu da ümumiləşdirici etnik və dil adı kimi nəzərdə tutulmur. Başqa sözlə, türk dili anlayışı ümumiləşdirici etnik və dil adı kimi başa düşülməməlidir. Əksinə, türk dilləri anlayışının ümumiləşdirici etnik ad olmasını nəzərdən qaçırmaq olmaz. Deməli, hal-hazırda türk dili ilə türk dilləri anlayışları bir-birindən fərqlənir. Bu fərqlərin mahiyyətinə, məzmununa varmaq vacibdir.

Türk tayfalarının və tayfa birliklərinin sayı müasir türk millətlərinin sayından qat-qat çox olmuşdur. Heç ən qədim və qədim türk dövrünü nəzərə almadan, təkcə V.V.Radlovun “Опыт словаря тюркских наречий” kitabındakı türk dillərini müqayisəyə cəlb etməli olsaq, bu deyilənlərin düzgün olduğunu görə bilərik. Belə ki, V.V.Radlovun lüğətindəki türk dillərinin adlarını (düzdür, V.V.Radlov o dövrün terminologiyasına uyğun olaraq türk dili yox, türk ləhcələri ifadəsini işlətmişdir) nəzərdən keçirsək fərqləri görə bilərik.

Abakan ləhcəsi                                           Kumandin ləhcəsi

Azərbaycan ləhcəsi                                     Koybol ləhcəsi

Altay ləhcəsi                                               Koman ləhcəsi

Barabin ləhcəsi                                          Krım ləhcəsi

Başqırd ləhcəsi                                          Kaçin ləhcəsi

Cığatay ləhcəsi                                          Çulım ləhcəsi

Yakut ləhcəsi                                              Kızıl ləhcəsi

Krım karaimlərinin ləhcəsi                         Lebedin ləhcəsi

Türk karaimlərinin ləhcəsi                          Saqay ləhcəsi

Luzk karaimlərinin ləhcəsi                          Şor ləhcəsi

Karakas ləhcəsi                                          Simbir ləhcəsi

Kazan ləhcəsi                                             Sayan ləhcəsi

Qırğız ləhcəsi                                             Tarançin ləhcəsi

Qara qırğız ləhcəsi                                     Teleut ləhcəsi

Tobol ləhcəsi

Qara tatar ləhcəsi

Tümen tatarlarının ləhcəsi

Uyğur ləhcəsi

XIX əsrdəki türk dillərini // ləhcələrini əks etdirən bu adlarla müasir dövrümüzdəki türk dillərinin adlarında olan fərqləri aydınca görmək mümkündür. Deməli, V.V.Radlovun verdiyi türk dillərinin //ləhcələrinin bəzilərinin tarix səhnəsindən çıxdığını, bəzilərinin assimilyasiya olunduğunu, bəzilərinin isə müasir türk millətlərinin yaranmasında tarixən iştirak etməli olduqlarını görürük. Əgər V.V.Radlov dövründən indiyə qədər türk dilinin // ləhcələrinin sayı, miqdarı arasında fərqlər varsa, onda ən qədim və qədim dövrlərdən başlayaraq XIX əsrə qədərki vəziyyəti də bu istiqamətdə müqayisə etməli olsaq, nə qədər fərqin olduğunu da söyləmək məcburiyyətində qalarıq. Bu mənada az, xəzər, oğuz… etnonimlərinin azərbaycanlıların formalaşmasında oynadığı rolu nəzərdən qaçırmamalıyıq. Yəni bu etnonimlər də tarixin müəyyən dövrlərində işlənsə də, sonralar Azərbaycan türklərinin tərkib hissəsinə çevrilmişdir.

Orta türk dövründə oğuz sözü ümumiləşdirici etnik ad kimi daha geniş işlənmişdir. Oğuz sözü ilə az, xəzər, uyğur və s. sözlər də əlaqəli olmuşdur.

Az sözünün “az xalqı” mənası haqqında birbaşa və dolayısı yolla qiymətli mülahizələr yürüdülmüşdür. (M.Seyidov. Azərbaycan xalqının soykökünü düşünərkən. “Yazıçı”, Bakı, 1989, s.13; R.Qurban. “Azəri”, “Atropaten”, “Azərbaycan” sözləri haqqında. Azərb.SSR EA xəbərləri (Ədəbiyyat, dil və incəsənət seriyası), 1968, N3, s.85; Играр Алиев. “Несколъко слов о скифо-сакской проблеме”. Известия АН Азерб. ССР, серия истории, философии и права. 1986, N 1, c.129 və s.). Bu sözün “az xalqı” kimi işləndikdə hansı anlamda olduğunu aydınlaşdırmaq üçün məsələyə türk məfkurəsindən diqqət yetirmək daha məqsədəuyğundur. Yeri gəlmişkən onu da qeyd edək ki, az morfemi “az xalqı” mənasında VII əsr yazılı abidələrində işlənmişdir. (С.Е.Малов. Памятник древнетюркской писъменности. М.-Л., 1951, с.362.). Bizə belə gəlir ki, az morfeminin “az xalqı” mənası azıq//azıx//azık variantlarında asemantikləşmişdir. Çox güman ki, azıq//azıx//azık variantlarının tarixən azı forması da olmuşdur. Doğrudan da akademik V.V.Bartold azı formasının mövcud olmasından bəhs etmiş və belə hesab etmişdir ki, İli, Çu çayları ərazisində azılar yaşamışdır. (В.В.Бартолъд. Сочинения. II т., I ч., М., 1963, с.485.). Onun fikrincə, azı sözü ilə bərabər azax sözünün də mövcudluğu ehtimal oluna bilər. (V.V.Bartold. Soçinenie. II t., I c., M., 1963, s.485.). Maraqlıdır ki, V.V.Bartold həm də bu sözlərin az tayfası ilə olan əlaqəsini diqqətdən qaçırmamışdır.

Az morfemi saqay dilində azık//azuq//ozuq//azıq (V.V.Radlov. Opıt slovarya tyurskix nareçiy. I t., I c., SPb., 1893, s.564.) variantlarında asemantik kök kimi işlənir. Bunlardan azık variantı krım tatarlarının dilində “azuqə” “ehtiyat (azuqə ehtiyatı olan)”, “əlverişli” mənalarını bildirir. (V.V.Radlov. Opıt slovarya tyurskix nareçiy. I t., I c., SPb., 1893, s.564.). Deməli, azık sözü türk dillərində tarixən “ruzusu olan” “ehtiyatı olan”, “azuqəsi olan” və s. anlamlarda olmuşdur. Nəzərə alsaq ki, azık//azuq//azıq variantlarının hamısında az sözü asemantik morfemdir, onda belə bir nəticəyə gəlirik ki, az morfemi tarixən “az xalqı” mənasında “ruzulu”, “ehtiyatlı”, “azuqəli” (ruzusunu, ehtiyatını, azuqəsini tanrı yetirən – B.X.) anlamında işlənmişdir. Yəqin ki, az sözü “ehtiyat”, “azuqə”, “ruzu” tanrısının adıdır. Bizcə, həmin tanrı məhz günəşlə bağlı olmuşdur. Daha doğrusu, əski dövrlərdə türk tayfalarının günəşə – oda inamı elə həmin tanrının varlığı kimi dərk edilmişdir. Eyni zamanda tanrının (günəşin – odun) adı az olmuşdur. Az adında olan tanrı türk qəbilə və tayfa birliklərinin bir qismi üçün mifonimləşmişdir. Ona görə də türk qəbilə və tayfa birliklərinin bir qismi özlərini Az xalqı adlandırmışdır. Bu xalqın isə azərbaycanlıların etnogenezində dayanan türk qəbilə və tayfa birliklərindən ən əsası olduğu heç də şübhə doğurmur. Maraqlıdır ki, bir çox türk xalqları kimi Azərbaycan türklərinin xarakterində də yaşayışı, gələcəyi üçün azuqə, ehtiyat toplamaq psixologiyası vardır. Eyni zamanda axirət azuqəsini, axirət gününü fikirləşmək bir daha buna misaldır. Allah (tanrı), ruzu, azuqə ilə bağlı atalar sözləri, alqışlar, qarğışlar da fikrimizi təsdiq edir: Arzun varsa, ruzun da var; Arzu olmayan yerdə ruzu da olmaz; Allah ruzunu yetirsin; Allah birini min eləsin; Ruzun göyə uçsun; Urvatın artıq olmasın və s. Real həyat hadisələrinin sınağından çıxmış və xalqımızın milli xəzinəsinə çevrilmiş bu tipli deyimlər – duyumlar minlərlədir.

Yeri gəlmişkən Azərbaycandakı Azıx mağarasının adı maraq doğurur və azık//azuq//ozuq//azıq variantları ilə nə dərəcədə ilişgəli olduğu bizi düşündürür. Azıx (mağara adı kimi) sözündəki az morfemi azık//azuq//ozuq//azıq variantlarında olduğu kimi asemantikləşmişdir. Belə ki, Az morfeminin “azuqə”, “ruzu”, “ehtiyat” mənaları (tanrı-günəş-od) mağara adı kimi işlənən Azıx sözündə də asemantik kökdür.

Az morfemi “az xalqı” mənasında öz izini azər (az-ər), xəzər (xəz-ər) etnonimlərində yaşadır. Bizə belə gəlir ki, Kaspi etnonimində kas– hissəsi də az etnonimi ilə bağlıdır. Həm də Kaspi və Xəzər sözləri eyni bir etnonimin paralel işlənmiş variantlarıdır. Akademik V.V.Bartoldun fikrincə, Xəzər dənizinin kənarında yaşayanları yunanlar Xəzərlər adlandırılmışdır (V.V.Bartold. Soçinenie. II t., I c., M., 1963, s.654.). Beyləqan şəhəri, Araz və Kür ərazilərində məskunlaşmış xalqlar isə özlərinə Kaspilər demişlər (V.V.Bartold. Soçinenie. II t., I c., M., 1963, s.654.). Biz yunanların adlandırdıqları Xəzərlərlə Beyləqan şəhəri, Araz və Kür ərazilərindəki Kaspilər arasında heç bir fərq görmürük. Azər//Xəzər//Kaspi paralellərinin “az xalqı” mənasında olan az sözü ilə eyni kökdən təşəkkül tapdığına inanırıq. Bunu F.A. Cəlilovun araşdırmaları da təsdiq edir. Onun fikrincə, azər//xəzər paralelləri eyni yuvaya girir. Müəllif yazır: “… //k dialekt fərqi əsasında azər//xəzər paralelləri eyni yuvaya girir:

az//as – – az+ər (azər)

az

kaz//kas – – kaz+ər (xəzər)

 

Artıq bu yuvadan törəyən kaz//kas kökünün etnonim yaradan -pi, -it, -aq, -ər morfemləri ilə ortaya çıxan kaspi, kasit, kasaq, kazax, kazar//xəzər etnonimlərindəki formalarının izahı çətinlik törətmir” (F.A.Cəlilov. Azərbaycan dilinin morfonologiyası. Bakı, 1988, s.271).

Bizə belə gəlir ki, az xalqının formalaşmasında oğuz boylarının güclü mövqeyi olmuşdur. Belə olan təqdirdə Azərbaycan, türk, türkmən və qaqauzların az etnik termini ilə ilişgəliliyi fikrini də söyləməli oluruq. Həm də az etnik termininin oğuz qrupu türk dilləri içərisində Azərbaycan dilinin – azərbaycanlıların etnogenezində birbaşa dayandığını şəksiz-şübhəsiz qəbul edirik. Konkret desək, az etnik termini saf şəkildə azərbaycanlıların etnogenezində mühafizə olunmuşdur.

Azəri dili barədə


Azəri dili
barəsində yanlış fikirlər mövcuddur. Bəzən Azəri dili düzgün olmayaraq fars ləhcəsi kimi göstərilmişdir. Bu barədə M.F.Köprülü yazır: “Azərbaycanda əskidən bəri işlədilən yerli ləhcəyə X – XIII əsr islam müəllifləri – Məsudidən Yaqut Həməviyə qədər azəri adını verirlər. Onlar bu ləhcəni səhv olaraq fars ləhcələrindən biri kimi göstərirlər. Yalnız Yaqubi IX əsrdə azəri sözünü Azərbaycanda yaşayan iranlı xalqın adı olaraq işlədir. Ancaq, sonrakı müəlliflərdə sözün bu mənada işlədildiyini görmürük. Buna görə azəri sözünün ibtidai etnik bir anlatma mənasında işlədildiyi halda, dilə xas olan bir termin mahiyyəti aldığı təxmin edilməkdədir” (M.Fuad Köprülü. Azəri (Türk dilindən Azərbaycan dilinə çevirənlər: Buludxan Xəlilov, Mirzə Ənsərli). “Elm”, Bakı, 2000, s.21). Yeri gəlmişkən qeyd edək ki, Azəri fars ləhcəsi deyildir. Eyni zamanda bu söz Azərbaycanda yaşayan iranlı xalqın adı kimi də başa düşülməməlidir. Azərbaycanda iranlı tat xalqı yaşayır. Bu xalqın adı da göründüyü kimi tatdır. İranlı tat xalqı ilə azəri arasında heç bir genetik yaxınlıq yoxdur. Bunların tarixi kökləri, dil qaynaqları bir-birindən fərqlənir. Azəri türkləri ilk növbədə Oğuz mənşəlidir. Ona görə də azərilərin digər türk xalqları ilə tarixi kökləri bir olsa da, onların dili müstəqil bir dildir. Özü də M.Fuad Köprülünün qeyd etdiyi mənada ləhcə yox, məhz müstəqil dildir. Bu dilin özünün dialektləri və şivələri mövcuddur. Ədəbi dil kimi XIII əsrdən üzü bu yana zəngin yazılı abidələri vardır. Oğuz qrupuna daxil olan türk, türkmən, qaqauz dillərindən müəyyən dərəcədə fərqli xüsusiyyətlərə də malikdir.

Azəri sözü Cənubi və Şimali Azərbaycanda yaşayan türklərin adı olmuşdur. M.F.Köprülü yazır: Cənubi və Şimali Azərbaycan (Arran və Şirvan) əraziləri XII-XV əsrlərdə tamamilə türkləşdikdən sonra azəri sözü buralarda yaşayan türklərin ləhcəsi kimi ifadə edilmişdir” (M.Fuad Köprülü. Azəri (Türk dilindən Azərbaycan dilinə çevirənlər: Buludxan Xəlilov, Mirzə Ənsərli). “Elm”, Bakı, 2000, s.21). Bu söz görünür ki, Azərbaycan türklərinin adı kimi qədim dövrlərdə işlənmişdir. Türk sözü ilə paralel olaraq azəri sözü dil adı kimi başa düşülmüşdür. Lakin türk sözü ümumiləşdirici söz olduğu halda, azəri sözü isə Cənubi və Şimali Azərbaycanda yaşayan Azərbaycan türklərinin adı olmuşdur. Bu barədə M.F.Köprülünün fikri maraqlıdır: “XIX əsr İran və Avropa müəlliflərindən bəziləri sözün əski məfhumunu bilmədikləri üçün azəri sözünü sadəcə “Azərbaycanın əski Türk ləhcəsi” mənasını bildirdiyini qeyd etmişdilər” (M.Fuad Köprülü. Azəri (Türk dilindən Azərbaycan dilinə çevirənlər: Buludxan Xəlilov, Mirzə Ənsərli). “Elm”, Bakı, 2000, s.21). Azəri sözü bəzən “azərbi” və “türkcə” kəlməsi ilə də işlənmişdir. Bu barədə M.F.Köprülü yazır: “…Xətib Təbrizi ilə Əbülüla Məərri arasındakı bir hekayədə adı çəkilən azəri kəlməsi şübhəsiz səhv olaraq “zəbani türkan”, yəni “türkcə” tərcümə edilmişdir” (M.Fuad Köprülü. Azəri (Türk dilindən Azərbaycan dilinə çevirənlər: Buludxan Xəlilov, Mirzə Ənsərli). “Elm”, Bakı, 2000, s.21). Əslində isə Xətib Təbrizi ilə Əbülüla Məərri arasındakı söhbətdən məlum olur ki, onların danışdığı dil azərbi dili olmuşdur. Azərbi və azəri sözləri eyni dilin adlarıdır.

Xətib Təbrizi ilə Əbülüla Məərri arasındakı bir hekayənin məzmunu isə belədir: Xətib Təbrizi kor filosof şair Əbülüla Məərrinin dərsində əyləşmişdi. Birdən onun Təbrizli qonşularından bir neçə adam içəri girir. Bu zaman Xətib Təbrizinin onlara qanı qaynayır. Həmin bu adamlar Xətib Təbrizinin həmyerliləri olurlar. Ona görə də Xətib Təbrizi müəllimindən icazə alır və öz həmyerliləri ilə söhbət edir. Söhbət qurtardıqdan sonra Əbülüla Məərri Xətib Təbrizidən həmyerliləri ilə hansı dildə danışdığını soruşur. O isə cavab verir ki, Azərbi dilində danışırdım. Əbülüla Məərri deyir ki, mən sizin dilinizi bilməsəm də, danışığınızı çox məmnuniyyətlə dinlədim. Sonra Əbülüla Məərri azərbi dilində olan danışığı olduğu kimi təkrar edir.

M.F.Köprülü Azəri ləhcəsinin hökmran olduğu sahələr barəsində yazırdı: “Bu gün Azəri ləhcəsinin hökmran olduğu sahələr şudur: əvvəla cənubi Qafqasiya (yəni əski Aran) türklərinin məskun olduqları Qafqas Azərbaycanı ilə İran Azərbaycanı ki, Azəri türkləri burada pək mühüm bir kəsafətə (sıxlığa-B.X.) malikdirlər; saniyən dağınıq bir halda Həmədan həvalisi, Farsistan, Xorasan və Tehran vilayətləri, İraq və Şərqi Anadolu əhalisinin mühüm bir qismi üçün Azəri ləhcəsi bu gün sadəcə təkəllüm lisani mahiyyətində (danışıq dili mahiyyətində – B.X.) qalmış, osmanlı hakimiyyəti – siyasiyyəsi altında yaşadıqları cəhətlə mərkəziyyət təsirilə İstanbulun mənəvi və lisani nüfuzu ədəbi lisan üzərində hökmran olmuşdur” (Bax: Köprülüzadə Məhəmməd Fuad. Azəri ədəbiyyatına aid tədqiqlər. Bakı, 1996, s.12).

Azəri türklərinin dili İran qrupuna daxil olan dil deyildir. Bu dilin fars ləhcəsi ilə də heç bir genetik əlaqəsi yoxdur. Buna baxmayaraq , bəzən siyasi məqsəd güdərək azəri dilini İran qrupuna daxil olan fars ləhcəsi hesab etmişlər. Azəri dilinə belə münasibət XX əsrin 60-cı illərində də mövcud olmuşdur. Belə ki, XX əsrin 60-cı illərində “Azərbaycan” sözü əvəzinə “azəri” sözündən daha çox istifadə olunmuşdur. Həmin dövrdə də azəri xalqı, azəri dili kəlmələri geniş yayılmışdır. Lakin XX əsrin 60-cı illərində o dövrün ideologiyası “azəri” kəlməsinin işlənməsinin qarşısını almışdır. Ona görə ki, siyasi rejim belə bir təbliğat aparmışdır ki, guya azərilər İran mənşəli xalqdır. Belə olduğu üçün bu addan imtina olunmuşdur. Halbuki, azəri dilinin İran dil qrupu, fars ləhcəsi ilə heç bir genetik əlaqəsi yoxdur. İkinci bir tərəfdən, əgər azərilərin dili İran qrupuna daxildirsə, bəs onların dili nə üçün fars dilindən kəskin şəkildə fərqlənir?! Deməli, XX əsrin 60-cı illərində bu məsələni ortalığa atmaqla Azərbaycan xalqına və dilinə qarşı bir repressiya aparılmışdır. Onu da qeyd edək ki, M.F.Köprülü də azəri dili ilə fars dilinin bir-birindən kəskin fərqləndiyini qeyd etmişdir. Onun fikrincə, “Azərbaycandakı yerli danışıq dilinin, yəni azəri ləhcəsinin İrandakı digər ləhcələrdən və xüsusilə yeni farsca dediyimiz ümumi ədəbi dildən çox fərqli olduğunu göstərən müxtəlif şahidlərə malikik: Hakim Naşiri Xosrov 438 (1046/1047)-ci ildə Təbrizdə məşhur şair Qətran ilə görüşdüyünü anladarkən onun fars dilini yaxşı bilmədiyini, hətta Mancik və Dəqiqi kimi bəzi şairlərin divanlarında başa düşmədiyi yerləri ondan soruşub öyrəndiyini qeyd edir…Qətran haqqındakı bu ifadəni azəri ləhcəsinin ədəbi farscadan çox fərqli olması ilə izah etmək lazım gəlir. Yenə bu dövrdə yaşamış Xətib Təbrizi ləqəbi ilə tanınan Əbu Zəkəriyyə Yəhya bəy Əliyə aid bir hekayədə Təbriz xalqının danışıq dilini azəri deyə adlandırır. (M.Fuad Köprülü. Azəri (Türk dilindən Azərbaycan dilinə çevirənlər: Buludxan Xəlilov, Mirzə Ənsərli). “Elm”, Bakı, 2000, s.23).

Orta türk dövründə cığatay və osmanlı ləhcələri ilə yanaşı azəri ləhcəsi də mövcud olmuşdur. M.F.Köprülüyə görə, “…türkcənin iki ədəbi ləhcəsi olan cığatay və osmanlı ləhcələri ilə bərabər Xorasandan Anadoluya və Qazfqazdan Bağdada qədər geniş bir sahədə XIV əsrdən bəri hakim olan üçüncü bir ədəbi ləhcə də vardır. Bu da azəri ləhcəsidir” (M.Fuad Köprülü. Azəri (Türk dilindən Azərbaycan dilinə çevirənlər: Buludxan Xəlilov, Mirzə Ənsərli). “Elm”, Bakı, 2000, s.22). Sonralar cığatay ləhcəsi özbək dili, osmanlı ləhcəsi türk dili (Türkiyə Cümhuriyyətinin dili), azəri ləhcəsi Azərbaycan dili adlanmışdır. Daha doğrusu, bu ləhcələr özbək, türk, Azərbaycan dillərini yaratmışdır.

Səlcuq İmperiyasından çox-çox əvvəl Azərbaycan ərazisində, o cümlədən Qafqazda türk tayfaları yerli xalqlar kimi yaşamışdır. Sonralar türk tayfalarının bu ərazilərə axını genişlənmiş və səlcuqların dövründə bu proses daha da güclənmişdir. Lakin heç bir elmi əsası olmadan Sovet tarixşünaslığında və iranşünaslıqda türklərin Qafqazda, o cümlədən Azərbaycanda yaşamasının tarixini çox-çox sonraya – bizim eranın XI əsrinə gətirib çıxarırlar. Sovet tarixşünaslığında belə bir yanlış mövqe o dövrün ideologiyasına uyğun olan tələblərlə bağlı olmuşdur. İranşünaslığın saxtakarlığı isə bir sıra səbəblərlə bağlıdır. Birincisi, türklərin Azərbaycanda yaşamasını XI əsrə gətirməklə bu dövrə qədər mövcud olan Azərbaycan tarixini İran tarixi kimi təqdim etmişlər. İkincisi, XI əsrə qədər Azərbaycanda türk dilinin olmaması, işlənməməsi mövqeyindən çıxış edərək bu ərazidə yaranmış ədəbi-bədii nümunələri isə İran-fars ədəbiyyatı nümunələri kimi təqdim etməyə cəhd göstərmişlər. Üçüncüsü, İranşünaslıqda fikrə görə, XI əsrə qədər Azərbaycanda fars dilinin bir şivəsi, yaxud İran dili olmuşdur. Guya buna görə də Azərbaycandakı şairlər və alimlər fars dilində yazıb yaratmışlar. Halbuki Azərbaycandakı şair və alimlərin fars dilində yazıb yaratmalarının səbəbi o dövrdə fars dilinin Yaxın Şərq xalqları arasında poeziya, elm dili olması və bu dilin nəinki Azərbaycanda, hətta Orta Asiyanın, İranın feodal saraylarında rəsmi dövlət dili kimi möhkəmlənən nüfuzu ilə bağlıdır. Bundan başqa, səlcuqların gəlişinə qədər Qafqazda, o cümlədən Azərbaycanda yaşayan tayfaların, etnosların dilləri içərisində türk dili daha geniş yayılmış dil olmuşdur. Çox güman ki, bu ərazilərdə türk dili ümumi danışıq dili olmaqla yanaşı, həm də bu dilin yazısı da yaranmışdır. Ancaq o dövrdə türk dilində (azərbaycanca) yazılmış əsərlər bizim dövrümüzə gəlib çatmamışdır. Görünür ki, Azərbaycana olan basqınlar, qarətlər, talanlar bu əsərləri məhv etmiş, onların dövrümüzə gəlib çatmasına maneçilik göstərmişdir. Nəticədə o dövrümüzə aid yazılı abidələrimiz yoxa çıxmışdır. Bu isə əsas vermir ki, kimlərsə XI əsrdən qabaq Qafqazda, o cümlədən Azərbaycanda türklərin (azərbaycanlıların) yaşamasını inkar etsin, türkcə (azərbaycanca) yazılmış əsərlərin yoxluğunu təsdiq etsin. Əgər belə olsaydı, onda XI-XII əsrlərdə birdən-birə o dövrün ədəbi dil normalarının tələbinə tam şəkildə cavab verən “Kitabi-Dədə-Qorqud” dastanları yarana bilməzdi. “Kitabi-Dədə Qorqud” dastanlarının dili isə o dövrdə ümumxalq dili kimi mövcud olmuş Azərbaycan dilidir. Deməli, XI əsrə qədər mövcud olan türk dilinin (Azərbaycan dilinin) yazısı Azərbaycana olan qarət, istilalar, hücumlar zamanı dağıdılmışdır.

Azərbaycan yazılı ədəbi dilinin tarixi XIII əsrdən başlayaraq İ.Həsənoğlunun yaradıcılığı ilə götürülür. Halbuki, yazılı ədəbi dilə qədər Azərbaycan ədəbi dilinin təşəkkülü, əsasən, iki mərhələdən keçmişdir:

  1. III-V əsrlərdən VII-VIII əsrlərə qədər;
  2. VII-VIII əsrlərdən XI-XIII əsrlərə qədər.

Birinci mərhələ ümumxalq Azərbaycan dilinin mövcud olması ilə səciyyələnmişdir. İkinci mərhələ isə ümumxalq Azərbaycan dilinin oğuz-səlcuq xüsusiyyətləri ilə qaynayıb qarışması prosesi kimi seçilmişdir. Buradan belə bir sual meydana çıxır. Görəsən, ümumxalq Azərbaycan dili mərhələsinə qədər qəbilə, tayfa dili mövcud olmuşdurmu? Bu sualın cavabı dialektik baxımdan da təsdiq edir ki, ümumxalq Azərbaycan dilinə qədər qəbilə, tayfa dili də özünü göstərmişdir. Əgər belə olmasaydı, onda birdən-birə ümumxalq dili də yarana bilməzdi. Ona görə də Azərbaycan ədəbi dilinin təşəkkülü III-V əsrlərdən önə – bizim eradan əvvəlki dövrlərə doğru gedir.

Deməli, XI əsrə qədər (səlcuqların gəlməsinə qədər) “Kitabi-Dədə-Qorqud” dastanları yaranana qədər, yazılı ədəbi dilimizin başlanğıcı kimi götürülən XIII əsrə qədər Azərbaycan dili uzun tarixi yol (qəbilə, tayfa, xalq mərhələsi yolu) keçmişdir. Lakin yuxarıda qeyd etdiyimiz kimi, XI əsrə qədərki yazı, ədəbi-bədii nümunələr məhv edildiyinə görə bu dövrə qədərki Azərbaycan dilini, tarixini, mədəniyyətini İranşünaslıq özününküləşdirməyə həmişə meyilli olmuşdur.

***

Azərbaycanda, Qafqazda türklər (azərbaycanlılar) eramızdan əvvəlki dövrlərdə yaşamış və mövcud olmuşlar. Bunu təsdiq edən onlarla fakt mövcuddur. Məsələn, M.Hacıyev ərəb alimi İbn Misqəveyhin belə bir fikrinə istinad edir: “Buştasf (İran şahıdır – B.X.) Tutəğlə (Yəmən padşahlarından biridir – B.X.) olan bu müharibəsindən sonra Azərbaycana daxil olur. O (yəni İran şahı Buştasf – B.X.) burada (yəni Azərbaycanda – M.H.) türklərin böyük müqavimətinə rast gəlir və onlarla qarşı-qarşıya durur” (Bax: Maqsud Hacıyev. Öz dilim-vicdanım, iftixarımdır. – Azərbaycan. N 8, 1990, s.166.). Bu istinaddan sonra M.Hacıyev yazır: “Göründüyü kimi, hələ Makedoniyalı İsgəndərin (e.ə.353-323) İrana hücumundan 50-60 il qabaq, yəni eramızdan əvvəl V əsrdə Azərbaycanda yaşayan yerli türk dilli tayfalar qüdrətli şahlarla vuruşa biləcək səviyyədə imişlər” (Bax: Maqsud Hacıyev. Öz dilim-vicdanım, iftixarımdır. – Azərbaycan. N 8, 1990, s.166.). M.Hacıyev İbn Misqəveyhinin Azərbaycan ərazisində bizim eradan əvvəl VI əsrin ortalarında indiki Xəzər dənizi boyunca türklərin yaşaması, eləcə də şimalda – Dərbənddə yaşayan türklərin cəsarətli, ölümdən, aclıqdan, qorxmayan adamlar olması, onların dövlətlərinin mövcudluğu və s. faktlarına istinad edir (Bax: Maqsud Hacıyev. Öz dilim-vicdanım, iftixarımdır. – Azərbaycan. N 8, 1990, s.166.). Bu ərazilərin qədimdən türklər ölkəsi olmasını da diqqətdən yayındırmadan yazır: “…eramızdan xeyli əvvəl, hələ VI əsrdə Azərbaycanda türklər nəinki varmış, hətta onların qüdrətli dövlətləri belə mövcud imiş” (Bax: Maqsud Hacıyev. Öz dilim-vicdanım, iftixarımdır. – Azərbaycan. N 8, 1990, s.167.).

M.Hacıyev İbn Misqəveyhiyə, E.A.Paxomova əsaslanaraq Azərbaycan ərazisinə gələn türklərin yerli türk tayfaları ilə qaynayıb-qarışması barədə yazır: “…hələ 1500 il bundan öncə – eramızın V əsrində türklərin Azərbaycan ərazisində: Gəncə və onun ətrafında yaşaması tarixi fakt kimi qeyd olunur. Daha sonralar – eramızın V-VII əsrlərində, hətta Dərbəndi keçərək Orta Asiyadan da türk tayfaları Azərbaycan ərazisinə gəlmiş, öz həmtayfaları ilə qaynayıb-qarışaraq bir torpaqda yaşamağa başlamışlar” (Bax: Maqsud Hacıyev. Öz dilim-vicdanım, iftixarımdır. – Azərbaycan. N 8, 1990, s.167.).Deməli, Orta Asiyadan türk tayfaları Azərbaycana gələnə qədər bu ərazidə (Azərbaycanda) yerli türk tayfaları yaşamışdır. Həm də Azərbaycanda yerli türk tayfalarının nüfuzu güclü olduğu üçün Orta Asiyadan gələn türklər burada (Azərbaycanda) asanlıqla məskən salmış və yerli türk tayfaları ilə qaynayıb-qarışmışdır. Əgər Azərbaycanda yerli türk tayfaları olmasaydı, onların gücü, nüfuzu öz üstünlüyü ilə seçilməsəydi, onda Orta Asiyadan gəlmə türklər asanlıqla assimlyasiya oluna bilərdi. Ya da başqa nüfuzlu tayfaların (əgər bu var idisə?) təsiri altına düşə bilərdi. Halbuki, Orta Asiyadan gəlmə türklər yerli türk tayfalarının möhkəmlənməsinə daha da geniş imkan yaratmışdır. Bunun nəticəsi kimi, zəngin ədəbiyyat, mədəniyyət yaranmışdır. Azərbaycan dili də ümumtürk bətnindən ayrılmış bir qol olmaqla öz varlığını qoruyub saxlamış və bu günümüzə gəlib çatmışdır. Əgər Azərbaycanda, Qafqazda türk dilinin rolu zəif olsaydı, onda Azərbaycan dili də öz varlığını qoruyub saxlaya bilməzdi. Budur əsl həqiqət və tarixi gerçəklik.

Hazırda türk dilləri elə bir inkişaf səviyyəsinə çatmışdır ki, onların hər birinin öz dialekt və şivələri formalaşmışdır. İndi türk sözü ümumiləşdirici etnik termin olmaqla yanaşı, həm də Türkiyə türklərinin dilidir və onun öz dialektləri vardır.

Türk xalqlarının tarixində türk, altay, tatar sözləri ümumiləşdirici etnik termin kimi işlənilmişdir. Hal-hazırda bu ümumiləşdirici etnik terminlər içərisində türk sözü öz güclü mövqeyini qoruyub saxlayır. Türk xalqları bu gün müxtəlif coğrafi regionlarda və müxtəlif dövlətlərdə yaşasalar da, ta qədim dövrlərdən bir mənbədən və mənşədən təşəkkül tapıb formalaşmışdır. Bu cəhətə M.F.Köprülü xüsusi olaraq diqqət yetirmişdir. M.F.Köprülüyə görə, türk dilinin hicri tarixilə V əsrdə “şərqi” və “qərbi” ədəbi dilləri mövcud olmuşdur. Bunlardan birincisi (yəni şərqi türkcə) Xaqaniyyə və cığatay türkcələrinin əsasını təşkil etmişdir. İkincisi isə (yəni qərbi türkcə) oğuz türkcəsidir. Oğuz türkcəsi Anadolu, Rumeli, Qafqaz, Azərbaycan, İraq və Əlcəzir türklərinin dilidir. M.F.Köprülünün  fikrincə, şərq türkcəsi Azəri və Osmanlı ləhcələrinə ayrılmışdır. Azəri ləhcəsinin təşəkkülü bir sıra amillərlə bağlı olmuşdur. Şərqə oğuz kütlələrinin axını lap qədim dövrdən bu ərazidə yaşayan oğuzların dilini və bütün ənənələrini daha da canlandırmışdır. Get-gedə Azəri ləhcəsi ilə Osmanlı ləhcəsi arasında fərqlər yaranmışdır. Halbuki əski dövrlərdə bu ləhcələr arasında heç bir fərq olmamışdır. Azəri ləhcəsinin İran təsiri altında qalması fərqləri getdikcə daha da çoxaltmışdır. Azəri, Osmanlı və cığatay ləhcələrinin yaranması və inkişafı həm də onların müstəqil dövlətlərinin təsis olunması ilə sıx şəkildə əlaqəlidir. Məsələn, Azəri ləhcəsinin ayrıca bir ədəbi dil kimi fəaliyyətində Səfəvilər dövlətinin böyük rolu vardır. Yaxud, Anadolu ləhcəsi üçün Osmanlı dövlətinin, cığatay ləhcəsi üçün isə özbək xanlığının oynadığı xidmətlər böyük təsirə malikdir. Bununla belə ləhcələrin hamısı bir mənbədən təkamül etmişlər (Bax: Köprülüzadə Məhəmməd Fuad. Azəri ədəbiyyatına aid tədqiqlər. Bakı, 1996, s.10-12).

Azəri dilinə İran və Sovet tarixşünaslığında indiyə qədər mövcud olan qərəzli münasibət nəyə görəsə (?!) 1998-ci ildə çap olunmuş “Azərbaycan tarixi” kitabında da davam etdirilmişdir. Əvvəla, bu kitabda bir-biri ilə daban-dabana zidd olan fikirlər, iddialar yürüdülmüşdür. Belə ki, müəlliflər azəri sözünün azərbaycanlı demək olduğunu və Mada, Atropatena, madalı, atropatenalı istilahlarını bir-birini əvəz edən istilahlar kimi qəbul etsələr də (Azərbaycan tarixi. Birinci cild. “Elm”, Bakı, 1998, s.265), dolaşıq, ziddiyyətli fikirləri ilə də çaşqınlıq yaradırlar. Ərəb müəlliflərinə istinad edərək qeyd edirlər ki, erkən və orta əsrlərdə Cənubi Azərbaycanda yayılmış dillər sırasında Azəri, pəhləvi, fars dilləri olmuşdur. Bu dillərin erkən və orta əsrlərdə Cənubi Azərbaycanda yayılmasına etiraz etmədən, müəlliflərin bu dillər sırasında azəri dilinin İran dillərindən olması fikrini irəli sürmələrinə etiraz etməli oluruq. Deməli, müəlliflərin yanlış fikirlərindən biri azəri dilini İran dillərinə daxil edərək “Azəri dilinin İran dillərindən olduğu mübahisəsizdir” fikrini deməsidir (Azərbaycan tarixi. Birinci cild. “Elm”, Bakı, 1998, s.267).

İkincisi, müəlliflər azəri dilini Azərbaycan dili adlandırsalar da (Azərbaycan tarixi. Birinci cild. “Elm”, Bakı, 1998, s.267), heç bir əsas olmadan bu dilin talış dilinə yaxın olduğunu deyirlər: “…hələ ərəb müəlliflərinin yaşayıb fəaliyyət göstərdikləri dövrdə Azərbaycanda fars dilindən güclü surətdə fərqlənən və talış dilinə yaxın olduğu aşkarlanan azəri dilində də danışırdılar. Azəri dilinə və müasir talış dilinə yaxın olan dialektlər hələ erkən orta əsrlərdə Cənubi Azərbaycan ərazisində geniş yayılmışdı” (Azərbaycan tarixi. Birinci cild. “Elm”, Bakı, 1998, s.266).

Müəlliflər İran alimlərinin təsiri altında qalaraq azəri dilinə talış dilindən başqa tati, xarzani, takestani, xalxali dialektlərini yaxın hesab edir. Və bu dialektləri də azəri dili ilə bərabər Mada dilinin varisləri hesab edir (Azərbaycan tarixi. Birinci cild. “Elm”, Bakı, 1998, s.267), bununla da Mada dilindən adları qeyd olunan dialektlərə də “pay” ayırırlar. Və Azəri dilinin Mada dilinin yeganə varisi olmaq imkanını əlindən alırlar. Madada yaşayan etnosları yaxın hesab edərək məsələni siyasiləşdirir, azəri dilini İran dillər qrupuna daxil edir, İran alimi Seyid Əhməd Kəsrəvinin yanlış konsepsiyasına haqq qazandırır və daha sonra davam edərək yazırlar: “Kəsrəvi azəri dilinə dair materialları ilk dəfə aşkara çıxardı, orta əsrlərdə Azərbaycanda yayılmış bu dilin (azəri dili – B.X.) İran səciyyəli olduğunu sübut etdi. Lakin o, dilçi olmadığına, mahiyyətcə İran dillərinin tarixi, müasir İran dialektləri haqqında heç bir təsəvvürə malik olmadığına görə səhv olaraq azəri dilini əski fars dili kimi müəyyənləşdirirdi”( Azərbaycan tarixi. Birinci cild. “Elm”, Bakı, 1998, s.268).

Deməli, azəri dilini İran dialektlərindən hesab edərək, onun türk dillərinə mənsub olmasını heç bir elmi əsas olmadan inkar etməyə çalışırlar. “Azərbaycan tarixi” (birinci cild) kitabında azəri dili ilə bağlı olan yanlış iddiaları aşağıdakı kimi qruplaşdırmaq olar:

  1. Azəri dilini İran dillərindən hesab etməklə İranın etnik-sosial tərkibini səciyyələndirirlər. Lakin Azəri dilinin özünün etnik mənsubluğunu saxtalaşdırırlar. Bu dilin türk etnik kökündən olmasını heç bir elmi əsas olmadan inkar etməyə çalışırlar.
  2. Azəri dili ilə talış, tat və s. dillər arasında yaxınlıq axtarmaqla yenə də məsələni siyasiləşdirirlər. Məqsəd isə bu dillərlə birgə azəri dilini də İran dillərinə daxil etməkdir. Bunula da heç bir müqayisəyə, dəlilə, sübuta uyğun gəlməyən “həqiqətlər” irəli sürürlər. Bununla da Azəri (azərbaycan) dilinin türk köklü olması mübahisəsiz qəbul olunsa da, bu dili İran dillərinə daxil edirlər.

III.   İran alimi Seyid Əhməd Kəsrəvinin İran siyasətinə xidmət edən səhv iddialarına haqq qazandırırlar. Lakin Seyid Əhməd Kəsrəvi azəri dilini fars dilinin bir qolu hesab edirsə, onlar isə azəri dilini İran dillərinə daxil edirlər. Bu barədə oxuyuruq: “Kəsrəvi azəri dilinə dair materialları ilk dəfə aşkara çıxardı, orta əsrlərdə Azərbaycanda yayılmış bu dilin İran səciyyəli olduğunu sübut etdi. Lakin o, dilçi olmadığına, mahiyyətcə İran dillərinin tarixi, müasir İran dialektləri haqqında heç bir təsəvvürə malik olmadığına görə səhv olaraq azəri dilini əski fars dili kimi müəyyənləşdirirdi” (Azərbaycan tarixi. Birinci cild. “Elm”, Bakı, 1998, s.268).

Bununla da Kəsrəvinin də, bu müəlliflərin də mövqeyi, amalı, məqsədi azəri dilini öz türk kökündən ayırmaqla yanlış və siyasiləşmiş konsepsiyaları ortalığa atmaqdan ibarət olmuşdur.

Azəri dili türk dil ailəsinə daxil olan bir dil olmaqla hal-hazırda Azərbaycan dili adlanır. Onun sosial bazasında azərbaycanlılar dayanır.

1937-ci ildən sonra Azərbaycan sözü dil və millət adı kimi təsbit olunmuşdur. Bütün bunlarla bərabər türk-azəri-azərbaycan sırası təsdiq edir ki, bu adlarla bağlı yaranmış ədəbiyyat nümunələri bir millətə (azərbaycanlılara) aiddir. Türk etnik adından başlamış diferensiallaşma ilə türk millət adını qarışdırmaq olmaz. Deməli, türk sözü ümumiləşdirici etnik termin kimi diferensiallaşmanın mənbəyidir. Bu cəhəti M.F.Köprülünün mövqeyi də açıqlaya bilir. Yeri gəlmişkən onu da qeyd edək ki, türk dillərini ümumiləşdirən etnik terminlərdən biri də tatar sözüdür. Tatar sözü ümumiləşdirici etnik termin olmaqla bərabər, həm də Azərbaycan türklərinin dilinin də adı olmuşdur. XX əsrin əvvəllərində işlənmiş tatardili, rus-tatar məktəbləri kəlmələrində tatar sözü Azərbaycan türklərinə aiddir.

F.İ.Stralenberq türk dillərini tatar dilləri də adlandırmışdır. O, “Avropa və Asiyanın şimal-şərq hissəsi” əsərində Volqaboyunda və Sibirdə yaşayan türkdilli xalqların coğrafi ərazisinə Böyük Tatar demişdir. Böyük Tatarın ərazisini isə Böyük Tatar və Kiçik Tatar deyə iki yerə bölmüşdür. Böyük Tatarda və Kiçik Tatarda yaşayan türkdilli xalqlara tatarlar, dillərinə isə tatar dilləri demişdir. Lakin burada tatar sözünün ümumiləşdirici xarakterinə aydınlıq gətirmək istərdik. Tatar (Tatar sözü barəsində geniş məlumat almaq üçün bax: Buludxan Xəlilov. Fellərin ilkin kökləri. Bakı, 1998, s.169) sözü “Kitabi-Dədə Qorqud” dastanlarında tat eri kimi işlənir: Sakalı uzun tat eri banladıqta – saqqalı uzun tat əri azan çəkdi. Burada tat eri birləşməsində tat sözü “yad”, eri isə “insan, kişi, adam” mənasındadır. Deməli, tataryad, yabançı insan (islamı, müsəlmançılığı qəbul etməyən, gec qəbul edən) mənasında olan tat eri//tat er//tat ər sözlərinin tatar formasına düşməsindən yaranmışdır. Ona görə tat eri//tat er//tat ər//tatar sözləri yad, yabançı insan mənasını bildirir.

Məlumdur ki, türklərin bir qismi islamiyyəti gec qəbul etmişdir (Türk xalqlarının bəziləri, o cümlədən xakas türkləri islam dinini qəbul etməmişdir). İslamı tez qəbul edən türklər isə onları (islamı gec qəbul edənləri) tatar –yəni “yad insan” adlandırmışlar. Türk xalqları içərisində uyğurlar müsəlmançılığı (islamı) gec qəbul edənlərdən biridir. Bu mənada M.Kaşğarinin lüğətində yazılır ki, tat sözü Toxsı və Yağma dillərində uyğur kafirlərinin adıdır (Divani lüğət-it-türk. II c., Ankara, 1992, s.280-281). Burada M.Kaşğari kafir dedikdə müsəlman olmayan uyğurları nəzərdə tutmuşdur. Məşhur türkoloq həm də yazmışdır ki, tat bütün türklərə görə, farsca danışanlardır (Divani lüğət-it-türk. II c., Ankara, 1992, s.280-281). Aydınca görünür ki, burada fars mənşəli tatlardan söhbət getmişdir. Ona görə də tatar sözündəki tat ilə fars mənşəli etnik qrupu bildirən tat sözünü qarışdırmaq heç cür mümkün deyildir. Bizə belə gəlir ki, türk xalqları içərisində ilk dəfə olaraq uyğurlar tataradlanmışdır.

M.Kaşğarinin uyğur kafirlərini (müsəlman olmayanlarını) tat adlandırması da bizim mövqeyimizin inandırıcı olduğunu təsdiqləyir. Ümumiyyətlə, türk xalqları içərisində uyğurlar müsəlmançılığı gec qəbul etmişlər. Onlar (745-840-cı illər) manihenizm adlanan dinə qulluq etmişlər. Bu din xristianlıq, məzdəklik və buddizmin qarışığından meydana gəlmişdir (Bax: Türkün qızıl kitabı. Birinci kitab, Bakı, 1992, s.138-139). Sonralar uyğurların bir qismi müsəlmançılığı qəbul edib onu Çinə yaysalar da, islamiyyəti ilk qəbul edən türk soyları onları tat (yad, yabançı insan) adlandırmışdır.

Məlumdur ki, bir çox vaxtlar azərbaycanlıları da tatar adlandırmışlar. Azərbaycan dilinə isə tatar dili demişlər. Gürcülərin əksəriyyəti azərbaycanlıları indi də tatar kimi çağırırlar. Hal-hazırda isə tatar sözü türk xalqlarından birinin adıdır. Tatar sözü Kazan, Çulım, Barabin, Tobol və s. tatarları ümumiləşdirən bir etnik termin kimi işlədilir. Yeri gəlmişkən qeyd edək ki, türk sözü də belə ümumiləşdirici etnik termindir. Müasir dünyada turk sözünə nisbətən turan sözü daha çox ümumiləşdirici etnik termin mahiyyətini kəsb etməkdədir.

Azərbaycan dili istilahı barədə

“Azərbaycan dili” termininin hansı dövrdən işlənməsi də maraq doğurur. Dilçilik elmində belə bir fikir mövcuddur ki, guya “Azərbaycan dili” termini XX əsrin 30-cu illərinin məhsuludur. Halbuki son tədqiqatlar təsdiq edir ki, bu termin ən azı 700 il bundan əvvəl işlənməyə başlanmışdır. “Azərbaycan dili” termini Məhəmməd bin Hinduşah Naxçivaninin (1292-1370) “Sihah əl-fors” lüğətində təsadüf olunmuşdur. Məhəmməd Naxçıvaninin “Sihah əl-firs” lüğəti 1328-ci ildə yazılıb başa çatdırılmışdır. Bu lüğətdə fars dilində az işlənən 2300 sözün mənası izah olunmuşdur. “Sihah əl-fors” lüğətində “Azərbaycan dili” termininin işlənməsi barədə V.Piriyev yazır: “Sihah əl-fors” lüğətində nəzərimizi cəlb edən əsas məsələ burada “zəban-e Azərbaycani”, yəni “Azərbaycan dili” istilahının işlənməsidir: Məhəmməd Naxçivani “kəpita” sözünün izahında yazır ki, bu, halvanın bir növüdür və ona “Azərbaycan dilində beyləqan deyirlər” (be zəban-e Azərbaycani bəyləqan guyənd); “coğd” sözünün müqabilində göstərilir ki, coğd bayquşun bir növüdür və “Azərbaycan dilində kəngər deyirlər” (be zəban-e Azərbaycani kəngər guyənd); “nəxiz” sözü ağac əkilmiş sahəni bildirir və “Azərbaycan dilində kərdu adlanır” (be zəban-e Azərbaycanikərdu xanənd) və s. Göründüyü kimi, lüğətdə üç yerdə “Azərbaycan dili” (kursiv bizimdir – B.X.) istilahı işlənmişdir” (V.Piriyev. “Azərbaycan dili” istilahı nə vaxtdan bəllidir? – “Ədəbiyyat” qəzeti, 17 iyul, 1992).

V.Piriyev sonradan “Azərbaycan dili” sözünün lüğətin üç yerində işlənməsini daha da dəqiqləşdirərək yazır: “Müəllif (Məhəmməd Naxçivani – B.X.) lüğətin üç yerində (s.26,77,132) farsca həmin istilahı – “zəban-e Azərbaycani” istilahını işlətmişdir” (V.Piriyev. Bir daha “Azərbaycan dili” istilahı barədə. – “Azdlıq” qəzeti, 13 may, 1995, s.8).

Çox güman ki, Məhəmməd Naxçivaninin lüğəti diqqətlə oxunsa, nəinki üç yerdə, hətta çoxlu yerdə Azərbaycan dili istilahına rast gəlmək olar.

“Azərbaycan dili” termini daha əvvəlki dövrlərdə də mövcud olmuş və Azərbaycan əhalisinin danışıq dili kimi işlənmişdir. Bu mənada Xətib Təbrizi (1030-1109) ilə Əbülüla Məərri arasındakı bir hekayənin məzmunu belədir: Xətib Təbrizi kor filosof şair Əbülüla Məərrinin dərsində əyləşmişdi. Birdən onun Təbrizli qonşularından bir neçə adam içəri girir. Bu zaman Xətib Təbrizinin onlara qanı qaynayır. Həmin bu adamlar Xətib Təbrizinin həmyerliləri olurlar. Ona görə də Xətib Təbrizi müəllimlərdən icazə alır və öz həmyerliləri ilə söhbət edir. Söhbət qurtardıqdan sonra Əbülüla Məərri Xətib Təbrizidən həmyerliləri ilə hansı dildə danışdığını soruşur. O isə cavab verir ki, azərbi dilində danışırdı. Əbülüla Məərri deyir ki, mən sizin dilinizi bilməsəm də, danışığınızı çox məmnuniyyətlə dinlədim. Sonra Əbülüla Məərri azərbi dilində olan danışığı olduğu kimi təkrar edir (Bax: M.F.Köprülü. Azəri, Bakı, 2000, s.99).

Burada azərbi sözü əslində Azərbaycan sözünün fonetik variantıdır. Mətndə isə ərəb dilində “bi-l-adər-bicidə” kəlməsi ilə yazıldığına görə dilçilər arasında müəyyən mübahisələr yaratmışdır. Lakin bu müahisələrin heç biri Azərbaycan dili termininin hələ XI əsrdə də işləndiyinə kölgə sala bilmir.

Azərbaycan dili kəlməsinin XI əsrdə işlənməsi bu ifadənin dil və ərazi adı kimi qədimliyinə bir işarədir. Azərbaycan adının həm ərazi, həm də dil adı kimi işlənməsinin özündə də heç bir uyğunsuzluq yoxdur. “Belə ki, məsələn, Çin, Koreya, Yaponiya, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tuva, Özbəkistan yer adları ilə həmin ərazilərdə yaşayan xalqların dil adları arasındakı uyğunluğu heç kəs inkar etmir” (Mübariz Yusifov. Dahi şəxsiyyətin nitq fenomenliyi. Bakı, 1997, s.16-17). Azərbaycan sözünün yer və dil adı olması hər iki mənada qədimliyin göstəricisidir.

XI yüzilin böyük türkoloqu Mahmud Kaşğarinin “Divani lüğət-it türk” adlı əsərində bir xəritə verilmişdir. M.Kaşğari həmin xəritədə XI yüzilin coğrafiyasını əks etdirmişdir. Bu xəritədə bir çox ərazilərlə yanaşı, həm də Azərbaycanın ərazisi, qonşuluqda yaşadıqları xalqlar göstərilmişdir (Divanü lüğat-it-türk (tercüməsi çevirən Besim Atalay). I c., Ankara, 1992). Xəritədə Azərbaycan adının qeydə alınması indiyə qədər tədqiqatçıların diqqətindən yayınsa da, bu faktı nəzərdən qaçırmayan da olmuş və xəritədə əks olunmuş ərazilərdən, onların xalqlarından bəhs etmişdir. Konkret olaraq xəritədə Azərbaycanla bağlı mövcud olanlar barəsində belə bir şərh yazmışdır: “Xəritədə Azərbaycan adı Azərabadkan şəklində (ərzi Azərabadkan – yəni, Azərbaycan ərazisi, Azərbaycan torpağı) yazılıb. O, (yəni Azərbaycan – B.X.) xəritədə şimal-qərb istiqamətində Xəzər dənizinin (xəritədə “bəhri Abesqun” – yəni, Abesqun dənizi. Bu, (dəniz- B.X.) Xəzərin qədim adlarından biridir) qərbində yerləşir. Cənubda Xorasan, İraq, şərqdə Rum, şimalda Xəzərlər (“Dərbəndi Xəzəran” – xəzərlərin Dərbəndi), qərbdə Şam (“ərzi əl-Şam” – Şam ərazisi, Suriya) ilə həmsərhəddir” (Xəlil Ağaverdi. 930 yaşlı xəritədə Azərbaycan. – “Xalq qəzeti”, 21 sentyabr, 2000, № 215 (23580), s.5).

Azərbaycan sözü dil adı kimi XIX əsrdə də işlənmişdir. V.V.Radlovun XIX əsrin sonu XX əsrin əvvəllərində yazılmış “Опыт словаря тюркских наречий” adlı dörd cildlik (8 kitabdan ibarət) lüğətindəki Azərbaycan ləhcəsi//dili terminini də nəzərdən qaçırmaq olmaz. Azərbaycan dili termini 1903-cü ildə N.F.Katanovun çap etdirdiyi “Uryanxay dili” adlı iki cildlik əsərində də işlənmişdir.

Azərbaycanla bağlı olan bu faktların özü də dilimizin, xalqımızın və dövlətçiliyimizin tarixi baxımından əhəmiyyətli rol oynayır. Həm də bu faktlar təkzib edir ki, Azərbaycan sözü XX əsrin 30-cu illərində meydana çıxmamış, əksinə qədim tarixi köklərə söykənmişdir. Deməli, bu sözə XX əsrin 30-cu illərinin siyasi baxışından qiymət verməyin elmi əsası yoxdur. Sadəcə olaraq elmi irsimizə və qaynaqlarımıza diqqətlə yanaşmalı, tarixi faktlara biganə qalmamalıyıq.

***

Azərbaycan sözünün mənbələrdə işlənməsi onu təsdiq edir ki, bu kəlmə ərazi və dil adı kimi tarixən mövcud olmuşdur. Lakin bu mənbələrdən xəbərsiz olanlar (bəzən isə xəbərləri olanlar heç bu mənbələrin adını da çəkməmişlər) Azərbaycan sözünün ərazi və dil adı olmasının qədim tarixi köklərini nəzərə almamış və süni şəkildə həqiqəti təhrif etmişlər. Həqiqətin təhrif olunmasında İran və Sovet tarixşünaslığının mövqeyi üst-üstə düşmüşdür. Vaxt ilə Seyid Əhməd Kəsrəvi Tehranda “Azəri, ya zəbane bostane Azərbaycan” (“Azəri, yaxud qədim Azərbaycan dili”) adlı əsər çap etdirmişdir. Başdan-ayağa cəfəng fikirlərlə dolu olan bu əsərdə Azərbaycan xalqının dili, tarixi, ərazisi qərəzli və Azərbaycanın əleyhinə olan şovinist mövqedən “tədqiq edilmiş”dir. Onun əsərində siyasi dairələrin məqsədli şəkildə apardıqları təbliğatın təsiri aydın şəkildə hiss olunur. Çox haqlı olaraq M.Hacıyev Seyid Əhməd Kəsrəvinin mənbələrə əsaslanmayan, faktlara söykənməyən bu fikrinə etiraz edir: “Yalnız bir neçə il bundan əvvəl “Qafqaz Azərbaycanı” adlanmağa başlanan Bakı vilayətinin adı Aran olmuşdur…

Əgər qafqazlı qardaşlarımız öz yeni yaranmış ölkə və millətlərinin qədim adını saxlayıb, onu “Aran” adlandırsaydılar, daha yaxşı olardı, onlara qarşı heç kəsin sözü və etirazı da ola bilməzdi. Bəzi qədim müəlliflərin “Azərbaycan” adını daha genişləndirib Aran şəhərlərini də ona daxil etmələrinə baxmayaraq, demək lazımdır ki, o vilayət heç vaxt Azərbaycan adı daşımamışdır” (Bax: Maqsud Hacıyev. Öz dilim – vicdanım, iftixarımdır. – Azərbaycan. N 8, 1990, s.166).

Deməli, Seyid Əhməd Kəsrəvi mənbələri nəzərə almadan Azərbaycan adı ilə razılaşmamışdır və Bakı vilayətinin adını Aran adlandırmışdır. Halbuki Azərbaycan ərazisi yalnız Bakı vilayətindən ibarət deyildir. Aran adına gəldikdə isə bu ad Azərbaycan ərazisinə daxil olan vilayətlərdən biridir. Həm də yuxarıda M.Kaşğarinin (XI əsr) və Məhəmməd Naxçivaninin (XIV əsr) əsərlərində, eləcə də digərlərində Azərbaycan sözünün işlənməsi təsdiq edir ki, Seyid Əhməd Kəsrəvi mənbələrə və faktlara düzgün yanaşmamışdır. Bu mənada M.Hacıyevin fikri və mövqeyi də əsaslı olduğu qədər də elmidir. O, Seyid Əhməd Kəsrəvinin dəlilsiz-sübutsuz fikrinə qarşı yazır: “…Aran adı müstəqil dövlət adı deyil, vahid Azərbaycanın bir vilayətinin adı olmuşdur. Azərbaycanın Qəzvin, Zəncan, Şamaxı, Gəncə və s. vilayətləri kimi. Ona görə də bəzi tarixçilər Azərbaycanın şimal hissəsindən bəhs edərkən, onu Aran deyil, ümumi adı ilə Aderbadakan, Azərbayqan, Azərbaycan və s. şəkillərdə adlandırmışlar. Azərbaycan adını inkar edənlər sırasında İran və Sovet tarixşünaslığının xeyli “xidmət”i olmuşdur. Bu “xidmət”də İranla Sovetlər İttifaqının mövqeyi üst-üstə düşmüşdür. İranla Sovetlər İttifaqının mövqeyinin üst-üstə düşməsi bir sıra səbəblərlə bağlı olmuşdur. Birincisi, İran heç vaxt Azərbaycanın müstəqil olmasını ürəkdən istəməmişdir. Ona görə ki, Azərbaycanın müstəqil və güclü olması İranın tərkibində olan Cənubi Azərbaycanın da müstəqillik tələb etməsi ilə nəticələnə bilər. İkincisi, Azərbaycanın müstəqil olması Sovetlər İttifaqını və onun siyasi karyerasını heç vaxt razı salmamışdır. Beləliklə, Azərbaycana olan münasibətdə İranla Sovetlər İttifaqının mənafeyi bir-birini tamamlamışdır. Həm də İranın və Sovetlər İttifaqının apardığı siyasəti qəbul edən dövlətlər də (eyni zamanda öz maraqları naminə bu məcburiyyətdə qalanlar) istər-istəməz Azərbaycana qarşı qeyri-obyektiv münasibətə haqq qazandırmışlar.

İranın hakim dairələri, millətçi şovinistləri nəinki türk dilinin, eləcə də Azərbaycan dilinin işlənməsi və yayılması arealına həmişə qısqanclıqla yanaşaraq onlara qarşı müqavimət göstərmişlər. Bununla da Azərbaycan dilini fars dilinin içərisində əritməyə çalışmışlar. İş o yerə çatıbdır ki, genetik, fonetik-qrammatik cəhətdən İran dillərindən fərqlənən Azərbaycan dilinin kökünü saxtalaşdıraraq onun İran dilinin özülü üzərində qurulması fikrində bulunublar. Bununla da, Azərbaycan dilini sıxışdırmaq, öz içərilərində əritmək, nəyin bahasına olursa-olsun bu xalqın ədəbiyyatına, mədəniyyətinə yiyə durmaq İranın siyasi dairələrinin əbədi mövqeyi olmuşdur. Əsl həqiqət isə tamam başqadır. Həqiqət əvəzinə yalan, böhtan yazmaq Kəsrəvidən başlamışdır. Sonradan isə saxta tarix yaratmaq yolunda xeyli “işlər” aparılmışdır. Artıq tarixin necə saxtalaşdırıldığı aşkar olunur, əsl həqiqət üzə çıxır. Odur ki, Nasir Purpirar “On iki əsr sükut!” adlı kitabında yazır: “Yüzlərcə sənədin qərəzsizcə araşdırılması göstərir ki, yəhudilərin sifarişi və arxa duruşu ilə Həxamənişlər (Əhəmənilər – B.X.) adı ilə “İran” tarixinə girən qövm qətiyyən yerli və “İran”lı olmamışlar. Şayəd onları yerli olmayan yeganə mühacir qəbilələr kimi anlamaq olar ki, miladdan öncə 650-ci ildə və ya daha doğrusu Babilin süqutundan qısa bir zaman öncə Babilə, Beynəlnəhrinə və sonra da “İran”a soxulmuşlar” (Nasir Purpirar. On iki əsr sükut! (çevirən: Güntay Cavanşir). Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı. Bakı, 2002, s.268).

Azərbaycan dili və tarixini saxtalaşdıranlardan biri də Əbdül Əli Karəng olmuşdur. Onun yanlış və əsassız fikirləri etirazla qarşılanmışdır: “…Əbdül Əli Karəng 1959-cu ildə İranda nəşr olunmuş bir əsərində müasir fars dilini, yaxud, İran dillərinin bir-birinə çox yaxın olan, yalnız bir sıra fonetik fərqlərlə ayrılan müasir İran dillərini Azərbaycanın türk dilinin (XI-XII əsrə qədərki dilinin) anası-özülü hesab edir.

Hal-hazırda da İranın hakim dairələri Cənubi Azərbaycanda dilimizi sıxışdırıb aradan çıxartmaq üçün az cəhd etmirlər. İndi də İranın islam hakim dairələri bu müəlliflərin əsərlərini əllərində bayraq edərək, deyirlər ki, azərbaycanlılar yenidən öz qədim dillərinə – yəni fars dilinə qayıtmalıdırlar” (Bax: Maqsud Hacıyev. Öz dilim – vicdanım, iftixarımdır. – Azərbaycan. N 8, 1990, s.168). Göründüyü kimi, azərbaycanlıların qədim dilini fars dili hesab etmək böhtançı, şovinist, millətçi təmayüldən başqa bir şey deyildir. Azərbaycan və fars dilləri bir-birindən fərqli dil ailəsinə aid olduğu halda, bunları eyni köklü dil hesab etmək dilimizin, xalqımızın tarixini göz görə-görə ağlasığmayan bir şəkildə saxtalaşdırmaqdır. Məqsəd isə aydındır. Təki azərbaycanlılara məxsus mədəniyyət, ədəbiyyat, dil etnoqrafiya və s. farslara aid edilsin, yaxud da azərbaycanlılar fars köklü bir millət kimi təqdim olunsun. Bununla da farsların siyasi dairələri Azərbaycanın maddi-mənəvi, tarixi-etnik, dövlətçilik, sosial-siyasi və s. bazasına yiyə durmaqla özlərinə zəngin bir tarix yaratmaq iddiası ilə beyinləri zəhərləyir, gərəkli tarix səhifəsini saxtakarlıqla doldururlar. Bəs onların özləri kimlərdir? Bu barədə “On iki əsr sükut!” kitabında xeyli təhlillər vardır. Təhlillərin, araşdırmaların nəticəsi kimi oxuyuruq: “İran”da qətiyyən Pars adında bir ölkə və tarixdə qətiyyən Parslar adında bir qəbilə və qövm olmamışdır. Yəhudi tarixçiləri ilə eyni görüşləri və hədəfi paylaşan öz tarixçilərimiz bu saxta sözü gündəmdə saxlamaqla, əski İran qövmlərinin viranedici vəhşi axınçı qövmə söyüş kimi söylədikləri Pars sözünü saxtalaşdıraraq və bu sözə tarixən, ifadə etmədiyi bir mənanı yükləyərək, milli vəhdət və birliyi pozmağa çalışmışlar” (Nasir Purpirar. On iki əsr sükut! (çevirən: Güntay Cavanşir). Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı. Bakı, 2002, s.273). Pars//Parse sözünün mənası barədə yazılır: “İran” xalqları bu tanınmaz, kimliksiz və qaniçən qövmü “Parse” olaraq adlandırdı. Bu ləqəb əski “İran”da, indiki “İran”da və Midiya və Elam lüğətnaməsində “dilənçi, sülənən və işğalçı” olaraq anlaşılmaqdadır. Bu ləqəbdən fars dilində “pərse zədən (veyllənmək, avaralanmaq)” sözü düzəldilmişdir və hətta İran xalqları köpəyin əsəbi hürüşünü köpəyin hürüş səsinə uyğun olaraq “Pars” adlandırmışdır” (Nasir Purpirar. On iki əsr sükut! (çevirən: Güntay Cavanşir). Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı. Bakı, 2002, s.273).

Özünü üstün tutmaq, başqa millətlərə yuxarıdan aşağı baxmaq, fars şovinizminin tarix boyu tutduğu mövqe olmuşdur. Bu, həm də İranın apardığı siyasətin tərkib hissəsində həmişə məqsədli şəkildə özünü göstərmişdir. Xüsusilə, İrandakı azərbaycanlılar və onların dili, şimaldakı azərbaycanlılar və onların qurduğu dövlət fars şovinizminin həmişə narahatçılığına səbəb olmuşdur. Tarix boyu azərbaycanlılara, Azərbaycan dilinə qısqanc münasibət hiss olunmuşdur və indi də hiss olunmaqdadır. Azərbaycanlılara və Azərbaycan dilinə bu cür düşmən münasibət barəsində bir faktı qeyd etmək yerinə düşər. Düzdür, biz bu faktın getdiyi mənbə olan “Azərbaycan” qəzetini (N 56, 8 noyabr, 1946) axtarsaq da, tapa bilmədik. Görünür ki, belə dəyərli faktların getdiyi mənbələri hansı yollasa (?!) yoxa çıxartmışlar. Ancaq bununla belə, həmin faktı ilk mənbədən əldə edə bilməsək də, burada verməli oluruq. Belə ki, doğma dilini dərin məhəbbətlə sevən Firudin İbrahimi “Ana dilimizin düşmənləri” adlı məqaləsində yazırdı: “Mənim pasportum Azərbaycan dilində yazılmışdı (Cənubi Azərbaycanda qurulmuş demokratik hökumət zamanında Azərbaycanın dövlət dili Azərbaycan dili idi. – M.H.). Fransaya viza almaq üçün mən (yəni Firudin İbrahimi – B.X.) pasportumu İranın xarici işlər nazirliyinə təqdim etdim… İdarə məmurları mənim pasportumu Azərbaycan dilində gördükdə ildırım vurmuş adamlar kimi mat qaldılar. Mənə: – Ağa, bağışlayın, biz bu pasportu qəbul edə bilmərik. Çünki, azərbaycanca yazılmışdır, bu rəsmi dil deyil – deyə pasportu əldən-ələ ötürdülər. Pasportum bütün idarələri dolandı… Pasportun Azərbaycan dilində yazılması Xarici İşlər Nazirliyi üçün çətin həll olunan bir məsələ açmış və ömürlərini idarə stolunun dalında çürütmüş bürokratlar üçün  əngəl olmuşdu” (Bax: Maqsud Hacıyev. Öz dilim – vicdanım, iftixarımdır. – Azərbaycan. N 8, 1990, s.169). Budur, Cənubi Azərbaycanda azərbaycanlılara və Azərbaycan dilinə olan münasibət. Bu cür düşmənçilik münasibətinin nəticəsidir ki, İranda 30 milyondan çox azərbaycanlının yaşamasına baxmayaraq, Azərbaycan dilində məktəb, təhsil yoxdur.

Azərbaycanın tarixi coğrafiyası indikindən qat-qat geniş areallı olmuşdur. Bunu “Azərbaycanın tarixi coğrafiyası” kitabındakı tərtib olunmuş xəritələr də təsdiq edir (Bax: Историческая география Азербайджана. “Елм”, Баку, 1987.). F.Məmmədovanın (Bax: Историческая география Азербайджана. “Елм”, Баку, 1987, s.36-41) (b.e.ə. III əsr – b.e. VII əsri), N.Vəlixanovun (Bax: Историческая география Азербайджана. “Елм”, Баку, 1987, s.74) (ərəb işğalından sonrakı dövrdə Azərbaycanın tarixi coğrafiyasını əks etdirən), M.X.Şəriflinin” (Bax: Историческая география Азербайджана. “Елм”, Баку, 1987, s.89 -91) (Azərbaycan ərazisində IX-XII əsrlərdə yaranmış feodal dövlətlərinin – Şirvanşahlar, Məzyədilər, Sacilər, Salarilər, Şəddadilər, Rəvvadilər və Naxçıvanşahlar), V.Z.Piriyevin (Bax: Историческая география Азербайджана. “Елм”, Баку, 1987, s.104-105) (Azərbaycan torpaqlarının XIII-XIV əsrlərdəki tarixi coğrafiyası), O.Ə.Əfəndiyevin (Bax: Историческая география Азербайджана. “Елм”, Баку, 1987, s.115-116) (Azərbaycanın XV-XVI əsrlərdəki tarixi-coğrafi hüdudları), Ə.Ə.Rəhmani və F.M.Əliyevin (Bax: Историческая география Азербайджана. “Елм”, Баку, 1987, s.125) (Azərbaycanda XVI əsrin sonu – XVIII əsrlərdə sərhədlər və inzibati bölgü) tərtib etdikləri xəritələr Azərbaycan tarixinə dair vacib və mühüm məlumatlar verməklə yanaşı, həm də Azərbaycan dilinin işlənmə arealının tarixən geniş olması barədə də müəyyən təsəvvürləri əhəmiyyətli dərəcədə dərinləşdirir. Yeri gəlmişkən qeyd edək ki, Manna, Midiya, Atropatena, Albaniya dövlətləri Azərbaycanın tarixi coğrafiyasının hüdudları içərisində mövcud olan dövlətlərdir.

Manna, Midiya (Maday), Atropatena, Albaniya dövlətləri Azərbaycan türklərinin dövlətləridir və orada müxtəlif etnoslar da yaşamışdır. Əgər belə demək olarsa, Mannada yaşayan Manna xalqı, Midiyada (Madayda) yaşayan Midiya (Maday) xalqı, Atropatenada yaşayan Atropaten xalqı, Albaniyada yaşayan Alban xalqı Azərbaycan türklərinin nüfuzundan, üstün mövqeyindən kənarda deyildir. Deməli, Manna, Midiya (Maday), Atropatena, Albaniya adları ümumiləşmiş ad kimi türk mənşəli tayfaların üstünlüyünə və aparıcı roluna məxsusdur, aiddir.

Azərbaycan dilinin tarixindən bəzi məqamlar

Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dilidir. 1995-ci il noyabrın 12-də referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu. Konstitusiyanın 21-ci maddəsində Azərbaycan dilinin müstəqil Azərbaycan Respublikasının dövlət dili olması məsələsi təsbit olundu. Rəsmi dövlət dili statusu almış Azərbaycan dilinin inkişafı üçün daha da münbit şərait yarandı.

Azərbaycan tarixinin yaxın keçmişində Azərbaycan dili təqib və təzyiqlərə məruz qalmış, əslində nüfuzunu, rəsmi dövlət dili kimi statusunu itirmişdi. Azərbaycan dilinə qarşı qısqanc, qərəzli və ədalətsiz münasibət 1956-cı ildə Azərbaycan Konstitusiyasında “Azərbaycanın dövlət dili Azərbaycan dilidir” maddəsi olanda da davam etmişdir. O vaxtın özündə də iclasların, qəzetlərin, rəsmi dövlət adamlarının dili Azərbaycan dili olmayıb və kargüzarlıq işləri doğma ana dilimizdə aparılmayıbdır. 1950-ci illərdəki siyasi rejim “sovet ailəsi”, “sosialist milləti”, “məzmunca sosialist, formaca milli” mahiyyət kəsb etmiş, milli təmayüllərə millətçilik damğası vurmuşdur. Bu mənada “Azərbaycan dili dövlət idarələrində”, “Yüksək dil mədəniyyəti uğrunda”, “Azərbaycan ədəbi dilinin bəzi məsələləri haqqında” və s. məqalələr 1950-ci illərdə Azərbaycan ədəbi dili və onun işləkliyi barəsində geniş təsəvvür yaradır. 1956-cı ildə yazılmış “Azərbaycan dili dövlət idarələrində” məqaləsinin məzmunundan aydın olur ki, həmin vaxt Azərbaycan xalqının dövlət idarələrində ana dilini işlətmək hüququ olsa da, reallıqda vəziyyət tamam ayrı cür idi. Məqalədə yazılır: “Respublikamızda Sovet hakimiyyətinin birinci on ili ərzində dövlət idarələrində Azərbaycan dilinin işlənməsinə xüsusi diqqət verilir və təhriflərin qarşısı alınırdı. Lakin təəssüflə demək lazımdır ki, son on beş-iyirmi ildə bu cəhətdən kobud təhriflərə yol verilmişdir. Bəzi idarələrdə və bəzi adamlarda Azərbaycan dilinə qarşı biganə, laqeyd münasibət yaranmışdır. Hələ onu demirik ki, vətəndaşların azərbaycanca olan ərizələrinə, yaxud bu və ya digər azərbaycanca olan yazılara ana dilində cavab verməyən, ya da tamamilə cavabsız buraxan bürokratlar da tapılır”. Əlbəttə, bu cür fikirlər bir şəxsin deyil, yüzlərlə ziyalımızın Azərbaycan dilinin işlənməsinə maneçilik göstərənlərə qarşı qəzəbi və etirazı, o dövrdə milli mədəniyyətin, milli dillərin inkişafına əngəl törədənlərə qarşı mübarizəsi kimi başa düşülməlidir.

Hələ keçən əsrin ortaları, 1950-ci illərdə Azərbaycan dilini yalnız məişət, ədəbiyyat dili kimi məhdudlaşdırmaq, iqtisadi, ictimai həyatın müxtəlif sahələrində, o cümlədən dövlət idarələrində geniş şəkildə işlənməsi imkanını azaltmaq meyilli qüvvələr “məharətlə” mübarizəyə girişirdilər. Onlar dövlət idarələrində məsul vəzifələr tutaraq Azərbaycan dilinin işlənməsinə laqeyd münasibət bəsləyir, ana dilimizin və bu dildə danışan xalqımızın hüquqlarını pozurdular. Bu barədə “Azərbaycan dili dövlət idarələrində” məqaləsində yazılırdı: “Belə bürokratlarla mübarizə bütün partiya və sovet təşkilatlarının, bütün vətəndaşların borcudur. Respublikanın dövlət, partiya və ictimai təşkilatlarında Azərbaycan dilinə etinasızlıq göstərən şəxslər kobud səhvə yol verirlər. Bəziləri də idarənin “xüsusiyyətini” bəhanə gətirirlər. Məsələn, deyirlər ki, Maliyyə Nazirliyi sistemində guya Azərbaycan dilini işlətmək çətindir və sair. Bu bəhanələrin əsassız və puç olduğu aydındır”. Deməli, milli dilin — Azərbaycan dilinin işlənməsinə qarşı əsassız qaydalar qoyulurdu. Halbuki həmin illərdə də Azərbaycan dili ədəbi dilin bütün tələblərinə, normalarına tam şəkildə cavab verir və lüğət tərkibinin, qrammatik quruluşunun zənginliyi baxımından dövlət dili səviyyəsində dura bilirdi.

Azərbaycan dilinin dövlət idarələrində hüquqlarını bərpa etmək istəyində olanlardan biri də Mirzə İbrahimov idi. Şübhəsiz ki, o, Azərbaycan dilinin dövlət idarələrində işlənməsinin mahiyyətini dərindən başa düşürdü. Ona görə də yazırdı: “Dövlət idarələrinin Azərbaycan dilində aparılması o demək deyildir ki, azərbaycanca bilməyən bir vətəndaşı cavabsız buraxasan, yaxud onun şikayətinə anlamadığı dildə cavab verəsən. Təbiidir ki, bu da yanlış bir hərəkət olar. Belə vətəndaşlara rus dilində cavab vermək, yəni onu başa salıb təmin etmək lazımdır”.

Azərbaycan dilinin canlı ünsiyyət vasitəsi kimi işlənmə arealı da əsas şərtlərdən sayılır. Dilin təbiəti də insanın təbiəti kimidir. Belə ki, onu qorumaqla yanaşı, qayğı göstərmək və işlənməsinə münbit şərait yaratmaq lazımdır. Bunun üçün, hər şeydən əvvəl, dilin mənəvi haqqını başa düşmək, onun hüquqi statusuna hörmət etmək, qanuni fəaliyyətini tənzim etmək ən vacib işlərdən biri sayılmalıdır. Məhz bu mənada da Mirzə İbrahimov Azərbaycan dilinin haqqını qanun çərçivəsində tələb edərək yazırdı: “Respublikanın dövlət idarələrində və ictimai təşkilatlarında işlərin azərbaycanca aparılması isə qanuni bir haldır. Çünki bir xalqın öz idarələrini ana dilində idarə etmək arzusundan təbii bir şey ola bilməz. Sovet quruluşunda bu, hər bir xalqın pozulmaz hüququdur. Bu hüquqa hörmət etmək hamının vətəndaşlıq borcudur”.

(Visited 117 times, 1 visits today)