DAA-nın vitse prezidenti, gənc alim Raqif Hüseynovun təşəbbüsü və təşkilatçılığı ilə Varşavada Gənc Alimlərin Beynəlxalq Elmi Konfransı keçirildi

Dünya Azərbaycanlıları Assambleyasının vitse-prezidenti, gənc alim Raqif Hüseynovun təşəbbüsü və təşkilatçılığı ilə Polşanın ən nüfüzlu universitetlərindən biri olan Varşava Təbiət Elmləri Universitetində 2 dekabar 2016-cı il tarixində Gənc Alimlərin Beynəlxalq Elmi Konfransı keçirildi. Konfransda Azərbaycan, Türkiyə, Polşa, Rusiya, Macarıstan, Hindistan, Qazaxıstan, Qana, Albaniya, Fillipindən olan gənc tədqiqatçı alimlər iştirak etdilər. Konfrans “Müasir dövrdə kənd təsərrüfatının və sənayenin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusuna həsr edilmişdi. Konfransı Varşava Təbiət Elmləri Universitetinin beynəlxalq əməkdaşlıq üzrə prorektoru, professor Mixal Jersi Zasada giriş sözü ilə açaraq Gənc Alimlərin Beynəlxalq Elmi Konfransını təşkil etdiyinə görə gənc alim Raqif Hüseynova öz minnətdarlığını bildirərək bu konfransın Azərbaycan və Polşa arasında olan elmi əlaqələrin inkişafına töhfə verəcəyini bildirdi. Daha sonra çıxış üçün söz konfransın təşkilatçısı olan gənc alim Raqif Hüseynova verildi. Raqif Hüseynov öz çıxışında konfrans iştirakçılarını və eyni zamanda onun dəvətini qəbul edib xaricdən gələn gənc alimləri salamlayaraq, konfransın təşkilində ona göstərilən dəstəyə görə Varşava Təbiət Elmləri Universitetinin rektoru, professor Viyeslav Biyelavskiyə öz təşəkkürünü bildirdi. O, Gəncə-2016 Avropa gənclər paytaxtı haqqında danışdı. Raqif Hüseynov çıxışının sonunda Azərbaycanın tarixini, iqtisadiyyatını, elmini, incəsənətini, mədəniyyətini özündə əks etdirən ingilis dilində olan videofilmi konfrans iştirakçılarına təqdim etdi. Həmçinin Azərbaycanla bağlı bukletlər paylanıldı. Daha sonra Varşava Təbiət Elmləri Universitetinin professorları Alina Danilovska, Maria Parlinska, Nina Drejerska çıxış edərək Azərbaycan və Polşa arasında olan elmi əlaqələrin inkişafından və bu istiqamətdə görülən işlərdən danışdılar. Konfransda Azərbaycan və Turkiyə Respublikalarının Polşada fəaliyyət göstərən Səfirliklərinin nümayəndələri Fidan Mahmudova və Omer Yazgan iştirak edərək Gənc Alimlərin Beynəlxalq Elmi Konfransının təşkil edilməsi, gənc alimlərin elmə olan marağının daha da artırılmasına və bu istiqamətdə onların gələcəkdə elmə verəcəyi töhfələrdən danışdılar. Rəsmi açılış mərasimindən sonra Konfrans öz işini plenar sessiyada gənc alimlərin təqdimatları ilə davam etdirdi. Konfransın sonunda Azərbaycanın mədəniyyəti və incəsənətinin təbliği məqsədilə Azərbaycan gecəsi təşkil olundu. Azərbaycan gecəsi çərçivəsində gənc və istedadlı pianist Gizem Kardalın ifasında Üzeyir Hacıbəyovun və Müslüm Moqamayevin bəstələrindən ibarət konsert proqramı təşkil edildi. Gizem Kardalın ifasında təşkil olunmuş konsert proqramı konfrans iştirakçılarının böyük marağına səbəb oldu. Konsert proqramından sonra Polşada yaşayan və eyni zamanda Azərbaycanı yüksək səviyyədə təbliğ edən Şövqü Musayevin təşkilatçılığı ilə Azərbaycanın milli şirniyyat növlərindən ibarət olan paxlava və şəkərbura çay dəstgahında konfrans iştirakçılarına təqdim olundu. Konfransın bağlanış mərasimində gənc alimlərə Beynəlxalq Konfransıın elmi komitəsi tərfindən sertifikat və hədiyyələr təqdim edildi. Sonda Varşava Təbiət Elmləri Universitetinin prorektoru, professor Mixal Jersi Zasada, konfransın təşkilatçısı gənc alim Raqif Hüseynov, professorlar Alina Danilovska, Maria Parlinska, Nina Drejerska, Azərbaycan Respublikasının Polşada fəaliyyət göstərən Fövqaladə və Səlahiyyətli səfirliyinin 3-cü katibi Fidan Mahmudova, Türkiyə Respublikasının Polşada fəaliyyət göstərən Fövqaladə və Səlahiyyətli səfirliyinin 1-cü katibi Omer Yazgan, təşkilati komitənin üzvü Sezen Ulaş, gənc alim Katarjina Çex Polşa mediasına konfrans haqqında geniş müsahibə verdilər.

//Akademik.Az

(Visited 9 times, 1 visits today)