Azərbaycan Dillər Universitetinin nümayəndələri Konfutsi İnstitutlarının Dünya Konqresində iştirak ediblər

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun Çin tərəfdən direktoru xanım Li Jinhua və ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin xarici dillər kafedrasının müdiri Salman Nuriyev Konfutsi institutlarının Çinin Kunmin şəhərində keçirilən XI Dünya Konqresində iştirak ediblər.

ADU-dan bildiriblər ki, 140 ölkə üzrə 500-dən çox Konfutsi İnstitutunu təmsil edən 2400-dək nümayəndənin iştirak etdiyi konqresdə Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurası baş nazirinin müavini Liu Yandong bu institutların prioritet inkişaf istiqamətləri barədə danışıb, onların informasiya resurslarının inkişafına dəstəyinin, həmçinin yay düşərgələrinin və Konfutsi İnstitutları Gününün təsis edilməsinin əhəmiyyətini vurğulayıb.

Konqresin Böyük İpək Yolu ölkələrində Konfutsi institutlarının fəaliyyətinə həsr olunan ayrı-ayrı bölmələrdə iştirak edən nümayəndələrimiz ADU-nun tərəfdaşı olan Xucjou Universitetinin rektoru Çjan Litsin ilə görüşüblər. Ç.Litsin ADU-dakı Konfutsi İnstitutunun fəaliyyətini yüksək dəyərləndirib, bu ali məktəbin rəhbərliyinə, Konfutsi İnstitutunun müəllim və əməkdaşlarına səmərəli fəaliyyətlərinə görə minnətdarlığını bildirib.

ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru, professor Rafiq Abbasovun sözlərinə görə, universitetin Konfutsi İnstitutunun əsas fəaliyyət istiqamətlərindən biri Çinin Trans-Avrasiya iqtisadi və nəqliyyat dəhlizlərinin yaradılmasını hədəfləyən “Bir Kəmər, Bir Yol” təşəbbüsünün həyata keçirilməsində Azərbaycanın iştirakı ilə bağlı elmi araşdırmaların aparılmasıdır. O bildirib ki, ötən il ADU-nun Konfutsi İnstitutu Azərbaycanın Çin ilə siyasət, iqtisadiyyat və mədəniyyət sahəsində əməkdaşlığına həsr olunan 20-dən çox elmi seminar keçirib.

(Visited 1 times, 1 visits today)