“Gümüş və onun birləşmələri” monoqrafiyası nəşr olunub

AMEA-nın Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının şöbə müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynovun “Gümüş və onun birləşmələri” monoqrafiyası nəşr olunub.

Kitabın sujet xətti iki əsas istiqamət üzrə qurulub. Birinci istiqamət gümüş haqqında ümumi məlumatı özündə əks etdirir. Belə ki, yeni nəşrdə gümüşün dövri sistemdə mövqeyi, təbiətdə yayılması, alınması, fiziki, kimyəvi xassələri, birləşmələri haqqında geniş məlumat verilir.

Əsərin ikinci istiaqməti müəllifin öz tədqiqat işini əhatə edir. Tədqiqatçı gümüşün istər ikili, istərsə də  üçlü birləşmələrini yeni üsullarla alıb, həmin birləşmələrin kimyəvi və fiziki parametrlərini öyrənib. Həmçinin aparılan tədqiqatlar nəticəsində gümüş və onun bəzi birləşmələrinin nanohissəcikləri də alınıb ki, bu da monoqrafiyada geniş şəkildə öz əksini tapır.

Müasir dövrdə günəş enerjisinin yüksək çeviriciləri kimi mis, gümüş, kadmium və talliumun üçlü halkogenidlərinə xüsusi önəm verilir. Bu sahədə müasir dövrün tələblərinə cavab verən monoqrafiya təbii sərvətləri daha dərindən öyrənmək istəyənlər üçün faydalı vəsaitdir.

(Visited 12 times, 1 visits today)