Seyid Şuşinski Mirzə Cəlilə 200 manat verib, “Molla Nəsrəddini” buraxdırdı

“Yada düşər xatirələr” rubrikasından növbəti yazını təqdim edir. Bu dəfə Azərbaycan muğam sənətinin ən güclü səslərindən olan xanəndə Seyid Şuşinksi haqqında iki xatirəni təqdim edəcəyik. Bu xatirələri qeyd etməkdə  məqsəd yalnız Seyidin necə güclü xanəndə olmasını və insan kimi xeyirxahlığını çatdırmaqdır.
Öncə böyük tarzən Qurban Pirimovla muğamşünas Firudin Şuşinski arasındakı dialoqa diqqət edək. Bu dialoq zamanı Seydin necə güclü xanəndə olması və insanların ona həm yüksək maddi, həm də mənəvi dəyər verməsindən söz açılır:
Qurban Pirimov: Əşi bilirsən, Ağaya necə hörmət edərdilər?!
Firudin Şuşinski: Yəni, çox pul verərdilər?
Q.P.: Nə danışırsan? Pul nədir, sən brilyantdan, daşdan-qaşdan danış. Əşi, bu ölsün, onun varlı tacirlərin, ədabaz gürcü knyazlarının toyunda oxumağını görsəydin, dəli olardın. Ona pul-zad verməzdilər ki…
F.Ş.: Bəs nə verərdilər?
Q.P: Onun başına o qədər daş-qaş tökərdilər ki, gəl-görəsən. Gözəl qadınlar barmaqlarındakı brilyant üzükləri çıxarıb, Ağanın qavalına tökərdilər. Yaxşı yadımdadı, bir dəfə Seyidlə Şuşada toyda idik. Hava isti idi. Seyid oxuyandan sonra palazqulaq beşyüzlükdən ona şlyapa düzəldib, papağın əvəzinə başına qoyub dedilər:
-Ağa, hava istidi, bu “kağız” şlyapanı qoy ki, sərin olsun.
İkinci xatirə isə bir növ birincinin davamıdır. Buradan aydın olacaq ki, Seyid varlı toylarından qazandığı pulları xeyriyyə işlərinə sərf edirmiş. Çox musiqiçilərə əl tutan, bəzilərinə geyim belə alan Seyid sən demə, Azərbaycanın böyük ziyalısı Mirzə Cəlilin də dadına çatıb. Bu barədə Mirzə Cəlilin müasiri Hacağa Abbasovun xatirələrində maraqlı fakt qeyd olunub:
“1913-cü ildə Tiflis  şəhərinə artist Mirzağa Abbasovun benefisinə getmişdik. Tiflisdə yazıçı dostumuz Cəlil Məmmədquluzadə ilə görüşdük. O, bizi evinə qonaq dəvət etdi. O zaman Tiflisdə Mirzə Cəlilin rəhbərliyi altında “Molla Nəsrəddin” nəşr edilirdi. Söhbət əsnasında Mirzə Cəlil dedi:
-Hacağa, son iki ayda jurnalımız çıxmırdı. Pulumuz olmadığına görə mətbəə nəşr etmirdi. Yaxşı ki, bu günlərdə Seyid Şuşinski Batumidən gəldi və jurnalın hər iki nüsxəsinin pulunu verdikdən sonra dübarə mənə 200 manat qızıl pul göndərdi”.
Azərbaycan mədəniyyət tarixinə aid xatirələrin toplanmasında tədqiqatçılar  Firudin Şuşinski və Aslan Kənanın  böyük xidmətləri olub.  Mətndə də bu müəlliflərin araşdırmalarından istifadə edilib.