Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 80 illik yubileyi qeyd olunub

Noyabrın 15-də AMEA-nın Əsas binasının Dairəvi zalında akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 80 illik yubileyinə həsr olunan elmi konfrans işə başladı.

Tədbirdə respublikada kimya sahəsi üzrə tanınmış alim və mütəxəssislər, dövlət rəsmiləri, AMEA Kimya Elmləri Bölməsinin üzvləri, KİV nümayəndələri  iştirak edirdilər.

Yubiley tədbirini giriş sözü ilə aşan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun fəaliyyət göstərdiyi müddətdə Azərbaycan elminə verdiyi dəyərli töhfələrdən söz açdı, institutun kollektivini yubiley münasibətilə təbrik etdi, konfransın işinə uğurlar arzuladı. Qeyd etdi ki, yüksəkixtisaslı kadrların hazırlanmasında və Azərbaycanda kimya elminin inkişafında Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun müstəsna rolu olmuşdur.

Sonra Kimya Elmləri Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Dilqəm Tağıyev bu elm müəssisəsinin yaranma tarixi, inkişaf mərhələləri, elmi istiqamətləri və əldə olunan mühüm nəticələr barədə məruzə ilə çıxış etdi.

Bildirdi ki, institut 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılıb. Hələ 1929-cu ildə Azərbaycana dəvət olunan SSRİ Elmlər Akademiyasının müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutunun təşkilatçısı və ilk direktoru olub. 1965-ci ildə Kimya İnstitutu Azərbaycan Elmlər Akademiyasının Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutu adlandırılıb. 2014-cü ilin aprelində Azərbaycan Respublikası Nazirlər Kabinetinin və AMEA-nın Rəyasət Heyətinin müvafiq qərarlarına əsasən institutun adı dəyişdirilərək akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu adlandırılıb.

Müasir dövrün çağırışları və kimya elmi qarşısında duran əsas vəzifələrdən danışan akademik D.Tağıyev institutun son illərdə əldə etdiyi nailiyyətləri xüsusi vurğuladı. O, impakt faktoru yüksək olan nüfuzlu jurnallarda çap olunan məqalələrin və onlara edilən istinadların sayının sürətlə artdığını, innovasiya xarakterli işlərin yerinə yetirildiyini, bəzi işlərin tətbiq olunduğunu, gələcəkdə institutun elmi simasını müəyyənləşdirəcək perspektiv elmi istiqamətlər üzrə tədqiqatların başlandığını diqqətə çatdırdı.

Akademik D.Tağıyev institutun inkişafında əvəzsiz xidmətləri olan, dünyasını dəyişmiş alimlər, onların ixtiraları, kimya elminə verdikləri töhfələr haqqında da məlumat verdi.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Gəncə Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev, Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru, dosent Qasım Məmmədovvə Nüvə Tədqiqatları Mərkəzinin rəhbəri, akademik Adil Qəribov 80 illik tarixi olan Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun çoxsahəli fəaliyyətindən, əldə etdikləri elmi nailiyyətlərdən söz açdılar.

Konfrans öz işini bölmələr üzrə davam etdirdi.

Bölmə iclaslarında kimyəvi kinetika və kataliz, kimya mühəndisliyi və texnologiyası, qeyri-üzvi kimya sahələri üzrə son illərdə respublikada aparılan elmi-tədqiqat işlərinin nəticələri və gələcək perspektivləri müzakirə edildi, müvafiq seksiyalar üzrə məruzələr dinlənildi.

(Visited 1 times, 1 visits today)