Yeni hazırlanan akkreditasiya qaydaları Nazirlər Kabinetinə təqdim olunacaq

Yeni hazırlanan akkreditasiya qaydaları bu günlərdə Nazirlər Kabinetinə təqdim olunacaq. Bu qaydaların əsas fərqi ondadır ki, ilk növbədə, təhsilin keyfiyyətinin təminatı forması yenidən müəyyənləşdiriləcək. Digər fərq isə akkreditasiya komissiyalarının tərkibi formatının dəyişdirilməsidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 2-də Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi vəzifəsini icra edən Samir Vəliyev jurnalistlərə müsahibəsində deyib.

S.Vəliyev vurğulayıb ki, hazırda akkreditasiya bir proses olaraq təhsil müəssisələrinin təhsildə keyfiyyətin təminatı istiqamətində gördüyü işlərin qiymətləndirilməsi ilə birbaşa əlaqələndirilir.

Xarici ölkələrdə distant təhsil alan tələbələrin diplomlarının tanınmaması məsələsinə toxunan S.Vəliyev deyib: “Azərbaycanda distant təhsilin mexanizmi işlənib hazırlanmadığından biz onu təhsilin bir forması kimi qəbul etmirik. Gələcəkdə Azərbaycanda distant təhsil mexanizmi müəyyənləşdirildikdən sonra həmin təhsil forması üzrə xarici ölkə universitetlərində təhsil alan tələbələrin diplomları tanınacaq. Azərbaycanın diplomlarının xarici ölkələrdə tanınması hər bir ölkənin prosedur qaydalarına uyğun olaraq həyata keçirilir”.

(Visited 1 times, 1 visits today)