Həqiqi yaşam inamdan keçir

 Yazıçı dramaturq Ağarəhimlə filologiya üzrə fəlsəfə doktoru Q.Süleymanova ilə müsahibəsi

Sual: Ağarəhim müəllim sizin Kimdir günahkar hekayənizdə yaratdığınız Cəlil obrazı ilə doğmaca qardaşı Həsənin xarakterində, hadisələrə yanaşmalarında, dünyagörüşlərində, hətta, vətənə münasibələrində ciddi fərqlər özünü göstərir. Deyə bilərsizmi, eyni ailədə, eyni mühitdə boya-başa çatan, tərbiyə alan bu qardaşlar arasındakı fərqlər, təzadlar hardan doğur?

Cavab: Düşdükləri ictimai, sosial mühitdən. Hər gün görüb-götürdüklərindən. Ətrafdakıların onlara təsirindən… Bir sözlə, çox şeydən… Müharibə bölgəsində satqınların şahidi olan, hər cür haqsızlıqlarla üzləşən, düşmənin qeyri-insani hərəkətlərini öz gözləriylə görən Cəlil cəbhədəki həmkarlarını itirdikdən sonra özünün qaçqın-köçkün həyatını yaşayan ailəsinə qayıdanda təbii ki, doğmaca, kiçik qardaşı Həsəni anasından soruşur. Anası — Harda olsa, indi gələr — deyir. Kiçik oğlunun hərəkətlərini böyük oğlundan gizlətməyə çalışır. Cəlil axır ki, bütün gecəni restoranda içib-çəkən, səhər evə kefli gələn Həsənlə görüşür. Cəlil anlayır ki, sərxoş, narkoman Həsən yolunu elə azıb ki, ailəsi barədə belə düşünmür. O, ailə üzvləri ilə tez-tez dava-dalaş salmaqdan da çəkinmir. Cəlil söhbət əsnasında qardaşına düşmən tərəfdən zəbt olunan torpaqları xatırladır. Gəlişində məqsəd ona da,  tay-tuşlarına da cəbhəyə getmək çağırışı eləmək olduğunu bildirir. Həsən dərhal cavab verir: «Kimisi burda hər axşam şux gözəllərlə kef çəkəcək, kimisi də xarici ölkələrdə fərarilik eləyəcək, mən də gedib erməniyə əsir düşəcəm, ya torpaq altda çürüyəcəm? Vətən, torpaq məgər tək bizimdi?..». İki qardaş sözləri tutmayanda Həsən Cəlili «Zərrin» restoranına aparır. Xidmətçilər Cəlili restorana buraxmaq istəmədikdə Həsən işə qarışır. Cəlili də restorana buraxdırır. Zavallı Cəlil restoranda baş verən əxlaqsızlıqları gözləri ilə görür və dəhşətə gəlir. Həsən qardaşından soruşur: «Bunları nə adlandıraq? Sərhəd bölgəsindəkilərin var-dövlətini düşmən talan eləyir, buradakılarınkını da özümüzünkülər. Kimsəsizləri orda düşmən cismən qətlə yetirir, buradakıları özümüzünkülər mənən. Hansı daha dözülməzdi?.. Bu restoran sahibinin adını kimsə öyrənə bilməz. Bax, bu kef hara, yaralı vətən hara?.. Qardaş, hamımız bu cəmiyyətin övladlarıyıq. Yenə deyirəm: kimdi günahkar? Haqq suala nə cavab verəsən? Matı-mutu quruyan Cəlil əsəbiləşib ayağa qalxır. Harın övladlardan birinin təsadüfən açdığı atəş onun başından tutur. Cəlil ordaca dünyasını dəyişir. Acı da olsa budur, yaşadığımız həyatın iç üzü.

Doğma qardaşların arasındakı fərdi fərqləri araşdırsanız, güman eləyirəm, cavabı özünüz tapacaqsız.

«Dostum Vüsal», «Fətullahın sərgüzəştləri», «Yuxu», «Balaca Nicat» və başqa hekayələr də bu ideya üzərində qurulub. Bu gülüş doğuran əcaib ideyaya qulluq eləyənləri axtarsan, aramızda nə qədər desən taparsan.

Sual: Sizin yaradıcılığınızda yumoristik «Sərsəri Şükralının sevinci», «Hikkəbaz Gülsənəm», «Göyüşün toyu», «Müstəcəb və dartan» və başqa gülüş doğuran hekayələriniz çoxdu. Heç biri də bir-birinə bənzəmir. Bu, nəylə bağlıdı?

Cavab: Əvvəla, bənzəsəydilər biri kifayət elərdi. Digərlərini qələmə almağa lüzum qalmazdı. İkincisi, onların nəylə bağlılığı barədə söz demək çətindi. Yəqin ki, həyati müşahidələrimin zənginliyi ilə. Təcrübəmlə. Bilirsiz ki, mən gənclərlə tədbirlərdə, yığıncaqlarda, gəzintilərdə çox oluram. Onların da hər birinin öz xarakteri, öz dünyagörüşləri və öz baxışları var. Yəqin onlar da bu tipli hekayələrin yazılmasına material verir. Həm də mənbə rolunu oynayır. «Şər Balaş», «Şəxsi və məxfi», «Doğum günü», «Sibir əhvalatı», «Kor atın kor nalbəndi», «Təhlükəli rəylər», «Adamdan dönmə it»… hekayələrini diqqətlə nəzərdən keçirsəniz, dediklərimi təsdiqləyərsiz.

Sual: Sizin hekayələrinizin problematikası çoxşaxəli və əhatəlidi. Həm də orijinaldır. Bu, nədən irəli gəlir?

Cavab: Bu barədə uzun-uzadı fikir söyləmək, əsaslandırmaq olar. Ancaq qısa və lakonik şəkildə ərz eləyim ki, o ən başlıcası mənim həyatla təmasa girmək qabiliyyətimdən və şəxsi bacarığımdan asılıdır. İstər kənd olsun, istərsə də şəhər həyatı, hər ikisi mənə çox yaxındır. Uşaqlığım, yeniyetməliyim kənddə keçib, cavanlığım, yaşlı çağlarım şəhərdə. Bir sözlə, hər iki məkana yaxşı bələdəm. Bu bələdçilik güman eləyirəm mənə kifayət dərəcədə hadisə, əhvalat… mövzusu verə bilir. Yaradıcı fəaliyyətimə də həmçinin. Bu fikri dilə gətirməklə heç də demək istəmirəm ki, hekayələrimin məzmununun formalaşdırılması, onun qurulma texnologiyasının mükəmməlliyi, dilin zənginliklərindən istifadə bacarığım əliyülü-əladadı. Əsla yox… Mən hekayələrimdə xalqın məişətini, düşüncə tərzini, oxucuların maraq dairəsini qələmə almağa çalışmışam. «İstəyimə nail olmuşam, ya olmamışam?»ın ən yaxşı bilicisi ağlı iti oxucumdu.

Sual: Sizin «Mustəcəb və Dartan» hekayəniz qəribə süjet üzərində qurulub. O hekayə əvvəla, reallıqdan çox fantaziya təsiri bağışlayır. Orda gülüş, yumor baş alıb gedir. İbrətamiz ifadələr də çoxdur. Bu mövzu ağlınıza hardan gəlib?

Cavab: (Fikirləşir, sonra gülümsünür) Reallıq və fantaziya. Hər ikisi mənimdi. — Onlar bədii yaradıcılıqda üslubdur — desəm, məncə səhv etmərəm. Həm də onları ayırmağa ehtiyac yoxdu. Aralarında kəskin sədd çəkmək düzgün deyil. Yaradıcılıqda müəllifin əhval-ruhiyyəsi, emosiyası, şəxsi duyumu… öz işini görür. Dünən ağ, qara, solğun, bəyaz görünən hər hansı əşya, hadisə, vaqiə… bu gün əhvaldan asılı olaraq əlvan, parlaq təsiri bağışlaya bilər. Bu da şübhəsiz ortaya çıxan məhsulda özünü göstərəcək. Fantaziya reallığa söykənməli, reallıqsa onu qidalandırmalıdır. Reallıq ilkin törəmədi, ancaq həqiqətdi. Fantaziya reallığı bürüyən qiyafə olmaqla insanı qeyri-dəqiqliyə meyilləndirəndi. Maraqlıdır ki, nə qədər o, qeyri dəqiqliyə meyillənsə də, bir o qədər reallığın sığalçısıdır. Əlbəttə, bu dediklərim mənim subyektiv fikirlərimdi. Əks fikrə də hörmətlə yanaşıram. Qaldı «Müstəcəb və Dartan» hekayəsinə. Oradakı reallıq və fantaziya nəzərinizə çatdırım ki, hekayənin mövzusu, süjeti və bir də yazıçının əhvalından asılıdır. Bu baxımdan təbii ki, hekayə reallıq və fantaziya elementlərini üzə çıxarır. Təsəvvür eləyin, qonşu kənddən Müstəcəbə hədiyyə edilən Dartan adlı it ölür. İtin ilkin sahibləri (hədiyyə eləyənlər) yığışıb Müstəcəbgilə yasa — başsağlığına gəlirlər. Hələ üstəlik, ölən Dartanın bacısını da Müstəcəbə ikinci hədiyyə verirlər. Müstəcəb qonşuları, kəndliləri tərəfindən ələ salındığını anlayır. Tez arvadına deyir: «Dartanın qohum-əqrəbaları gəliblər, arvad, qoçu kəsək, ayıbdı, heç olmasa, onlar Dartanın ehsanından dadsınlar». Müstəcəb dediyi kimi də eləyir. Məclis qurur, süfrəyə rus arağı qoyur. Yemək, içmək başlanır. O, ayağa qalxıb gələnlərə təşəkkür eləyir: «Əziyyət çəkib gəlmisiz. Gəlişinizi dəyərləndirirəm… Dartan əvəzsiz itiydi. Sizə it deyim ha… Elə ki, ağzın açıb, bir-iki ağız hürdü, gurultusundan qulaq tutulardı, göy kişnərdi. Yer-göy lərzəyə gələrdi. Ayı bağırtısı, şir nəriltisi nəydi onun yanında. Sizə it deyim ha… Gələydiz, görəydiz. İtin nəsli-zatı əslmiş. Çalışın, qardaşlar, hər biriniz mənə ürəklə hədiyyə elədiyiniz itinizə bənzəyin, itinizə oxşayın. Oxşamadızsa, batdız. Cəmiyyətdə o qədər ölməli adamlar var. Onlar qaldı, Dartan getdi… Heyf, çox heyf… Sizin xatirinizi də Dartan qədər istəyirəm. Siz Dartanın bacısının əvəzinə mənə nəsli-kökünüzdən hansı nərmənazik cuvanəzəni gətirsəydiz, inanın, qəbul eləməzdim… Bilirəm, Dartan da sizdəndi, onun …bacısı da. — Ot kökü üstə bitər — deyiblər. İnanıram, sizin nəsil dələduzlar yetirməz… Neyləyim, sizsiz də. Mən şəxsən Dartan deyəndə sizi, siz ağlıma gələndə Dartanı təsəvvür eləyirəm…». Fikirləşsəniz, hər biriniz buna bənzər hadisələrlə qarşılaşdığınızı gözləriniz önünə gətirə bilərsiz. Qaldı yumora, satiraya, gülüşə… İçərisində yaşadığımız cəmiyyət, bizi əhatə eləyən mühit özü gülüşdü, yumordu… Satira atəşinə tutulmağa möhtacdı.

«Təsadüfi görüş», «Oğurluq uşaq əməliyyatı», «Mirzəqulu istirahətdə», «Behiştin təzə rəisi», «Kor atın kor nalbəndi», «Adamdan dönmə it…» hekayələri də bu qəbildəndir.

Sual: Əsərlərinizdən görünür ki, sizin insanlara inamınız azdı. Bu, nəylə bağlıdı?

Cavab: Əstəğfürullah… Məni çaşdırıb dava-dalaşa salmayın (gülür). Həyatda inandığım o qədər adamlar var ki. İnamsız yaşamaq adama cəhənnəmin zəbanələrini andırar. Həqiqi yaşam inamdan keçir.

Sual: Dahi yazıçı F.M.Dostoyevski deyir: «İnsanları yaxından tanıdıqca itlərə sevgim çoxalır». Belə olduğu halda, kimə inanasan?

Cavab: Belə bir misal da var. «Meşə çaqqalsız olmaz». Obrazlı desək, cəmiyyət də meşə kimidi. İnsanların yaxşısı da var, pisi də. Yaxşı ilə pisi ayırmaq üçün gərək həyata ayıq gözlə baxasan. Bununla belə, mən də o əqidədəyəm ki, insanlara ucdantutma inanmaq, onlara arxa çevirmək fəlakətdi. Bilirsiz ki, vəhşi öz cinsindən olanı hələm-hələm söküb dağıtmır… Təəssüf ki, insan hər an gözlənilməz fəlakətlərin törədicisi ola bilər. Bəli, bu yerdə böyük yazıçının dərin müşahidələrindən doğan o sən deyən fikrinə mən də haqq qazandırıram.

Sual: Sizin hekayələrinizdə yaltaqların, məddahların təsviri, xarakterlərinin təbii şəkildə açılışı daha maraq doğurur. «Sağ ol səni Usta Mədəd», «Diplomat», «Müsamirə konserti», «Dubliyor», «Direktorun ləbbehləri» oxucunu düşünməyə vadar eləyir. Onlarda çıxış eləyən obrazlar cəmiyyətin tör-töküntüləridir desək, bəlkə də səhv etmərik. Belə nadürüst tipləri hardan tapırsız?

Cavab: Ləyaqətli, şərəfli, saf vicdan sahibləri olduğu kimi, cəmiyyət siz deyən o, antipotlardan, tör-töküntülərdən də xali deyil. Diqqətlə fikir versək, elə nadürüst tiplər aramızda da var. Hər gün bizimlə ünsiyyətdə olurlar, eyni süfrədən yeyirlər, eyni qabdan içirlər, arxamızdan «qamçılayırlar». Onları görmək üçün gərək həssas olaq. Ayıq olaq…

Sual: Siz «Diplom bazarı»nda at oynadanlarla «Üç cibgir» hekayəsindəki cibkəsənlər arasında bir fərq görürsüzmü?

Cavab: Cibgirlər bütün zəmanələrdə olublar, olacaqlar da. Diplom bazarında at oynadanlarsa, bizim zəmanəmizin yetirmələridirlər. Bu, olduqca qorxuludu. Milləti, xalqı içindən doğrayıb tökməyə, dağıtmağa yönələn cinayətdi. Elmsiz diplomlular gələcəyimizin düşmənləridilər. Onlara qarşı amansız olmasaq, onların axırına çıxmasaq, gərək cəmiyyət yır-yığış eləsin… Başqa sözlə, biz onların qulağını kəsməsək, onlar bizim qulağımızı kəsəcəklər.

Sual: Beş-onu istisna olmaqla, Sizin qalan hekayələrinizdə ironiya, sarkazm var. Bunlar nə qədər gülüş doğursa da, hiss olunur ki, sizin şəxsi mövqeyinizdə bir sərtlik, kəskinlik var. Düzmü anlamışam?

Cavab: Ola bilər. Mən deyərdim ki, hekayələrimin hər biri formaca ironiya, yumor təsiri bağışlasa da, onlarda ümumi yaradıcılığımdakı ideya-estetik meyillərimə xas olan kəsişmələr də var. Hər bir abzasın altında insan qanını donduracaq göz yaşları da duyulmaqdadı. İstərdim, bunu təkcə böyük mütaliə mədəniyyətinə yiyələnənlər yox, həm də sıradan bütün oxucular anlayıb nəticə çıxaraydılar.

Sual: Siz məşhur «Canavar balası» hekayənizlə ədəbiyyata gəlmisiz. Sonralar onu ssenariləşdirmisiz. Sonra film də çəkildi. O sizi ictimaiyyətə tanıtdı.

Cavab: «Canavar balası» sizin dediyiniz kimi, bədii ədəbiyyata ilk qədəm qoymağımdı. Onu kinossenariyə də çevirdim. Ancaq o ideyanın hardan doğması, onun necə yazılması… məsələlərindən xəbərsizəm. Məni tanıtma baxımından o əsər özü-özünə yol açdı.

Sual: Əsərlərində insanlara bu qədər gülüş təlqin eləyən yazıçı necə olur ki, özündə bu qədər sərtlik, davranış və hərəkətlərində dönməzlik xarakterini saxlaya bilir?

Cavab: Tam əminliklə deyirəm: o sualın cavabı məndə yoxdu.

Sual: Siz yaradıcılığınızda folklor materiallarından da bol-bol istifadə edirsiz. Bu, nəylə əlaqədardır?

Cavab: Bəli, düz tutmusuz. Tez-tez folklora müraciətim, birincisi, yaradıcılığımın milli olmasına, ikincisi, qələmə aldıqlarımı aktuallışdarmağa dəlalət eləyir. Məncə, folklor materiallarında xalqın etnopsixologiyası, etnopedaqogikası, milli fəlsəfəsi, başqa sözlə, milli şüuru, milli düşüncəsi formalaşıb. Bu günkü və gələcək nəsil milli düşüncədən kənarda deyil. Folklor millətin zəki tarixi yaddaşıdı. Bədii əsərin ən ümdə vəzifələrindən biri də nəsillərə xalqın kamal dünyasını, əxlaqi-mənəvi düşüncələrini, ənənələrini… ötürməkdi.

Sual: Yazıçı ömrünü necə təsəvvür eləyirsiz?

Cavab: Bu, çox çətin, həm də mübahisəli sualdır… Yazıçı ömrü məşəqqətdi. Bəşəriyyətin dərdi-səri ilə yaşamaqdı. İnsanların ağrı-acısını içərisindən keçirməkdi. Ömrünü əridib, başqalarının ömrünə calamaqdı. Bunun üçün həm də şəxsiyyət olmaq gərəkdi. Nacins əxlaq, natəmiz mənlik, ləkəli vicdan sahibindən nə şəxsiyyət olar, nə də yazıçı. Yazıçı alçaqlığı özünə rəva görməz. Ləyaqətini qoruyub saxlar. Yazıçı mədhiyyəçilik eləməz. O, cəmiyyətə müxalifətdə dayanmalı və insanları öz ardınca çəkməyə qadir olmalıdır…

Sual: Sizin Allahla ünsiyyət, Ölüm və ölməzlik, Zəka simfoniyası, Qüdrətdən doğan nur əsərləriniz oxucularda böyük maraq doğurub. Öyrənmək istərdik, sizə ilahiyyatçı  olarmı?

Cavab (fikrə dalır): Mən Allaha inanıram. Səmavi kitabələrə ehtiramım böyükdü. Adlarını çəkdiyiniz kitabələrdə məqsədim heç də dini məsələləri açıqlamaq olmayıb. O din xadimlərinin işidi. Mənim məqsədim Allaha sığınıb dini məxəzlərdən istifadə etməklə bugünkü böhranlı, qan-qadalı cəmiyyətdə təmizləmə, daxili saflaşma, qəlbini işıqlandırma keyfiyyətləri aşılamaqdan ibarətdir.

Sual: Əsərlərinizdən birində yazırsız ki, dünyada pul və qadın imperiyasından savayı, özgə imperiya tanımıram. Maraqlıdı. Bunu necə başa düşək?

Cavab: Çox sadə, bəşər tarixində sultanların, xaqanların, fatehlərin… qanla yaratdıqları “imperiyalar” çox olub. Mənimlə razılaşarsız, hər biri pis-yaxşı, öz ömrünü yaşayıb və indi də elələri var davam etməkdədi. Şübhə eləmirəm ki, gələcəkdə də belə “imperiyalar” olacaq. Zaman gələcək qanla yarandıqları kimi, onlar tarixi zərurətdən qanla da gedəcəklər. Mənə elə gəlir ki, ilk baxışdan dünyada mürgü döyən, ancaq diqqət cəlb eləməyən, çöp altda dəyirman tikən, bildiyini biləcəyinə ötürməyən çox böyük, çox möhtəşəm və həm də çox davamlı iki imperiya olacaq: pul və qadın; yaxud, qadın və pul. Bəlkə də mənim dediklərimə təəccüblənəcəksiz. Ola bilsin ki, dediklərimi lap romantika da, fantaziya da, cəfəngiyyat da adlandıracaqsız. Sərhəd tanımayan bu imperiyalar sərbəstdirlər. Maneəsizdirlər. Hökmlüdürlər. Onlar açıb-bağlayan qapı çoxlarına sirrdi: Kimsə o qapıdan görməzə-bilməzə keçəmməz. Bu “imperiyalar” daim qarşılaşmada, çarpışmada, barışmaz mübarizədədilər. Bəzən də burun-buruna dayanıb əlverişli məqam, fürsət gözləməkdədilər. Dağıdıcılıq, qantökmə, xalqları, millətləri çaxnaşdırma… pulun, əmin-amanlıq, sülhə çağırış… isə qadının hökmünə tabedir. Hətta, kişilər də… Onu da deyim ki, “imperiya” məsələsində kişilər kiçik fiqurlardılar. Obrazlı desək böyük orduda tək əsgəri andırırlar (gülümsünərək). Pul şeytan, qadın mələkdi. Unutmayaq ki, qadın yolunu azanda bəzən o da şeytana dönür. Vay o günə ki, pul və şeytan xilqətlilər qalib gələ. Gəlsə, dünyanın göz yaşlarıyla yuyulacağına şübhə eləmirəm. Ancaq mən ona da inanıram, nə vaxtsa, dünya düzəmi yenidən qurulacaq. Dünyanı ana zirvəsinə qalxan qadınlar idarə eləyəcək. Cəmiyyət bir qütblü yaşama qədəm qoyacaq. Onda pul adlı imperiya öz gücünü itirəcək… Çoxlarının hakimi-mütləq sandığı pul imperiyası çöküb tarı-mar olacaq. Yalnız ağıla, təkrar edirəm, yalnız ağıla əsaslanan (ana xilqətli) qadın imperiyası daha da qüdrətlənəcək. Dünya möhtəşəm ağıl fonunda idarə olunacaq.

Sual: Kiçik hekayələr toplanan «Dəlinin yaddaş xəritəsi» əsərinizdə altı yüzdən çox müxtəlif məzmunlu hekayə və münatürlər var. Hər biri də maraq doğurur. Bu əsər barədə siz nə deyə bilərsiz?

Cavab: El arasından çıxan Zeynəb qarı qadın xarakterinə, məişətinə, oturuş-duruşlarına nüfuz eləyir. O, təkcə çatışmazlıqları deyil, həm də çətinliyə düşənlərə xalqın könül rübabından süzülən hikmətli söz və ifadələrlə məsləhətlər verir, doğru-dürüst yol göstərir, yüngül-dingillərini kəsərli söz silahıyla dərbədər eləyir, ələ salır, tənqid hədəfinə çevirir. Adamlar onunla hesablaşırlar. Dediklərinə əməl eləyirlər. Qarının tənqid hədəfi tək-tək sadə adamlar deyil, söz sahibləridi, hətta, bütövlükdə ictimaiyyətdi. O, heç kimdən qorxmur, çəkinmir. Qüsurunu adamın üzünə çırpa bilir. Təhsil görməyən qarı gözü açıq, həssas və hazırcavabdır. Onun aləmində hər kəs insanlığın zərrəsidi. Bir sözlə, o, açıq söz və açıq fikir sahibidir. Hər hekayədə, əhvalatda qarının xarakteri dəqiqliklə açılır, saf niyyətinin ən incə məqamları üzə çıxır… Məncə, ədəbiyyatda Zeynəb qarı obrazı uğurludur. O, öz sözünü, deyə, hikmət xəzinəsini aça bilib. Əslində bu xəzinə də qarının özünün deyil, xalqındır. O, özünə qədər deyilənləri bacarıqla seçəndi. Yüz ölçüb bir biçəndi. Dəyərləndirəndi. Ancaq cəsarətlə demək olar ki, qarının ayrı-ayrı adamlara, baş verən hadisələrə yanaşması olduqca orijinaldı. Fikirləri aydın, üslubu dərin və dəqiqdi. Ruhu xalqın kamal dünyasından ayrılmazdı.

Akademik.Az

(Visited 1 times, 1 visits today)