Elm və təhsilin inteqrasiyası AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindəndir

Dekabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bu qurumun ümumi yığıncağı və Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə “Elm və təhsil: problemlər və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, elmi sessiyanın məqsədi Azərbaycanda elmlə təhsilin inteqrasiyası istiqamətində əldə olunmuş nailiyyətləri və qarşıda duran vəzifələri müzakirə etməkdir.

Akademik A.Əlizadə qeyd edib ki, son illər AMEA-da həyata keçirilən islahatlarin mühüm istiqamətlərindən birini elm və təhsilin inteqrasiyası təşkil edir. Artıq akademiyanın bir sıra institut və təşkilatlarında bəzi ali təhsil müəssisələrinin 20-dək baza kafedraları yaradılıb, birgə kadr hazırlığına dair əməkdaşlıq memorandumları imzalanıb.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov “Azərbaycanın dayanıqlı inkişafını təmin edən elm və təhsilin inteqrasiyası” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, bu gün Prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində müstəqil dövlətimiz inkişafını uğurla davam etdirməkdədir. Müstəqillik illərində ölkəmizdə təhsil sistemi sürətlə inkişaf edib. 1990-cı ildə respublikada 105 min tələbə kontingenti ilə cəmi 17 ali təhsil müəssisəsi fəaliyyət göstərirdisə, 2016-cı ildə ali təhsil müəssisələrinin sayı 51-ə, tələbələrin sayı isə 160 minə çatıb. Ali təhsil müəssisələrinə qəbul olunanların sayı 2016-cı ildə 1990-cı ildəkinə nisbətən iki dəfəyədək artıb. Aspiranturada, son illər isə doktoranturada təhsil alanların sayı 1990-cı ildəkindən iki dəfədən çox artaraq 2.875 nəfər təşkil edib. Hazırda ölkənin müxtəlif universitetləri və elmi təşkilatlarında 33 min insan elmi tədqiqatlarla məşğul olur ki, onlardan 12 mini fəlsəfə doktoru, 2500-ü elmlər doktorudur.

Digər çıxış edənlər də ölkəmizdə elmin, təhsilin inkişafı sahəsində həyata keçirilən islahatlardan, dövlət proqramlarından, görülən işlərdən və əldə olunan nailiyyətlərdən söz açıblar.

(Visited 1 times, 1 visits today)