“Rəsul Rza bu sözləri oxuyub əsəbiləşdi…”

AMEA Dilçilik İnstitutunun Lüğətçilik şöbəsinin müdiri, Azərbaycanın tanınmış dilçi alimi, professor İsmayıl Məmmədlidən 70 illik yubileyi ərəfəsində aldığı müsahibəni təqdim edir:

 

– İsmayıl müəllim, hər şeydən öncə sizi 70 illik yubileyiniz münasibəti ilə təbrik edirik. Ömrünün böyük hissəsini ana dilinə, yazı qaydalarına həsr edən alimimiz bu illər ərzində daha çox nəyi xatırlayır:

 

– İlk iş yerimi və əlbəttə ki, Rəsul Rzanı. Fəaliyyətə Azərbaycan Sovet Ensiklopediyası redaksiyasında başlamışam, orada Elmi və ədəbi nəzarət redaksiyasında transkripsiyaçı-redaktor vəzifəsində çalışırdım. O vaxt cavan oğlan idim, 20 yaşında. Rəsul Rza baş redaktorumuz idi. Üstündən düz 50 il keçib, artıq 70 yaşıma sayılı günlər qalıb… Bir hadisə yadıma düşdü, tərcümə redaksiyasının müdiri Hüseyn Bakıxanov idi. Bilmirəm, hansı redaktor tərcümə eləmişdi: yazmışdı ki, “bitin çatma qaşları və qara gözləri var idi”. Sonra başqa bir cümlə belə tərcümə olunmuşdu: “1883-cü ildə filan buğda sortu SSRİ-yə gətirildi”. Təsəvvür edin, SSRİ qurulmamış buğda sortu SSRİ-yə gətirilib (gülür). Mənə tapşırmışdılar ki, bu cür xətaları tapıb baş redaktora təqdim edim. Mən də bu səhvləri yazıb verdim, Rəsul müəllim baxıb əsəbiləşdi, dedi ki, baho, sən demə, bitin qaşı-gözü varmış, həm də çatmaqaş, qaragöz imiş… Əlbəttə, Rəsul müəllim möhkəm danladı cavabdehləri. Sonra yanlışlığa yola verən həmin redaktorlar mənə dedilər ki, İsmayıl, xahiş edirik, bunları yazıb Rəsul müəllimə vermə, bizə de, düzəldək…

 

– Bəs, necə oldu ki, orada işləməyə başladınız?

 

– O vaxt işə götürülmə məsələsi asan deyildi. Məsələn, mən işə düzələndə təxminən 20 səhifəlik bir mətni verib dedilər ki, səhvləri tap, səbəblərini izah et, təkliflərini ver. Mən də mətni tam redaktə etdim, 3-4 səhifəlik də təkliflərimi yazıb verdim. Rəsul Rza işimi bəyənmişdi, tapşırmışdı ki, məni işə götürsünlər. Beləcə işləməyə başladım. Rəsul müəllim mənə dedi ki, valideynlərin harada yaşayır? Dedim, rayonda. Əvvəl 140 manat maaş yazmışdı mənə, sonra dedi ki, yox, bala, sən kirayə pulu da verirsən, ona görə də sənin maaşını müstəsna hal kimi 180 manat edirəm. O dövrdə həqiqətən tamam başqa cür idi. Onda mətbuat, dil məsələlərinə çox ciddi yanaşırdılar, qəzetdə səhv tapmaq olmurdu. Ancaq indi qəzeti, saytı açırsan, başlıqda belə səhv olur.

 

– Müəllim, mediada yanlışlıqlardan söz düşmüşkən, bir məsələni də aydınlaşdıraq. AZƏRTAC hər zaman dilin qorunması baxımından nümunə göstərir, Dilçilik İnstitutu da mübahisəli məsələlərdə AZƏRTAC-ın təcrübəsini məsləhət görür. Amma AZƏRTAC-da da ciddi səhvlər olur, məsələn, əlifbamızda olmayan hərflə sözlərin yazılması və s… İnstitut bu məsələləri AZƏRTAC kimi mötəbər qurumla müzakirə edirmi?

 

– Bizim əlifbamızda olmayan hərflərlə, diftonqlardan istifadə ilə xarici şirkət adının yazılması doğru deyil. Azərbaycan ədəbi dilinin yazı qaydaları buna imkan vermir. Biz transkripsiyadan oxunduğu kimi verməliyik, zəruri halda isə mötərizədə orijinalı göstərmək olar. Hesab edirəm ki, bunlar zaman keçdikcə qaydasına düşəcək. Bizdə əvvəl nə Monitorinq şöbəsi var idi, nə də “Qaynar xətt” yaradılmışdı. Ancaq bu işlər görülür, etiraf edək ki, getdikcə problemlərin həlli istiqamətində addımlar atılır, Azərbaycan dilinin inkişafına dövlət səviyyəsində diqqət var. Biz çalışırıq ki, problemləri minimuma endirək. Birdən-birə bu problemləri aradan qaldırmaq olmur, bizə vaxt lazımdır.

 

– İsmayıl müəllim, sizcə, bu problemlərin çoxalmasının səbəbi “Orfoqrafiya lüğəti”ndə hər zaman əks olunan yazı qaydalarının sayının 114-dən 38-ə endirilməsi deyilmi? Bu addım müəyyən anlaşılmazlıqların ortaya çıxmasına səbəb oldu…

 

– Haqlısınız. Bilirsiniz, lüğət təkcə akademiklər üçün yox, həm də müəllimlər, jurnalistlər, tələbələr, şagirdlər üçün hazırlanır. Hamı akademik deyil ki, bu qaydaları əzbər bilsin? Ona görə də belə hesab edirəm ki, bu normaların bərpası məsələsinə yenidən qayıtmalıyıq. O vaxt müəyyən müzakirələr getdi. Məsələn, apostrofun dilimizdən çıxarılmasına etiraz edənlər oldu. Mən də, Tofiq Hacıyev də apostrofun dilimizdən çıxarılmasını istəmirdik. Başqa xalqlar işlədir, biz niyə işlətməyək?! Əsas gətirdilər ki, guya apostrof yazı prosesini ləngidir. Nə oldu, yazıda “ü”, “ö” hərfləri, məsələn, “üzümçülük” sözünü yazarkən 8 nöqtə ləngitmədi, bir apostrof ləngitdi? Ümumiyyətlə, əlifbamızda da problemlər var, hərflərdə də müəyyən çatışmazlıq hiss olunur. Tutaq ki, “ğ” hərfi “g” hərfinin üstünə qoyulan nöqtə ilə yazılır, halbuki “ğ” hərbi “q” hərfinin qarşılığıdır. Və yaxud, “ç” hərfi “c” hərfinin ayağına artırılan işarə ilə yazılır, halbuki “c” cingiltili, “ç” kardır və qaydaya görə, kar qarşılığına düzəlişlə cingiltili qarşılığın hərfi formalaşmalıdır, yəni “c” işarəsi indiki “ç” səsini, “ç” işarəsi isə indiki “c” səsini bildirməlidir və s.

 

– Hazırda medianın dili ən çox müzakirə edilən məsələdir. Etiraf edək ki, media dilə söz qəbul edilməsi və dilin zənginləşməsində hər zaman öncül rol oynayıb. Bu baxımdan hazırda medianın dilə xidmətini necə dəyərləndirirsiniz?

 

– Media o zaman dilə xidmət edir ki, dilin norma və qaydalarına uyğun davranır, alınma sözlərin qəbulunda prinsiplərə sadiq qalır. Vaxtilə Mirzə Fətəli Axundzadə “Əkinçi” qəzetinin redaktoru Həsən bəy Zərdabiyə yazırdı ki, sizin qəzetinizin ən böyük məziyyətlərindən biri Azərbaycan dilinin orfoqrafiyasına, yazı normalarına əməl etməsidir. Xalqın danışıq dilinə yaxın bir dil ortaya qoymaq lazımdır.

 

Televiziya kanallarında tez-tez əcnəbi sözlər eşidirik. Məsələn, “bravo” sözü. Bax, bu sözün dilə zorla daxil edilməsinə nə ehtiyac var? Dilimizdə bunun qarşılığı kimi xeyli söz var: “yaşa”, “var ol”, “eşq olsun”… “Bravo”, “senyora”, “müsyö” deyəndə nə olur? Bəzi media nümayəndələri lap “Ölülər” əsərində deyildiyi kimi, savadlı görünmək üçün əcnəbi sözlərdən istifadə edirlər. Bu baxımdan yersiz alınma sözlərin əleyhinəyəm. Biz türk xalqlarının dili üçün müştərək terminologiya yaradırıq. Zəruri hallarda türk dillərindən həmin əcnəbi sözün qarşılığını götürmək daha yaxşı, dilə xidmətdir axı…

 

Amma əlbəttə, süni sözyaratmadan uzaq olmalıyıq. Az öncə bir kampaniya başlamışdılar, məsələn, “ofisiant” sözünü “süfrəçi” kimi təklif etmişdilər və s. “Süfrəçi” sözü “ofisiant”ı əvəz etmir, axı. “Süfrəçi” tamam başqa məna ifadə edir. Bu sözün dəyişməsinə xüsusi zərurətin yarandığını sanırlarsa, heç olmasa, “xörəkpaylayan” sözündən istifadə etsinlər. Bu sözü bitişik yazmaq da mümkündür. “Təzyiqölçən”, “əlüzyuyan” bitişik yazılır, “xörəkpaylayan” da bitişik yazıla bilər…

 

– İsmayıl müəllim, bir az da Dilçilik İnstitutu olaraq, hədəflərinizdən danışıq: mövcud problemlərin həlli üçün nə təklifləriniz var, nələr nəzərdə tutulur?

 

– Müəyyən planlarımız var. Biz həm orfoqrafiya, həm də terminologiya lüğəti hazırlayırıq. Bundan başqa, “Azərbaycan dilinin izahlı lüğəti”ni də tərtib etmək niyyətindəyik. Çünki “İzahlı lüğət”in son nəşrindən xeyli vaxt keçib. 2006-cı ildə görkəmli alimimiz Ağamusa Axundov mərhum professor Əliheydər Orucovun dördcildlik lüğətinin üzərində işlədi, onu təkmilləşdirdi. Bu lüğətlər 1966, 80, 83, 87-ci illərdə buraxılmışdı. Sonra biz onları yenidən işləyib 1997, 99, 2000-ci illərdə üçcildlik buraxdıq. Ancaq misalları vermədik, təkcə izahını yazdıq. Orada biz çox sözü dəyişdik, xüsusən, siyasiləşmədən bacardığımız qədər uzaq olduq.

 

Təəssüf ki, indi gücümüz azalıb, çünki böyük dilçilərimiz dünyasını dəyişdi. Çalışırıq ki, yeni lüğətləri hazırlamaqla yanaşı, cavan dilçilərimizin də yetişməsində rol oynayaq. Lüğətçi olmaq asan məsələ deyil. Gərək insanın zəngin biliyi, sözü duymaq qabiliyyəti, təcrübəsi olsun. Hər adam lüğətçi ola bilməz. Müəyyən problemlər var, ancaq dediyim kimi, biz bunları aradan qaldırmaq üçün çalışırıq…

(Visited 1 times, 1 visits today)