“Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq” mövzusunda beynəlxalq elmi seminar işə başlayıb

Bu gün Mərkəzi Elmi Kitabxanada AMEA-nın və MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondunun birgə təşkilatçılığı ilə “Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq” mövzusunda beynəlxalq elmi seminar işə başladı.

Seminarda MDB-yə üzv ölkələrin, həmçinin Gürcüstan və Estoniyanın elmlər akademiyalarının rəhbər şəxsləri iştirak edirlər.

Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdilər.

Beynəlxalq tədbiri giriş nitqi ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq dünya ölkələri arasında elmi əlaqələrin inkişafının vacibliyindən, bu münasibətlərin genişləndirilməsi istiqamətində görülən işlərdən danışdı. Akademik A.Əlizadə seminarın ictimaiyyətin diqqətini multikulturalizm ideyalarına cəlb etmək və ölkələr arasında humanitar sahədə beynəlxalq əlaqələri gücləndirmək baxımından əhəmiyyətini qeyd etdi. Belə bir layihənin AMEA və MDB-nin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə ilk dəfə təşkil olunduğunu söyləyən alim seminarın həm də təbiət, humanitar və ictimai elmlərin öyrənilməsi istiqamətində təcrübə mübadiləsinə böyük imkanlar yaratdığını dedi.

Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Yeni mərhələdə elmi əlaqələrin inkişaf perspektivləri və ənənələr: dialoq və əməkdaşlıq” mövzusunda məruzəsini təqdim etdi. Şərqin humanist dəyərləri ilə zəngin olan Azərbaycanın Qərb maarifçiliyi istiqamətində də inkişaf etdiyini söyləyən akademik İ.Həbibbəyli bildirdi ki, respublikamız dialoqa açıq, qarşılıqlı münasibətlərə hörmətlə yanaşan və əməkdaşlıq çərçivəsində digər tərəfin maraqlarını nəzərə alan ölkə kimi tarixi inkişafını uğurla davam etdirir. Azərbaycanda elm və mədəniyyətin inkişaf tarixi barədə məlumat verən AMEA-nın vitse-prezidenti Böyük İpək Yolunun üzərində yerləşən ölkəmizdə qədim və orta əsrlərdən başlayaraq bu günədək intensiv mədəni və iqtisadi inkişaf proseslərinin getdiyini vurğuladı.

Akademik İ.Həbibbəyli vurğuladı ki, seminar bütün elmi-nəzəri əhəmiyyəti ilə müxtəlif dövrləri, fərqli coğrafiyaları təmsil edən elm adamlarının qarşılıqlı əlaqələrini formalaşdırmağa, yaxınlaşdırmağa və inkişafa xidmət etdiyi üçün multikulturalizm baxımından böyük əhəmiyyət daşıyır.

Sonra o, AMEA-nın MDB ölkələrinin aparıcı elmi mərkəzləri ilə beynəlxalq əməkdaşlıq əlaqələrindən söz açdı. MDB məkanında mədəniyyətlərarası humanitar əməkdaşlığın əhəmiyyətindən danışan natiq birlik ölkələrində təhsil, elm və mədəniyyət sahələrində dialoq, qarşılıqlı münasibətlərin inkişafı, bu sahələrdə mövcud əlaqələrin təkmilləşdirilməsi və yeni əməkdşlıq mexanizmlərinin yaradılması imkanlarından bəhs etdi.

Tədbirdə Estoniya Elmlər Akademiyasının prezidenti, akademik Tarmo Soomere “Zaman, müasir inkişaf və elmi əməkdaşlıq”, Rusiya Elmlər Akademiyasının A.M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, professor Vadim Polonski “MDB xalqlarının ədəbiyyatı və folklorunun tədqiqi sahəsində elmi əməkdaşlığın perspektivləri”, Türkmənistan Elmlər Akademiyasının prezidenti, müxbir üzv Meret Aşırbayev “Türkmənistan elmi: inkişaf perspektivləri və birgə elmi layihələrin mümkünlüyü” mövzusunda məruzələrlə çıxış etdilər.

Seminar dekabrın 20-də başa çatacaq.

(Visited 4 times, 1 visits today)