İsa Həbibbəyli: “Dərsliklərdə yol verilən nöqsanların qarşısı tezliklə alınmalıdır”

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli son zamanlar orta məktəb dərsliklərində ortaya çıxan və əsasən sosial şəbəkələrdə müzakirə predmetinə çevrilmiş ciddi nöqsan və səhvlərə münasibət bildirib.

 

Komitə sədri İsa Həbibbəyli açıqlamasında deyib ki, orta məktəb dərsliklərindəki nöqsanlar ardan qaldırılmalıdır:

 

“Orta məktəb dərsliklərindəki ciddi səhvlər hökmən aradan qaldırılmalıdır. Bu məsələdə Təhsil Nazirliyi xüsusi olaraq diqqətli olmalıdır”.

 
İsa Həbibbəyli qeyd edib ki, Təhsil Nazirliyi orta məktəb dərslikləri məsələsində müəlliflərin seçimi və onlarla işləmək məsələsinə çox ciddi diqqət etməlidir:

 

“Təhsil Nazirliyi hansı ekspertlərlə işlədiyini və dərsliklərin hansı müəlliflərin və necə, hansı keyfiyyətdə yazdığını bilməlidir.

 

Çünki orta məktəb dərslikləri ilə bağlı yekun qərarı Təhsil Nazirliyinin müvafiq qurumları, idarələri verir”.

 

Parlamentin Elm və təhsil komitəsinin sədri dərsliklərdəki Azərbaycan xəritəsində mövcud olan nöqsanlara xüsusi olaraq toxunub:

 

“Xəritə Azərbaycanın milli dövlətçilik məsələsidir. Dərsliklərdəki xəritələrdə buraxılan, yol verilən nöqsanların qarşısı tezliklə alınmalıdır. Ümumiyyətlə, orta məktəb dərsliklərindəki şəkillərin, piktoqrafik materialların mətnlərə yazılara uyğun gəlməsi təmin edilməlidir”.

 

 

Xatırladaq ki, son zamanlar sosial şəbəkələrdə orta məktəb dərsliklərindəki ciddi nöqsan və səhvlərlə və dərsliklərdə Azərbaycan xəritəsinin təsvirində ciddi nöqsanların olması ilə bağlı müzakirələr gedir.

(Visited 1 times, 1 visits today)