Botanika İnstitutunun əməkdaşları Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində beynəlxalq konfransda iştirak ediblər

Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əli-zadə və həmin institutun baş elmi işçisi, a.ü.f.d. Əmrah Məmmədov və gənc mütəxəssisi Xatirə Qasımova Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilən “Marginal mühitdə gələcək ərzaq və qida təhlükəsizliyi üçün Kinoanın istifadəsi” adlı beynəlxalq konfransda iştirak ediblər.

Konfrans Şoran Torpaqlarda Əkinçiliyin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (İCBA),  BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının (FAO) və Zayed Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.

Dünyanın müxtəlif ölkələrindən 200-dən çox tədqiqatçının qatıldığı konfransda Ə.Məmmədovun “Kinoanın gilli torpaqlarda duzluluq şəraitinə davamlılığı: ilk təcrübə” adlı məruzəsi dinlənilib.

Validə Əli-zadənin rəhbərlik etdiyi azərbaycanlı nümayəndə heyəti İCBA-nın general direktoru Dr. İsmahane Elouafi, İCBA-da elmi tədqiqat və həmin təşkilatın innovasiya şöbəsinin direktoru  Dr. Shoaib İsmail və Ölkə proqramları şöbəsinin direktoru (Asiya regionu) və İslam İnkişaf Bankının Ölkə Proqramları İdarəsinin (Ərəb regionu) müdiri Mohammad Jamal Al-Saati ilə görüşüb.

Görüşdə Kür-Araz ovalığında şoran torpaqların fitobərpası, kənd təsərrüfatının inkişaf etdirilməsinə yönəlmiş işlərin genişləndirilməsi üzrə müzakirələr aparılıb.

(Visited 1 times, 1 visits today)