“Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri” rus dilində çapdan çıxıb

AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri” monoqrafiyası rus dilində çap edilib.

Kitabda ermənilərin Azərbaycan xalqına qarşı mərhələlərlə törətdikləri soyqırımı və deportasiya siyasətini ifşa edən sənədlər, Azərbaycan torpaqlarına qarşı əsassız ərazi iddiaları, bu torpaqlar uğrunda gedən mübarizə və onların nəticələri, məkrli siyasət və bu siyasətin həyata keçirilməsində ermənilərin oynadıqları mənfi rol göstərilib.

Tədqiqat əsərində arxiv sənədlərinə, dövrü mətbuat materiallarına, habelə bir çox tədqiqatçıların əsərlərinə müraciət olunaraq Azərbaycan xalqına qarşı soyqırımı siyasəti yeridən, etnik təmizləmə aparan ermənilərin Naxçıvana qarşı ərazi iddialarının əsassızlığını, ümumiyyətlə erməni millətçiləri və havadarlarının xalqımıza qarşı törətdikləri əməllərin xronoloji təhlili verilib, eyni zamanda Naxçıvan əhalisinin inadlı müqaviməti və qardaş Türkiyənin siyasi səyləri ümumiləşdirilib.

“Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları və soyqırımı siyasəti”, “Erməni daşnaqlarının Naxçıvana qarşı ərazi iddiaları və Naxçıvan əhalisinin soyqırıma məruz qalması” fəsillərində oxuculara təqdim olunan müxtəlif başlıqlı bölmələrdə başqa dövlətlərin tarixini oğurlayaraq özlərinə saxta bir tarix formalaşdıran ermənilər çox qədim tarixi keçmişə sahib olan Azərbaycana və onun ayrılmaz parçası olan Naxçıvana qarşı ərazi iddiaları ilə çıxış etdikləri, Ermənistanın Azərbaycan хalqına qarşı apardığı məqsədyönlü siyasətin və хalqımız tərəfindən heç zaman unudulmayacaq faciələrin ayrı-ayrı aspektlərinə toхunulub.

XX əsr proseslərini arxiv sənədləri vastəsilə açıq və aydın şəkildə izah edən monoqrafiyada Azərbaycan Respublikası Mərkəzi Dövlət Arxivindən, AR Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivindən və Naxçıvan Muxtar Respublikası Dövlər Arxivindən əldə olunmuş mühüm tarixi sənədlər göstərilir.

Tarixi faktlara dəqiqliklə yanaşılması, Naxçıvanla bağlı 1924-cü ilə aid olan bir xəritə haqqda məlumatın verilməsi bu günkü və gələcək nəsillər üçün əvəzsiz xidməti olan yeni nəşrin elmi dəyərini daha da artırıb.

(Visited 4 times, 1 visits today)