Azərbaycanlı alimin uğurları

Respublikamızın elm və təhsil işçiləri Türkiyədən xoş xəbər almışlar: tədqiqatçı-jurnalist, Bakı Dövlət Universitetinin 1974-cü il məzunu Tamella Əliyeva Türkiyədə Muş Alparslan Universitetinin Türk dili və ədəbiyyatı kafedrasına müdir təyin edilmişdir.

Tamella Əliyeva 1974-cü ildə jurnalistika ixtisası üzrə ali təhsilini başa vurduqdan sonra Azərbaycan mətbuatında çıxış etməklə bərabər Bakı Dövlət Universitetində Dünya ədəbiyyatı kafedrasında çalışmış, Qərbi Avropa, Amerika və Avstraliya ədəbiyyatı üzrə aspiranturada oxumuş, Azərbaycan-Amerika ədəbi əlaqələri mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. T.Əliyeva BDU-nun Dünya ədəbiyyatı kafedrasında çalışdığı müddətdə bir neçə xarici ölkədə elmi konfransda iştirak etmişdir.

Tamella Əliyeva neçə ildir elmi araşdırmalarını davam etdirməklə Türkiyənin ünlü ali təhsil ocaqlarından olan Osman Qazi Universitetində çalışırdı. O, tədqiqatçı-alim kimi bu illər ərzində məruzə və çıxışları ilə Azərbaycan ədəbiyyatı barədə təkcə Türkiyədə deyil, Almaniya, Makedoniya, Norveç, Bolqarıstan, Kipr və digər ölkələrdə də geniş tanıtmalar etmişdir. Azərbaycan alimlərinin, şair və yazıçılarının əsərlərini Türkiyə türkcəsinə çevirmiş, Türkiyə və Avropada ədəbi jurnallarda Azərbaycan ədəbiyyatı haqqında elmi məqalələr nəşr etdirmişdir. Tamella Əliyeva 2013-cü ildə Osman Qazi Universitetində keçirilən müsabiqədə ən yüksək balla professor adına layiq görülmüşdür. Burada çalışdıgı müddətdə o, Azərbaycan ədəbiyyatından dərs demiş, qədim və orta əsrlərdən bu günə qədər olan Azərbaycan ədəbi nümunələrini tələbələrə sevdirmişdir. O, elmi konfranslar təşkil edərək Türkiyədə və başqa ölkələrdə Azərbaycan ədəbiyyatının nə qədər zəngin olduğunu açıqlamışdır. Gördüyü dəyərli işlərə görə professor T.Əliyeva dəfələrlə ədəbi mükafata, diplom və fəxri fərmana layiq görülmüşdür. O, Türkiyədə nəşr edilən bir neçə nüfuzlu ədəbi jurnalın redaksiya heyətinin üzvüdür.

Tamella Əliyevanın yüksək ziyalı-alim xüsusiyyətinə malik bir cəhəti də var. O, Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə daim diqqət və qayğı göstərir, onlara  mənəvi kömək olur. Buna görə 2010-cu ildə ölkəmizin Türkiyədəki səfirliyi tərəfindən “İlin müəllimi” adına layiq görülmüştür. Türkiyə və Azərbaycan arasındakı dostluğu möhkəmləndirmək məqsədilə yazdığı əsərə görə İzmirdə fəaliyyət göstərən Özgür Yayın Evi tərəfindən diplomla təltif edilmişdir.  Bu  günlərdə isə həmyerlimizə Muş Alparslan Universitetinin rəhbərliyi böyük etimad göstərərək onu universitetin Türk dili və ədəbiyyatı kafedrasına müdir təyin etmişdir.  Bu xoş xəbər münasibətilə telefon bağlantısında professor  Tamella Əliyeva bildirdi ki, Muş Türkiyənin şərqində yerləşən qədim və gözəl şəhərdir. Azərbaycanlıların çox yaşadıqları İqdır şəhərinə dörd saatlıq məsafədə yerləşir. Professor bildirdi ki, bu şəhər Azərbaycanın dağlar qoynunda yerləşən şəhərlərinə çox bənzəyir. Burada yaşayan insanların danışıqlarını eşidərkən, adətlərini görərkən özümüzü Azərbaycanda hiss edirik. Muşda faydalı elmi araşdırmalar da aparmaq mümkündür.

Hər zaman olduğu kimi, bu gün də dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlı ziyalılar vətənini, millətini, ölkəsinin elmini, ədəbiyyatını və mədəniyyətini dünyaya tanıtmaq üçün əllərindən gələni edirlər. Tədqiqatçı-jurnalist, filologiya elmləri doktoru, professor Tamella Əliyeva da həmin ziyalı xanımlarımızdandır. Alim hər söhbətində “həyatda qazandıgım bütün uğurlara görə müəllimlərimə, Azərbaycana, millətimə borcluyam” deməklə özündə ruhən bir rahatlıq tapır.

 

Rəhman SALMANLI,

“Azərbaycan”

(Visited 9 times, 1 visits today)