BDU-da elmi konfrans

Bakı Dövlət Universitetinin Tarix fakültəsində Azərbaycanın müstəqilliyinin bərpasının və Dünya Azərbaycanlılarının Həmrəylik gününün təsis olunmasının 25 illiyinə həsr olunmuş “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda universitetdaxili I elmi konfrans keçirilib.

Konfransın açılışı Azərbaycanın dövlət himni ilə başlayıb və Azərbaycan adı uğrunda mübarizə aparan bütün tarixi şəxsiyyətlərimiz, dövlət xadimlərimiz, Vətənimizin bütövlüyü və torpaqlarımızın bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Dünya Azərbaycanlılarının Həmrəylik himni səsləndirilib.

Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev xalqımızın azadlıq mübarizəsindən, dövlət müstəqilliyimizin bərpası, dünya azərbaycanlılarının həmrəylik gününün təsis edilməsi tarixindən danışıb, konfransın məqsəd və vəzifələrini açıqlayıb.

“Azərbaycan tarixi (təbiət elmləri üzrə)” kafedrasının müdiri, dosent Mehman Abdullayev tarix elmimizin qarşısında dayanan mühüm məsələlərdən, yeni gənc tarixçilərin yetişdirilməsinin vacibliyindən bəhs edib.

Diasporla İş Üzrə Dövlət Komitəsinin nümayəndəsi Kənan Cəfərov Komitənin yarandığı gündən qarşısında duran vəzifələrdən, gördüyü işlərdən, dünyanın müxtəlif ölkələrindəki daisporlarımızın fəaliyyətindən, əldə olunan uğurlardan, yaxın gələcəkdə görülməsi vacib olan işlərdən ətraflı danışıb.

Konfransın Təşkilat Komitəsinin üzvü, “Azərbaycan tarixi (təbiət fakültələri üzrə)” kafedrasının müəllimi Arzu Məmmədova çıxışında “dünya azərbaycanlıları” anlayışına xüsusi diqqət ayırıb, kafedranın və Dünya azərbaycanlıları elmi-tədqiqat laboratoriyasının  birgə təşkilatçılığı ilə baş tutan konfransın əsas məqsədinin  ali təhsilin bakalavr, magistratura və doktorantura pillələrində təhsil alan gənclərdə araşdırmaçı keyfiyyətlərini formalaşdırmaq olduğunu qeyd edib.

Açılış mərasimindən sonra konfrans işini bölmələrdə davam etdirib, Azərbaycan mühacirəti, Azərbaycanın ərazisi və əhalisi (XIX-XXI əsrlər), Azərbaycanlılar II dünya müharibəsi illərində mövzularında məruzələr dinlənilib, geniş müzakirələr aparılıb.

(Visited 2 times, 1 visits today)