Dərslikdə Azərbaycanın dövlət siyasətinə ZİDD İNFORMASİYA: Alimlər üz-üzə

“Şeyx Məhəmməd Xiyabani qurduğu yeni dövləti “Azadistan” (Azad ölkə) adlandırdı. Onun “Azərbaycan” adına və Şimali Azərbaycana ehtiyatla yanaşmasının səbəbi, AXC hökumətinin ingilislərlə sıx əməkdaşlıq etməsi idi”.

Publika.az bildirir ki, bu ifadələr IX sinif “Azərbaycan tarixi” dərsliyində yer alıb. Ş.M.Xiyabaninin qurduğu dövlətin adını məhz Azərbaycan Xalq Cumhuriyyətinin İngiltərə hökuməti ilə münasibətlərinə uyğun seçilməsi barədə təqdimat kimə və nəyə lazımdır?

Tarix üzrə fəlsəfə doktoru Kamran Əsədovun sözlərinə görə, Şeyx Məhəmməd Xiyabani dövlətinin “Azadıstan” adlandırılması onun apardığı hərəkatla bağlı idi: “Xiyabani hərəkəti azadlıq hərəkatıdır, onun dövlət qurması ilə bağlı verilən informasiyalar tarixi həqiqət deyil. O, özünü hökumət elan edib. 9-cu sinif dərsliyində yazılan bu informasiya isə dövlət strategiyasına ziddir. Çünki Xiyabani “Azadıstan” adını Azərbaycan Xalq Cumhuriyyətinə görə adlandırmayıb. 1905-11-ci illərdə Cənubi Azərbaycanda eyni səpkidə azadlıq hərəkatı var idi. Tarixi nöqteyi-nəzərdən Azərbaycan Xalq Cumhuriyəti İngiltərənin əlaltısı deyil, müstəqil dövlət idi, xarici münasibətlərini müstəqil şəkildə həyata keçirirdi, qonşu dövlətlərlə münasibətlərini tənzimləyirdi, 1919-cu ilin mart ayına qədər 100-dən çox ölkə ilə diplomatik münasibətlər qurmuşdu. Hesab edirəm ki, 9-cu sinif Azərbaycan tarixi dərsliyində yazılan informasiya müəlliflərin diqqətindən yayınıb, Azərbaycanın dövlət siyasəti xəttinə zidd informasiyadır. Redaktorlar tərəfindən bu fikirlərə düzəliş edilməlidir. Çünki bu məlumatlarda tarixi səhvə yol verilib. Bu fikirlə sanki Azərbaycanın şimalı ilə cənubu arasında əlaqələrin olmadığı göstərilmiş olur. Halbuki, Azərbaycan Xalq Cumhuriyyəti özünün müəllimlərdən ibarət korpusunu cənubi Azərbaycana göndərmişdi”.

Tarix üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı da deyir ki, Şeyx Məhəmməd Xiyabaninin qurduğu dövləti “Azadıstan” adlandırması apardığı demokratik hərəkat ilə əlaqədardır: “Çünki o, Cənubi Azərbaycanın bütün şəhərlərində Azərbaycan Demokrat Partiyası təsis etmişdi. Ruhən, bütün ideoloji baxışlarına görə azadlıq tərəfdarı olduğu üçün dövlətinin adını da “Azadıstan” qoymuşdu. Onun dövlətinin adının Azərbaycan Xalq Cumhuriyyətinin İngiltərə münasibətləri ilə əlaqələndirilməsi doğru deyil. Çünki ingilislər bura demokratiya yox, işğalçılıq məqsədilə gəlmişdilər. Düzdür, şimalla cənub arasında münasibətlərin təsiri var idi. Lakin dərslikdə bu cür ifadənin yer almasını doğru hesab etmirəm”.

Bakı Dövlət UniversitetininTarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədov 9-cu sinif dərsliyində bu məlumatın yer almasında qəbahət görmədiyini deyir: “Çünki 8-ci sinif Azərbaycan tarixi dərsliyində İngiltərənin müstəmləkə siyasəti barədə əlavə məlumat verilir. İlgiltərə Azərbaycan münasibətləri şagirdlərə bəllidir. Sadəcə 9-cu sinif dərsliyindəki məlumatın bu formada təqdim edilməsi lazım deyil. Xiyabani o dövləti quranda İngilis qoşunları ərazimizdə yox idi. Azərbaycan üzərində mandat İngiltərə yox, İtaliyaya verilmişdi. Bu dərsi tədris edən müəllim gərək bu məlumatları bilə ki, onu da şagirdlərə başa salmağı çətinlik çəkməyə. hesab edirəm ki, orta məktəb müəllimlərinin əksəriyyətinin bunu izah etməyə savadı yetərlidir”.

 

(Visited 6 times, 1 visits today)