Siyavuş Novruzovdan təhsillə bağlı SƏRT ETİRAZ

“Bəzi orta məktəblərdə rusdilli bölmələrin 8-ci sinfində Azəraybacan və Dağlıq Qarabağ tarixi ayrı-ayrı kitablarla tədris olunur”.

Publika.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib:

“Məgər Dağlıq Qarabağın tarixi Azərbaycan tarixi deyil? Bununla bağlı mənə tarix müəllimləri tərəfindən dəfələrlə müraciətlər olub. Oqtay müəllim, mən burada xahiş edirəm ki, sözügedən məsələyə aydınlıq gətirilsin. Belə çıxır ki, İrəvanın, Naxçıvanın tarixi də ayrı keçirilməlidir? Bu hansı formada və nəyə uyğun şəkildə tədris olunur? Xüsusilə də bunun rus dilində olması məni narahat edir. Çünki bundan istənilən an istifadə edib, deyə bilərlər ki, Azərbaycanın özündə belə Dağlıq Qarabağın tarixi ayrı dərs kimi tədris olunur və sairə. Ona görə də xahiş edirəm ki, bununla bağlı araşdırma aparılsın”.

Milli Məclisin sədri Oqtay Əsədov deputata cavabında deyib ki, bu məsələyə aydınlıq gətirilməsi mütləq lazımdır:

“Bu kitabları yazanlar üzə çıxarılmalıdır. Araşdırın görək, bunu kim yazıb!”

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov isə qeyd edib ki, bu, təxribatdır:

“Bir tarix var, o da Azərbaycan tarixidir. Buna kəskin etiraz edirik, bu təxribatın qarşısı alınmalıdır”.

(Visited 1 times, 1 visits today)