Türkologiya elminin problemləri müzakirə edildi

Məlumdur ki, Birinci Türkoloji Qurultayın 90 illik yubiley tədbirləri ilə bağlı dünyanın nüfuzlu türkoloq alimləri ölkəmizdə səfərdədir. Bu gün qonaqların iştirakı ilə AMEA Rəyasət Heyətinin orqanı olan “Türkologiya” jurnalının redaksiyasında jurnalın baş redaktoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə ilk seminar keçirilib.

İlk seminar-məşğələ akademik Kamal Abdullanın moderatorluğu ilə baş tutub.

Tədbirdə akademik K.Abdulla bildirib ki, seminarın əsas məqsədi türkologiya elminin nailiyyətlərini və problemlərini görkəmli türkoloqların birgə iştirakı ilə müzakirə etmək, gənc türkoloqları bu elmin canlı əfsanələri ilə tanış etmək, türkologiya elminin inkişafına, onun digər elm sahələri ilə əlaqəsinin daha sıx qurulmasına və bu elm sahəsinin şaxələndirilməsinə kömək etməkdən ibarətdir: “Tədbirin əhəmiyyəti həm də ondadır ki, burada elm və təhsilin qarşılıqlı vəhdəti öz əksini tapacaq. Çalışacağıq ki, seminarlar həm də türkoloji sahədə yeni ideyaları irəli sürən və müdafiə edə bilən ciddi elmi müzakirə meydanına çevrilsin”.

İstanbul Universitetinin Türk dili və ədəbiyyatı bölməsinin rəhbəri Osman Fikri Sərtqaya görkəmli türkoloq alimlər Əhməd Cəfəroğlu və Məhərrəm Erginlə olan tanışlıq tarixçəsini, türkologiya sahəsinin böyük biliciləri ilə bağlı xatirələrini seminar iştirakçıları ilə bölüşüb. Alim türkoloji sahədə ən mühüm nəşrlərdən olan keçmiş “Sovetskaya türkologiya” jurnalının xələfi olan “Türkologiya” dərgisinin nəşri tarixi, əhəmiyyəti və türkoloji düşüncənin formalaşmasına verdiyi töhfələrdən söz açıb.

Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli Bakıda Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan beynəlxalq konfransın yüksək səviyyədə təşkil edildiyini söyləyib.

Türkoloq alim Ayşəgül Sərtqaya araşdırma mövzusu olan uyğur əlifbası, dili və ədəbiyyatı ilə bağlı fikirlərini bölüşüb.

Tədbirdə Qazi Universitetinin Türk dili və ədəbiyyatı bölməsinin rəhbəri Əhməd Bican Ercilasun, 9 Eylül Universitetinin müəllimi Gülmira Kuruoğlu, professor Fikrət Türkmən və başqaları türkologiya sahəsində toplanmış bilik və təcrübənin gələcək nəslə ötürülməsi baxımından seminarın təşkilini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, növbəti seminarın mövzusu Əhməd Bican Ercilasunun “Başlanğıcdan iyirminci əsrə – Türk dil tarixi” kitabının müzakirəsinə həsr olunacaq.

Seminarın sonunda türkoloq alimlər tələbələri maraqlandıran sualları cavablandırıblar.

(Visited 1 times, 1 visits today)