İxtisaslaşmış universitetlərdə klasterlər yaradılacaq

Ölkədə bəzi ixtisaslaşmış universitetlərdə klasterlərin yaradılması təşviq ediləcək.

APA-nın xəbərinə görə, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə qeyd olunub ki, universitet klasterlərinin yaradılması “təhsil–tədqiqat–innovasiya” zəncirinin effektivliyini artıra bilər.

Bildirilib ki, ali təhsil sisteminin keyfiyyətinin yüksəldilməsi nəticəsində daha keyfiyyətli insan kapitalı və intellektual potensial formalaşacaq, əmək məhsuldarlığı artacaq. Universitet klasterlərinin yaradılması araşdırma və təkmilləşdirmələrin həyata keçirilməsini, elmi nəticələrin istehsala tətbiqini stimullaşdıracaq, “təhsil-elm-istehsal” əlaqələrinin səmərəliliyi yüksələcək. Klasterlərin dəstəklənməsi regionlarda insan kapitalının inkişafı üçün də əhəmiyyətlidir.

Özəl universitetlərin müstəqilliyinin artırılması və onların inkişafı üçün stimullaşdırıcı tədbirlər görüləcək. Ali təhsil haqqında qanunun və dövlət proqramının qəbul edilməsi məsələsi nəzərdən keçiriləcək.

Hazırda Azərbaycanda gənclərin ali təhsillə əhatə olunma səviyyəsi aşağıdır. Bu da uzaq perspektivdə ölkənin rəqabət qabiliyyətli və dayanıqlı inkişafına maneə törədə bilər. Yüksəkixtisaslı kadr hazırlığının əmək bazarının tələbinə və beynəlxalq ixtisas təsnifatına uyğunlaşdırılması, uzunmüddətli proqnozlaşdırma mexanizminin hazırlanması istiqamətində fəaliyyətlər, əmək bazarında diferensiallaşmış əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmlərin hazırlanması dəstəklənəcək.

(Visited 2 times, 1 visits today)