Komitə sədri: “Məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsi məsələsi qapanıb”

Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib.

Publika.az xəbər verir ki, iclasda “Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsi müzakirə olunub.

Komitə sədri İsa Həbibbəyli deyib ki, Azərbaycanda məktəbə qədər təhsil müəssisələrinin özəlləşdirilməsi barədə təklif layihədən çıxarılıb:

“Məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsi ilə bağlı müddəa ictimai narazılıq, o cümlədən deputatların etirazı səbəbindən layihə ikinci oxunuşda hazırlanarkən ləğv edilib. Bununla da Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsi məsələsi qapanıb. Amma bizim qanunvericiliyin imkan verdiyi çərçivədə istənilən xarici və daxili investorlar məktəbəqədər təhsil müəssisəsinə müvafiq yatırımlar edə bilər. Lakin bu da dövlətin nəzarəti ilə olacaq”.

İ.Həbibbəyli vurğulayıb ki, dövlət məktəbəqədər təhsil müəssisəsinə ilk növbədə işləyən tək valideynlərin, təhsil alan anaların, I və II qrup əlillərin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin, hərbi xidmətdə olan ataların uşaqları, çoxuşaqlı ailələrdən olıan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul ediləcək:

“Dövlət məktəbəqədər təhsil müəssisəsində təlim-tərbiyə alan uşaq üzrsüz səbəbdən 30 gün, üzrlü səbəbdən 60 gün müddətinə təlim-tərbiyə və tədris prosesindən yayınaraq müəssisəyə gəlmədikdə uşaq müəssisədən xaric edilir. Müstəsna hallarda yay dövrüendə 60 gündən artıq üzrlü səbəbdən və ya valideynin yazılı ərizəsi əsasında müəssisəyə gəlməməsinə icazə verilir. Məktəbəqədər təhsil müəssisəsində təhsilalanlar üçün nəzərdə tutulan ödəniş haqqı əmək bazarının tələbatına uyğun olaraq tələb-təklif prinsipi əsasında tənzimlənir”.

Komitə sədri məktəbəqədər təhsil müəssisələrində təhsil haqqının maliyyələşməsi ilə bağlı yaranan fikir ayrılıqları məsələsinə də aydınlıq gətirib:

“Bundan əvvəlki layihədə təqdim etmişdik ki, məktəbəqədər təhsil müəssisələrində hər bir uşağa görə ödənişlərin müəyyən olunması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun olsun. Nəzərə almışdıq ki, belə halda pərakəndəliyin qarşısını ala bilərik. Orta qiymətlər müəyyən olunmalı idi. Lakin birinci oxunuşdan sonra qərara alındı ki, bu məsələdə bir qədər sərbəstliyə də imkan yaratmaq lazımdır. Yəni, yuxarı hədd barədə də qərar qəbul etmək olar, ancaq təhsil müəssisələrinin özünün də maddi texniki bazası, imkanları, eləcə də verə biləcəyi təhsil nəzərə alınmalıdır. Ona görə də düşünürük ki, indiki halda məktəbəqədər təhsil müəssisəsinin təhsil haqları müəyyənləşdirilərkən bazar iqtisadiyyatına uyğun tələblər və təkliflər ortaq balans şəklində əsas götürülsün. Hələ qarşıda ikinci və üçüncü oxunuş da var. Bu müddət ərzində hər hansı dəqiqlik ola bilər. Əslində biz bunu gözləyirik”.

İ.Həbibbəyli qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrində tədris dili Azərbaycan dilidir:

“Ancaq bir çox deputatlar digər xarici dillərdə də bağçaların fəaliyyət göstərməsinə müsbət yanaşıb. Təbii ki, bu zaman Azərbaycan dili aparıcılığını qorumalıdır. Ona görə də təklifləri nəzərə alaraq, həmin müəssisələrdə xarici qrupların yaradılmasının mümkünlüyünü məqbul hesab edirik”.

Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

(Visited 1 times, 1 visits today)