Bakı Ali Neft Məktəbinin tələbələri Əbu-Dabi Neft İnstitutunda ödənişsiz magistratura təhsili ala biləcəklər

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun başçılıq etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay və Əbu-Dabi şəhərlərində səfərdə olub. Məqsəd Heriot-Vatt Universiteti (HVU) ilə əməkdaşlıq məsələlərini və Əbu-Dabi Neft İnstitutu ilə əlaqələrin qurulmasını müzakirə etmək idi.

BANM-dan AZƏRTAC-a bildiriblər ki, HVU-nun rektoru, professor Riçard Viliamsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə əməkdaşlığın strateji istiqamətləri və perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb, həmçinin mövcud əməkdaşlığın magistratura səviyyəsinədək genişləndirilməsi ilə bağlı konkret işlərin görülməsinin zəruriliyi qeyd olunub. Tərəflər, həmçinin bakalavriat təhsil səviyyəsi ilə əlaqədar olan mövcud müqaviləyə dəyişikliklə bağlı razılaşma imzalayıblar.

Səfər zamanı BANM-in nümayəndələri HVU-nun Dubay kampusunun məzun mərasimində iştirak edib, buradakı tədris binaları, auditoriyalar və laboratoriyalarla tanış olub, müəllimlərlə görüşüblər.

Əbu-Dabi Neft İnstitutunun prezidenti Tomas Hoçstetlerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bu ali təhsil ocağı və BANM arasında əməkdaşlıq imkanları müzakirə olunub, gələcəkdə Bakı Ali Neft Məktəbi tələbələrinin Əbu-Dabi Neft İnstitutunda ödənişsiz magistratura təhsili almaları barədə ilkin razılıq əldə edilib.

Sonra nümayəndə heyəti institutun tədris sistemi və laboratoriyaları ilə tanış olublar.

(Visited 1 times, 1 visits today)