İtaliyanın Florensiya Universitetinin professoru, tanınmış tarixçi, ədəbiyyatşünas, yazıçı Franko Kardini Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı haqqında resenziya yazıb.
ATV.az-ın məlumatına görə, hazırda Avropanın bir çox aparıcı universitetləri ilə yanaşı, Harvard Universiteti ilə əməkdaşlıq edən, orta əsrlər ədəbiyyatı və mədəniyyəti, eləcə də İslam, Xristianlıq və Yəhudiliklə bağlı sivilizasiyalararası münasibətlər üzrə mütəxəssis Franko Kardini 1940-cı ildə Florensiyada dünyaya gəlib.
1970-ci illərdə elmi və bədii yaradıcılığa başlayan Franko Kardini 30-dan artıq kitabın, 140-dan artıq elmi məqalə və araşdırmanın müəllifidir. 2014-cü ildə Kamal Abdullanın İtaliyada nəşr olunan “Yarımçıq əlyazma” kitabına Franko Kardininin yazdığı ön sözü və adıçəkilən əsəri oxuyandan sonra dünya şöhrətli yazıçı Umberto Eko Azərbaycanın görkəmli yazıçısı ilə yaxından tanış olmaq arzusunu bildirib. 2015-ci ili sentyabr ayında “Yarımçıq əlyazma” romanının İtaliyada keçirilən təqdimat mərasimlərinə qatılan Kamal Abdulla Umberto Ekonun dəvəti ilə onunla evində görüşüb.
Xatırladaq ki, bu yaxınlarda İtaliyada Franko Kardininin ön sözü ilə Kamal Abdullanın “Sehrbazlar dərəsi” əsəri də işıq üzü görəcək.