Naxçıvanlı bir neçə müəllifin bu günə qədər tədqiq olunmamış əlyazmaları aşkar edilib

AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda Naxçıvan Muxtar Respublikasına dair müxtəlif tarixi qaynaqları əhatə edən yeni əlyazma və qədim kitablar toplanılıb. Bunların içərsində Fondun balansına fars dillərində daxil edilən Rzaqulu xan Hidayətin “Riyazül Arifin” (hicri qəməri 1305-ci il Tehran), Müştəri Müstehidzadə Qarabağinin ornamentli “Riyazül aşiqin” (hicri şəms 1328-ci il İstanbul), Mir Möhsün Nəvvabın “Təzkireyi Nəvvab” (1913-cü il Bakı) adlı təzkirələrinin ilkin araşdırmaları aparılıb.

Tədqiqata cəlb edilən bu 3 təzkirədə (biblioqrafiyada) beş naxçıvanlı müəllifin həyat və yaradıcılığı haqqında bu günə qədər tədqiq olunmayan məlumatlar müəyyən edilib.

Əlyazmaların toplanması şöbəsinin rəhbəri Fəxrəddin Eylazov təzkirələrin araşdırılmasını regionun orta əsrlər dövrü üzrə tədqiqinin dərinləşməsində istifadə edilə biləcək yeni mənbə kimi qiymətləndirir. Tədqiqatçının sözlərinə görə, bu mənbələr orta əsrlər dövrü elmi mühitini yaxından izləməyə zəmin yaratması ilə yanaşı, o dövrdə regionun ədəbi dili, kitabçılıq sənəti, katiblik, təzkirəçilik və digər sahələrin öyrənilməsində əsaslı qaynaq kimi də istifadə oluna bilər.

(Visited 1 times, 1 visits today)