Füzulinin yaradıcılığına həsr olunan tədbir təşkil ediləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə M.F.Axundov adına Milli Kitabxana Beynəlxalq Muğam Mərkəzi ilə birgə Azərbaycan ədəbiyyatının klassiklərinin yaradıcılığına həsr olunmuş silsilə ədəbi-bədii musiqili məclislərin təşkili layihəsinin icrasına başlayıb.

Nazirlikdən 525.az-a verilən məlumata görə, bu silsilədən ilk tədbir klassik Azərbaycan poeziyasının “günəşi” Məhəmməd Füzulinin yaradıcılığına həsr olunacaqdır.

Poeziya və musiqinin vəhdətindən ibarət tədbirdə klassik ədəbiyyatımızın görkəmli tədqiqatçıları akademik Teymur Kərimli, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, professor Buludxan Xəlilov və digər füzulişünas alimlərin çıxışları dinləniləcək, görkəmli aktyorların ifasında Füzuli şeirləri səslənəcək və məclis boyu istedadlı müğənnilərin ifasında şairin qəzəlləri oxunacaq.

Ədəbi-bədii musiqili məclisin ilk tədbiri 02 dekabr 2016-cı il tarixində saat 11.00-da Azərbaycan Milli Kitabxanasında keçiriləcək.

(Visited 1 times, 1 visits today)