Azərbaycan ilə İraq arasında təhsil əlaqələri genişlənir

Dekabrın 9-da Bakıdakı “Bulvar Hotel”də İraqın Azərbaycandakı səfirliyi tərəfindən ölkəmizin universitetlərində təhsil alan iraqlı tələbələrin yerli ali məktəblərin rəhbərləri ilə görüşü keçirilib.

Görüş İraq Təhsil Nazirliyinin Azərbaycanın bəzi universitetlərinin diplomlarını tanıması ilə bağlı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə İraqın Bakıdakı müvəqqəti işlər vəkili Fazil Avad əl-Şuveyli öz ölkəsi ilə Azərbaycanın əlaqələrinin, o cümlədən təhsil sahəsində əməkdaşlığın əhəmiyyətindən danışıb.

Fazil Avad əl-Şuveyli Azərbaycanın bir sıra ali təhsil müəssisələrində, o cümlədən Tibb Universitetində, Bakı Dövlət Universitetində, Dövlət Neft və Sənaye Universitetində, Xəzər Universitetində 400-dən çox iraqlı gəncin təhsil aldığını diqqətə çatdırıb. Qeyd edilib ki, həmin gənclərdən təxminən 300-ü ali məktəblərə bu il qəbul olunub.

Təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayan Fazil Avad əl-Şuveyli iraqlı tələbələrin Azərbaycan universitetlərində təhsili üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib.

Digər çıxış edənlər də Azərbaycanda təhsil alan iraqlı tələbələrə uğurlar arzulayıblar.

(Visited 4 times, 1 visits today)